Bakıdakı
Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadə adına 164
nömrəli tam orta məktəbdə "Kiçik akademiya" fəaliyyət
göstərir. Bu, yaradıcılıq və elmi-tədqiqat işlərinə
meyil və maraq göstərən, bu sahədə potensial imkanları
ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyidir.
"Kiçik Akademiya" çərçivəsində istedadlı şagirdlərlə iş
üzrə nəzərdə tutulan tədbirlər, o cümlədən fənn
olimpiadaları, müsabiqələr, toplantılar, elmi-təcrübi
konfrans və seminarlar keçirilir. Məktəbin direktoru
Kəmalə Qədirova "Kiçik Akademiya"nın fəaliyyətinə diqqət
yetirir və onun keçirdiyi konfranslarda iştirak edir.
Şagirdlərə öz tövsiyələrini verir, təcrübəli
müəllimlərin bu işə cəlb olunmasına şərait yaradır.
Burada əsasən öz arzularına görə elmi-tədqiqat
fəaliyyətinə meyil və maraq göstərən VII-XI sinif
şagirdləri iştirak edirlər. Şagirdlər Azərbaycan dili
və ədəbiyyat, coğrafiya, fizika, ingilis dili, tarix
fənləri üzrə qruplarda fəaliyyət göstərirlər.
Müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş
istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə,
referat və hesabatlar hazırlayırlar. "Kiçik Akademiya"
üzvləri tez-tez "dəyirmi masa"lar keçirir ki, bu da
şagirdlərin elmi yaradıcılığa marağını artırır, onların
tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir. Şagirdlər
həm fərdi, həm də kollektiv şəkildə tədqiqatlar
aparırlar. Şagirdlərə bu işdə dəstək olan məktəbin
tədris işləri üzrə direktor müavini Nazimə
Zeynalova və "Kiçik Akademiya"ya rəhbərlik edən
məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə
Bağırova bu birliyin elmi-tədqiqat fəaliyyətinə meyilli
olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaqda,
mövcud yaradıcı potensialları nəzərə alınmaqla onların
gələcək peşə istiqamətlərini müəyyənləşdirməkdə mühüm
rol oynayacağına ümid edirlər. "Kiçik Akademiya"nın
üzvlərindən Azərbaycan dili və ədəbiyyat qrupunda
fəaliyyət göstərən Zeynal Rəşidli, Aysel Qarayeva ali
məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə
ediblər.
Noyabrın 3-də "Kiçik Akademiya"nın üzvləri 9 noyabr -
Dövlət Bayrağı Gününə həsr edilmiş növbəti
tədbirlərini keçiriblər. Tədbir Azərbaycan
Respublikasının Dövlət himni ilə başlayıb. Şagirdlər
ay-ulduzlu bayrağımıza həsr etdikləri təsviri
esselərini, rəsmlərini təqdim ediblər. Üçrəngli
bayrağımız önündə hamı duyğulanıb. Tədbir şagirdlərdə
xoş təəssürat yaradıb.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |