Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

Hər dərs bir hesabatdır

 

Hüseyn ŞAHBƏNDƏYEV,
Avropa Azərbaycan Məktəbinin
Azərbaycan dili və ədəbiyyat departamentinin rəhbəri, əməkdar müəllim

Böyütmək üçün şəkili seçin"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul olunmasından bir ildən çox vaxt keçir. Təlim prosesinin hər bir şagirdin maraqlarına cavab verməsi üçün təhsilin məzmununda yeniliklərin tətbiqi, Milli Kurikulum tələbləri əsasında qurulması həmin sənəddə təsbit olunmuş vacib şərtlərdəndir. Respublikamızda IB proqramına qoşulmaqla dünyanın  qabaqcıl təhsil yeniliklərinə açıq olan Avropa Azərbaycan Məktəbində təhsil təkcə birinci-yeddinci siniflərdə deyil, bütün siniflərdə və dərslərdə kurikulum əsaslı yanaşmalarla həyata keçirilir. Bir normativ sənəddən irəli gələn vəzifələri həyata keçirərək öz müəllim fəaliyyətimizdə metodik-yaradıcı axtarışlara geniş yer veririk. Məqsədimiz pedaqoji prosesdə əsas tərəf olan şagirdlərimizi passiv dinləyici vəziyyətindən çıxarmaq, onların malik olduqları potensiala uyğun şəkildə öz bacarıqlarını inkişaf etdirməsinə nail olmaqdır.

Məktəbimizdə pedaqoji prosesin bütün sahələrində olduğu kimi, Azərbaycan dili  və ədəbiyyat dərslərində də bu istiqamət əsas götürülür. Müəllimlərimiz yaradıcılıq axtarışları aparır, yenilikləri tətbiq edirlər. Şagirdlərin bütün dərs ərzində fəallığını təmin etməkdən ötrü forma və məzmunda müxtəlif tətbiqlər irəli sürülür. Bu günlərdə məktəbin geniş müəllim auditoriyasında (secondary) baxılıb bəyənilmiş "Mürəkkəb cümlə haqqında məlumat" mövzusunun tədrisi üçün planlaşma nümunəsinin müəllimlərə faydalı olacağını nəzərə alıb, qəzetimizə təqdim edirəm. Elə resurslar seçmişik ki, onu hər tipdən olan ümumtəhsil məktəblərində reallaşdırmaq mümkündür.

Mövzu: Mürəkkəb cümlə haqqında ümumi məlumat.

Məzmun xətləri: Dinləyib-anlama və danışma, oxu, yazı, dil qaydaları

Standartlar: 1.1.1. Danışanın mövzuya münasibətini müəyyən etmək üçün tədqiqat xarakterli suallar verir.

1.2.3. Nitq prosesində danışığı (səs seçimi, səsin ucalığı, hiss, ton) ilə ifadə tərzini (poza, jest, mimika) uzlaşdırır.

2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir.

3.1.2. Formalaşmış fikir və mülahizələrini həyat hadisələri ilə əlaqələndirərək əsaslandırır.

4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir.

Təlim məqsədləri:

1. Sadə və mürəkkəb cümlələr arasında fərqləri dərk edir.

2. Mətndə qoyulmuş ideyanı müəyyənləşdirir, nitqini zənginləşdirir.

3.  Mürəkkəb cümlə və onun növlərini mətnin içərisindən seçməyi bacarır.

4. Yazısında və nitqində mürəkkəb cümlənin növlərindən istifadə edir.

Üsul: beyin həmləsi, səsli oxuma, müzakirə, müqayisə, debat

İş forması:  Bütün siniflə iş, qruplarla iş

Motivasiya yaratmaq məqsədilə əvvəlcədən hazırladığım "Yük vaqonları"  stendinə şagirdlərin diqqətini cəlb edirəm.

 

Sual:  Sizcə, şəkildə gördüklərinizlə sadə və mürəkkəb cümlələr arasında oxşarlıq varmı?

(Bu motivasiyanı irəli sürərkən belə bir fikir əsas götürülmüşdür: elektrovoz və ya parovoz=bitmiş fikir, Vaqon =cümlə. Beləliklə, bir vaqonu daşıyan qatar bir sadə fikir, iki, üç...çox vaqonu daşıyan qatar isə mürəkkəb fikir ifadə edir).

Mülahizələr dinlənildikdən sonra tədqiqat sualı qoyulur:

Tədqiqat sualı: Mürəkkəb cümlə nədir və hansı növləri var?

Sinifdəki şagirdlər 4 qrupa bölünür və onlara tədqiqat məqsədilə əxlaqi-tərbiyəvi məzmunlu aşağıdakı mətn təqdim olunur:

Qonşuluq

Qonşuluq insan münasibətlərində mühüm yer tutur. İnsan yeni bir məhəlləyə köçərkən indiyədək görmədiyi insanlarla tanış olur. Qonşuluq elədir ki, qohumluğu andırır. Dünyaya gələndə qohumlarımızı, burada da qonşuları hazır tapırıq.

Qonşuluq qohumluqdan və dostluqdan fərqlənir. Qohumu bəyənməsəniz, onunla əlaqəni kəsmək olar. Lakin qonşuluğun fərqli xüsusiyyəti odur ki, hər bir halda onlarla mehriban olmalısınız. Qonşu var ki, dostdan da yaxşıdır. Dostdan inciyəndə ondan küsüb ayrıla bilirsiniz. Qonşudan isə ayrıla bilməzsiniz.

Kimin ki yaxşı qonşusu var, bəxti gətirib. Deməli, ən yaxın adamı yanındadır. Bilir ki, sevincini bölüşməyə, acısını unutdurmağa adamı var. Əqrəbası, dostu gəlincə qonşusu başının üstündədir. Atalar nahaq yerə deməyiblər ki, uzaq qohumdan yaxın qonşu yaxşıdır.

Mətnlə iş: 1. (Şagirdlərə mətni səsli oxu ilə oxuyacağımızı bildirirəm. Mətnin bir hissəsini nümunə olaraq oxuyuram. Sonra hər abzası bir şagird oxuyur).

* Şagirdlərə oxu zamanı səs seçimi və səsin tonu, jest  və mimika haqqında diqqətli olmalarını xatırladıram.

* Şagirdlərə kiçik rəngli kağızlar paylayıram və mətndə qara rənglə verilmiş sözlərin mənasını izah etməyi tapşırıram.

2. Mətnin tam dərk olunması və anlaşılması üçün qruplara A4 vərəqlər də paylayır və suallara yazılı cavab hazırlamağı tapşırıram:

- Mətndə əsas fikir nədən ibarətdir?

- "Dünyaya gələndə qohumlarımızı, burada da qonşuları hazır tapırıq" cümləsini necə izah edərdiniz?

- Dünyada gedən yadlaşma qonşuluq münasibətlərinə necə təsir edir?

- Qonşuluqda nəyi yaxşılaşdırmaq istəyərdiniz?

Mətn üzərində məzmunla bağlı iş apardıqdan sonra şagirdlərə yeni dərsin mövzusunu xatırladıram. Dərsin izahından əvvəl şagirdlərə proyektorla bəzi terminlər və ya açar sözlər - cümlə, qrammatik əsas, tabesizlik, tabelilik... təqdim olunur.

Müəllimlər üçün xatırlatma: Açar sözlər termin kimi şagirdlərə aşağı siniflərdən tanışdır. Hər açar sözün izahını  bir qrupa tapşırıram. Həmin terminlərə aid şagirdlər bildiklərini söylədikdən sonra ümumiləşdirir və yeni dil qaydasına keçirəm-mürəkkəb cümlə haqqında məlumat verirəm. Müəllimin izahı zamanı əvvəlcədən Flipçatda yazdığım aşağıdakı cümlələrə şagirdlərin diqqətini cəlb edirəm:

1. Fərid deyir ki, gözləməsin.

2. Hava birdən tutuldu və yağış yağmağa başladı.

3. Anar çox çalışır, müəllimlər onu yüksək dəyərləndirirlər.

4. Harada  iş birliyi var, orada nailiyyət də var.

Şagirdlər cümlələrin qrammatik əsaslarını göstərir, onların quruluşca növünü, aralarında tabelilik və ya tabesizlik əlaqəsi olduğu haqqında fikirlər söyləyirlər.

Cümlələr üzərində qrammatik araşdırmaları şagirdlərin iştirakı ilə yekunlaşdırıram.

Yenidən mətnlə işə qayıdıram (hər qrupa bir iş vərəqi paylayıram).

İş vərəqi-1.

Mətndəki mürəkkəb cümlələri seçib yazın.

İş vərəqi-2.

Mətnə əlavələr edin. "Mənə elə gəlir ki...", "Belə düşünürəm kiE" sözlərindən istifadə edin.

İş vərəqi 3.

Sadə və mürəkkəb cümlələrin fərqli xüsusiyyətlərini göstərin.

İş vərəqi 4.

Mətndə qəsdən buraxılmış durğu işarələrini artırın və səbəbini izah edin.

(Qruplarla işə nəzarət edir, köməklik göstərirəm. Qrup işlərinin nəticəsi şagirdlərin təqdimatında sinfə çatdırılır)

Nəticə və ümumiləşdirmə:

Şagirdlərin fikir mübadiləsindən sonra bir daha mürəkkəb cümlə haqqında çalışmalardan biri əsasında ümumiləşdirmə aparıram.

Müstəqil oxumağa yönəltmə məqsədilə ev tapşırığı verirəm:   Qonşuluq haqqında atalar sözü və aforizmlər toplamaq, bu zaman mürəkkəb cümlələri fərqləndirmək. 

Qiymətləndirmə.

Meyarlar

5

4

3

2

1

1.             Oxu zamanı dinləmə mədəniyyəti

 

 

 

 

 

2.             Səsinin aydınlığı və ucalığı, mimika və jestlərin təsirliliyi

 

 

 

 

 

3.             Dil qaydalarını tətbiq etməsi

 

 

 

 

 

4.             Müstəqil fikir yürütmə bacarığı

 

 

 

 

 

5.             Cümlələri məntiqli, yazısı aydındır

 

 

 

 

 

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov