700 bal toplayan abituriyentin tələbə həyatı
Artıq
xeyli müddətdir ki, ali və orta təhsil müəssisələrində
yeni dərs ilinə başlanılıb. Bəs görəsən ən yüksək nəticə
göstərmiş məzunlar tələbə olaraq da özlərini doğrulda
bilirlərmi? Məktəbdə olduğu kimi universitetdə də eyni
nəticəni əldə edə bilirlərmi? Bu suallara cavab tapmaq
üçün bu il 700 bal toplayıb Azərbaycan Tibb
Universitetinin "Müalicə işi" fakültəsinə qəbul olan
Ağsu rayonu, 1 nömrəli şəhər orta məktəbin məzunu Nicat
Qasımovla görüşdük. Nicat bizi tələbəsi olduğu
universitetdə qarşıladı. Səssiz, sakit və utancaq I kurs
tələbəsi olduğu aydın görünürdü. Amma ağ xalatını elə
fəxrlə geyindi ki, bu ixtisası ürəklə seçdiyinə
inanmamaq mümkün deyildi.
- Bəlkə də bu sualı sənə dəfələrlə veriblər. Amma yenə
də soruşmaq istərdim, niyə bu ixtisası seçmisən?
- Həkim olmağa uşaqlıqdan marağım olub. Valideynlərimin
hər ikisi həkimdir. Bəlkə də bunun da müəyyən qədər
təsiri var. Amma onlar mənə ixtisas seçimində təsir
göstərməyib. Ümumiyyətlə, valideynlərim bizim heç
birimizin seçiminə mane olmayıb. Bir müddət neft-kimya
mühəndisi olmaq istəyirdim. Amma tibbə olan sevgim və
marağım bütün istəklərimi üstələdi. Ailədə 700 bal
toplamağımı ən çox istəyən atam olub.
Tibb Universitetini seçdiyim üçün heç də peşman deyiləm.
Bu universiteti seçdiyim üçün çox xoşbəxtəm. Çünki
hansısa bir fənlə və müəllimlərimlə problemim yoxdur.
Dərsləri oxumağa və hazırlamağa mane olan vaxt azlığı və
yorğunluq olur. Amma bunlar məni qorxutmur. Bu ixtisası
seçmişəm və çalışacağam ki, nəticələrim də maksimum
olsun.
- İxtisasa dair hansı fənlər keçirsiniz?
- Hələ ki ixtisasa dair yalnız anatomiyanı öyrənirik. Bu
mənim üçün olduqca maraqlı fəndir. Düşünürəm ki,
qeyri-ixtisasdan keçdiyimiz fənlər də bizə lazımdır və
onları öyrənməliyik.
- Qiymətlərin necədir?
- Qiymətlərim minumum 4, maksimum 10 baldır. Ən aşağı
nəticəm informatika fənnindəndir. İnformatika məktəbdə
keçdiyimizdən çox fərqlidir. Ona görə mənə çətinlik
yaradır. Amma çalışıram ki, qiymətlərim yüksək olsun. Ən
yüksək balı kimyadan almışam.
- Bakıya ilk dəfə gələndə hansı çətinliklərin olub?
- Elə bir çətinliyim olmayıb. Burda kirayə qalıram. Ola
bilsin ki, dərslər get-gedə çətinləşir və yorğunluq
bəzən dərsləri oxumağa mane olur. Bacım da mənim kimi bu
universitetin tələbəsidir. İkinci kursda təhsil alır və
eyni fakültədəyik. O da dərslərimdə mənə köməklik edir.
Əsas odur ki, bir-birimizə dəstək oluruq.
- Bir ailənin 4 üzvü həkimdir. Bəs, kiçik qardaşın necə?
- Qardaşım 8-ci sinifdə oxuyur. Amma təkcə o həkim olmaq
istəmir. Yəqin ki, o tamam fərqli ixtisasa yiyələnəcək.
- Boş vaxtlarını necə dəyərləndirirsən?
- Abituriyent olduğum zaman dərsdən əlavə intellektual
oyunlarla maraqlanırdım və televiziyada həmin oyunları
izləyirdim. Tələbəlikdə boş vaxtım çox az olur. Onu da
ingilis dilini öyrənməyə sərf edirəm. Çünki IV qrupda
ingilis dili olmadığı üçün dil problemi yaşayıram. Amma
indi çalışıram ki, ingilis dilini mükəmməl öyrənim.
Hazırda dərsdən sonra ingilis dili kursuna da gedirəm.
- Gələcəyə dair hansı planların var?
- Rezidenturanı xaricdə oxumaq istəyirəm. Düşünürəm ki,
ixtisasımı daha yaxşı öyrənmək üçün xaricdə təhsil almaq
vacibdir. Ola bilsin ya Türkiyədə, ya da Kanadada
təhsilimi davam etdirəcəyəm. İstəyim odur ki, ya ürək ya
da beyin cərrahı olum. Yaxşı cərrah və işində mütəxəssis
olmaq üçün xaricdə təhsil almağa ehtiyac var.
Rüfanə GÜNƏŞ |