Qəbələ Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan
məlumatda bildirilir ki, şagirdlər yol hərəkəti
qaydaları barədə məlumatlandırılıblar. Şəhər 1 nömrəli
orta məktəbdə bununla bağlı keçirilən tədbirdə çıxış
edənlər yol-nəqliyyat hadisələrinin və təhlükəli
davranış vərdişlərinin qarşısının alınması istiqamətində
məktəblilərin maarifləndirilməsinin vacibliyindən
danışıblar. "Yol hərəkəti qaydaları haqqında" Qanunun
əsas müddəaları barədə iştirakçılara məlumat verilib,
avtomobil sürücülərinin, velosipedçilərin və piyadaların
üzərinə düşən vəzifələr izah edilib.
Rayon polis şöbəsinin yol polisi bölməsinin və "RR-77
Avto Klub" İctimai Birliyinin əməkdaşları yol
hərəkətində şagirdlərin davranış qaydalarından danışaraq
bildiriblər ki, bütün məktəblilər piyadaların yol
hərəkəti qaydalarını ətraflı öyrənməli, onlar küçədə,
nəqliyyat vasitələrinin hərəkəti zamanı intizam
qaydalarına ciddi əməl etməlidirlər. Tədbirdə yol
hərəkəti qaydaları ilə bağlı videoçarx da göstərilib. |