Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

Təhsil müəssisəsi fəaliyyətini müasir tələblər səviyyəsində qurur

 

Azərbaycanda təhsilin inkişafına yönəlmiş kompleks islahatlar, qabaqcıl ideyalar və layihələr cəmiyyətimizin inkişafına böyük töhfələr verir. Əsası ümummilli lider  Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  təhsili əsas prioritetlərindən biri hesab etməsi təsadüfi deyildir. Son illərdə  dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı istiqamətində çoxsaylı uğurlara imza atılmışdır. Neft kapitalının insan kapitalına çevrilməsi hədəfi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Möhtərəm Prezident vurğulayıb: "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik". Bu mənada "Təhsil əsri" elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır. Azərbaycan təhsil sistemində islahatların aparılması dünya təhsil sisteminə inteqrasiya imkanlarını genişləndirmişdir. Qarşıya qoyulan hədəflərə çatmaq üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Təhsil sistemində şəffaflığın təmin edilməsi, yeni yanaşmaların tətbiqi, müasir idarəetmə modelinə keçilməsi və başqa məsələlərə xüsusi diqqət  yetirilmişdir. Bu baxımdan son iki ildə həyata keçirilən məqsədyönlü islahatlar ölkə təhsilinin səviyyəsinin yüksəldilməsinə  xidmət edir.

Ölkə ictimaiyyətini düşündürən, təhsil sahəsi ilə maraqlanan hər kəsi narahat edən məsələlərin köklü həllini əks etdirən, təhsil islahatlarının daha sistemli aparılmasını qarşımıza vəzifə  qoyan Dövlət Strategiyası təhsil sistemində indiyədək mövcud olan vəziyyəti qiymətləndirməyə və məqsədlərimizi müəyyənləşdirməyə imkan verir. Strategiyanın məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır.

Strategiyada müəllim amilinə xüsusi yanaşma var. Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarovun qeyd etdiyi kimi, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşması, əsasən müəllimin biliyindən, peşəkarlığından, tədris təcrübəsindən asılıdır. Ən yüksək səviyyədə  infrastruktur, tədris vəsaiti  maliyyə imkanları olsa belə, keyfiyyətli müəllim olmadan təhsili inkişaf etdirmək mümkün deyil.

İlkin müəllim hazırlığı və diplomdansonrakı təhsil sahəsi  ilə məşğul olan  Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında  əsas məqsəd müasir dövrün tələblərinə cavab verən, yüksək akademik bacarıqları olan müəllim  yetişdirməkdir. Strategiyada qeyd olunduğu kimi,  əsas məqsəd, məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabətqabiliyyətli kadrlar hazırlamaq və sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və əlavə təhsili təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır. Bunun  üçün filialda hər cür şərait yaradılmışdır. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialına direktor təyin edildiyim ilk gündən qarşımıza qoyulan  vəzifələrin həlli üçün mühüm addımlar atılmışdır. Görülən işləri aşağıdakı kimi qruplaşdırmaq olar:

- kollektivdə işgüzar, sağlam mühitin yaradılması;

- tədris-metodik işlərdə yol verilən nöqsanların aradan qaldırılması;

-  əmək  intizamının gücləndirilməsi;

- tədris sənədlərini mövcud normativlərə uyğun hazırlamaq;

- semestr  və dövlət imtahanlarının keçirilməsində şəffaflığın  və obyektivliyin təmin olunması;

- əlavə təhsil sahəsində mövcud olan nöqsanları aradan qaldırmaq;

- filialın maddi-texniki imkanlarını gücləndirmək;

- tələbələrin elmi işə marağını artırmaq üçün Tələbə Elmi Cəmiyyətinin  işini canlandırmaq.

2014/2015-ci tədris ilinə hazırlıqla əlaqədar dərs bölgüsü vaxtında aparılmış və maddi-texniki bazanın gücləndirilməsi üçün bir sıra addımlar atılmışdır. Tədris prosesinə informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilməsi tədrisin keyfiyyətinin səviyyəsinin yüksəlməsinə yeni imkanlar açmışdır. Təlimin müasir metodlarından istifadə  edən müəllimlərimiz dərsləri müasir tələblər baxımından  qururlar. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014/2015-ci tədris ilində "Ümumtəhsil kurikulumunun əsasları" fənni  tədris planlarına salınmışdır.  Bu çox vacib bir qərardır. Belə ki, məzunlarımız  artıq orta məktəb kurikulumlarını  ali məktəbdə mənimsəyib orta məktəbə hazır müəllim kimi gedəcəklər və fəaliyyətlərinin başlanğıcında onların əlavə kurslara cəlb olunmasına heç bir ehtiyac qalmayacaq. Qabaqcıl təcrübənin öyrənilməsi AMİ-nin Mingəçevir filialının metodiki iş sistemində əsas istiqamətlərdən biri sayılır. Filialın dislokasiyasına aid olan təhsil şöbələrinin orta məktəbləri ilə sıx əlaqələr qurulmuşdur. Filialın əməkdaşları Mingəçevir şəhər təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin ibtidai sinif müəllimi Jalə Hüseynovanın iş təcrübəsini öyrənmiş və o, direktoryanı şurada geniş müzakirə edilərək və yayılması tövsiyə olunmuşdur.

Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı  gənclərlə bağlı öz fəaliyyətini  Azərbaycan Respublikasının "Təhsil haqqında", "Gənclər siyasəti haqqında" qanunlarına və Azərbaycan Gəncliyi Dövlət Proqramından irəli gələn vəzifələrin həllinə yönəltmişdir. İlk növbədə, gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan  xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması daim diqqət mərkəzindədir. Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialında ümummilli lider Heydər Əliyevin tövsiyələri əsasında  gənclərlə bağlı işi daha məqsədyönlü  qurmaq məqsədilə hər cür şərait  yaradılmışdır.

Tələbələrin dünyagörüşünün formalaşmasına  təsir edən müxtəlif məzmunlu tədbirlərin keçirilməsinə xüsusi diqqət ayrılmışdır. Tarixi hadisələr, əlamətdar günlər, ictimai-ideoloji məzmunlu mərasimlər və s. həsr edilmiş  elmi-nəzəri, elmi-praktik, tədris-metodik konfranslar, müsabiqələr, yubiley tədbirləri və s. keçirilməsində məqsəd tələbə gənclərə Azərbaycan xalqının şərəfli tarixini daha dərindən öyrətmək, müstəqil dövlətimiz tərəfindən aparılan uğurlu siyasəti təbliğ etmək və onların asudə vaxtlarını səmərəli təşkil etmək olmuşdur.

Filial  kollektivinin hər bir üzvü öz məsuliyyətini dərk edir və dövlətimizin çiçəklənməsi üçün bütün qüvvəsi ilə çalışır.  

Rasim ŞÜKÜROV,
AMİ-nin Mingəçevir filialının direktoru, dosent

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov