Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

Beynəlxalq təhsil xəbərləri

 

Rusiya Rektorlar Birliyinin qurultayı keçirilib

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Rusiya Rektorlar Birliyinin  X qurultayı keçirilib. "Uçitelskaya qazeta"nın məlumatına əsasən,  tədbirdə  Rusiya prezidenti Vladimir Putin də iştirak edib.  Qurultayda ali təhsil sisteminin inkişaf məsələləri, universitetlərin maddi-texniki bazasının gücləndirilməsi,  təhsilin keyfiyyətinin artırılması üzrə tədbirlər, eləcə də ali məktəbdə elmin rolunun möhkəmləndirilməsi diqqət mərkəzində olub.  Rektorların sayca X yubiley tədbirində iştirak etməkdən məmnunluq duyduğunu ifadə edən V.Putin qurultayda praktik olaraq ölkənin bütün ali məktəb rəhbərliklərinin təmsil olunduğunu, bu sistemdə 300 min insanın çalışdığını, 5,5 milyon tələbənin təhsil aldığını bildirib. Dövlət başçısı öz çıxışında qeyd edib ki, ali təhsil sistemi ölkənin güclü intellektual resursu olaraq qalmaqdadır, bu sistem yeni biliklər yaradır. Son illər milli  universitetlərin zamanın tələblərinə uyğun inkişafı üçün çox işlər görülüb, onlar daha çox rəqabətqabiliyyətlidirlər. "Bizim ali məktəb güclü olmalıdır, əsl, müasir, layiqli təhsil verməlidir. Əlbəttə ki, yüksək səviyyəli bilikləri heç də istənilən şəxs mənimsəyə bilmir. Universitetlər açıqdan-açığa qeyri-qənaətbəxş biliklər nümayiş etdirən abituriyent qəbul edir, bu isə çox sayda suallar doğurur. Abituriyent uğrunda, eləcə də maliyyələşdirmə uğrunda bu cür yarışma,  açıq demək lazımdır, dərhal ali təhsil müəssisəsini hörmətdən salır, dəyərləri silir, ali məktəbin nüfuzunu, prestijini aşağı salır. Sonda biz hansı keyfiyyətli mütəxəssis alırıq? Aydındır ki, yaxşı nəticələr gözləməyə dəyməz. Ali məktəbə orada oxumağa layiq olanlar daxil olmalıdırlar. Bu  istər büdcə yerlərinə,  istərsə də pullu əsasda qəbul olunanlara  aiddir".  Prezident qeyd edib ki, əməkhaqlarının artımı, ali məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması  ali məktəbin inkişafı, yeniləşməsinin üsullarıdır. Dövlət başçısı bildirib ki, ali təhsilin, onun tədris proqramlarının məzmununa iradlar çoxdur. Heç də hər bir ali məktəb müasircəsinə  işləməyə, öyrətməyə hazır deyil. Elə etmək lazımdır ki, məzunlar təkcə diplomlar  deyil,  həm də ali məktəbi bitirdikdən sonra praktik fəaliyyətdə  istifadə edəcəkləri biliklər, peşə vərdişləri alsınlar.  Daha sonra çıxış edən MDU-nun rektoru V.Sadovniçi  qurultayın ölkə həyatı, təhsil ictimaiyyəti üçün xüsusi əhəmiyyətini vurğulayaraq  tədbirdə praktik olaraq Rusiyanın bütün ali məktəb rektorlarının, bundan əlavə Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan və b. ölkələrdən olan nümayəndələrin də iştirak etdiyini bildirib.  O, Rusiya  Rektorlar Birliyi tərəfindən işlənib hazırlanmış "Yeni Rusiya üçün yeni  universitetlər" təhsil doktrinasının  təhsilin keyfiyyəti, ali təhsil sistemində elmin inkişafı, yeni iqtisadi reallıqlar şəraitində universitetlərin inkişafı, təhsil və  tərbiyə, humanitar biliklərin rolu, istedadların axtarışı və onların dəstəklənməsi,  dünya təhsil məkanında Rusiya ali məktəblərinin  yeri kimi  6 mühüm istiqaməti əhatə etdiyini qeyd edib.  V.Sadovniçi universitetlər nəzdində istedadlı uşaqlar üçün xüsusi internat-məktəblərin yaradılması təklifi ilə çıxış edib. O, mühəndislərin 6, müəllimlərin 5 il ərzində hazırlanması təcrübəsinin zəruriliyini bildirib.


Ukrayna 12 illik təhsil sisteminə qayıdır 

Ukraynanın Təhsil və Elm Nazirliyi  məktəbləri 12 illik  təhsil  formatına  qaytarmağı təklif edib.  Nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir ki, bu barədə Ukraynanın 2015-2025-ci illər üzrə təhsilin inkişafı konsepsiyası  layihəsində qeyd olunub.  Aşağı sinifləri  bitirdikdən sonra məktəblilərin biliklərini  yoxlamaq üçün test  imtahanları keçiriləcək.  Bundan əlavə, testlər orta siniflərdən yuxarı siniflərə  keçid  mərhələsində də keçiriləcək,  bu prosedur nəticəsində məktəblinin  harada - dar çərçivədə peşə təhsilini davam etdirməsi və ya ali məktəblərə qəbul imtahanlarına hazırlaşmağa göndərilməsi müəyyən olunacaq.  Bununla yanaşı,  yuxarı siniflərin ayrı-ayrı təhsil müəssisələrinə yerləşdirilməsi planlaşdırılır.  Sənəddə 12 illik təhsilə keçidin tətbiq olunacağı müvəqqəti çərçivə göstərilmir.  Həmçinin əsas formatın dəyişdirilməsi səbəbi də sənəddə əksini tapmayıb.  2015-2025-ci illər üzrə təhsilin inkişafı konsepsiyasının layihəsi  2014-cü  ilin iyulunda Təhsil və Elm Nazirliyində yaradılmış ekspert qrupu  tərəfindən hazırlanıb.

  Xatırladaq ki, Ukraynada 12 illik təhsil  2002-ci ildə tətbiq olunub, 2010-cu ilin iyulunda isə parlament 11 illik təhsilə qayıtmaq barədə qərar verib.


Pakistanlı şagird məktəblərin təmiri və bərpasına yardım edib 

Pakistan məktəblisi, sülh üzrə Nobel mükafatçısı 17 yaşlı Malala Yusifzay  bu yaxınlarda  Stokholmda  "Ümumdünya uşaq mükafatı"na ("Worlds Children Prize") layiq görülüb.  O, dəyəri 50 min dollar olan mükafatı Qəzza zolağında  münaqişə zamanı  sıradan çıxmış məktəblərin təmiri və bərpasına sərf edəcəyini bildirib. 

"Bu gün mən elan etməyə şadam ki, ümumdünya uşaq mükafatı  şəklində mənə verilən pullar  yardım məqsədilə Qəzzadakı şagirdlərə və məktəblərə göndəriləcək", - deyə  Malala bildirib.  O vurğulayıb ki, 50 min dolları fələstinlı qaçqınlara  yardım missiyasını həyata keçirən BMT-nin Yaxın Şərq agentliyinin sərəncamına göndərəcək.  Bu gün Qəzza sektorunda əhalinin yarıdan çoxu, 18 yaşdan aşağı, ilk növbədə, keyfiyyətli təhsil ehtiyacı olan insanlardır. Malalanın verdiyi pul Qəzzada 65 məktəbin bərpasına sərf olunacaq. 

Münaqişə zamanı bir sıra məktəb binası tamamilə dağıdılıb. Təhsil müəssisələrinin çoxu məcburi köçkünlər üçün sığınacaq kimi istifadə olunur.  Nəticədə tədris ili həmişəkindən  təxminən üç həftə sonra başlayıb.  


Əcnəbilər üçün pulsuz təhsil haqları ləğv edilir 

Finlandiya hökuməti Avropa Birliyi və Avropa iqtisadi zonasına daxil olmayan ölkələrdən gələn bütün əcnəbilər  üçün  pulsuz təhsil haqlarını ləğv  etməyi  planlaşdırıb.  Parlamentdəki koalisiya fraksiyasının sədri Arto Satonen qeyd edib ki,  bu cür dəyişiklik fin təhsil sisteminə marağın kifayət qədər artmasına  səbəb olacaq. Təhsil haqları ilə yanaşı digər dəyişikliklər də gözlənilir.  Ali məktəblər aztəminatlı  əcnəbi tələbələr üçün xüsusi təqaüdlər verəcək.  Yenilik mübadilə proqramında iştirak edən tələbələrə şamil olunmayacaq. Findilli və isveçdilli tədris proqramları pulsuz olacaq.  Qeyd olunur ki, Finlandiyada 2016-cı ildən başlayaraq  illik təhsil  haqları 4 min avro olacaq.

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov