Könül NƏHMƏTOVA,
konul.nehmetova@mail.ru
Uşaqların
tərbiyəsində hansı metodlardan istifadə olunması bu gün
bütün pedaqoqların, psixoloqların, valideyn, müəllim və
tərbiyəçilərin qarşısında duran əsas problemlərdən
biridir. Yaxın keçmişimizdə istər ailələrdə, istərsə də
təhsil müəssisələrində zorakılıq metodlarından istifadə
etməklə bu problemin ən qısa və təsirli yolunu
tapdıqlarını hesab edən valideyn və müəllimlərimizin
sayı yüzlərcə, hətta minlərcə idi. Maraqlıdır ki, bu
illərdə uşaqları döyməklə tərbiyə etməyə çalışan
müəllimlərlə öz övladının döyülməsinə göz yuman
valideynlər də eyni düşüncə və təfəkkürün sahibi idilər.
Ortayaşlı insanların xatırlaya biləcəyi son illərdə belə
valideynlər övladlarını daha çox "tələbkar" hesab
etdikləri, şagirdləri döyməklə ad çıxarmış müəllimlərə
etibar edirdilər. Yəni xalq təbirincə desək, "əti sənin,
sümüyü mənim" deyirdilər. Nəsillər dəyişsə də bu estafet
cəmiyyətimizdə hələ də davam etməkdədir. Hər birimizin
gələcəyi olan övladlarımız, onlara ən yaxın olan
insanlar- valideynlər və müəllimlər tərəfindən hələ də
zorakılıq hallarına məruz qalmaqdadır. Ancaq etiraf edək
ki, bu problemə təhsili, intellektual səviyyəsi yüksək
olan ailələrdə daha az rast gəlinir. Müasir təfəkkürlü,
şəxsiyyətyönümlülük prinsiplərini əsas tutan, bugünkü
tələblərə cavab verən müəllimlərimizdə bu metoda daha
az təsadüf olunur. Ölkənin televiziya məkanında və
mətbuat səhifələrində qeyd olunan problemlərin
ara-sıra işıqlandırılması bu məsələdə maarifləndirmə
işlərinin hələ də davam etdirilməsinin cəmiyyətin tələbi
olduğunu göstərir. Azərbaycanda hamı üçün aktual hesab
etdiyimiz bu mövzu ilə baglı tanınmış türk pedaqoqu Adəm
Günəşin və uşaq psixoloqu Narınc Rüstəmovanın fikirləri
də dediklərimizi təsdiq edir:
Türk
pedaqoqu Adəm Günəş: "Cəza ilə tərbiyə olunan uşaqlarda
"şəxsiyyətsizləşmə" olur. Cəza alan, cəza verməyi
öyrənir..."
Cəza ilə tərbiyə olunan uşaqlarda "şəxsiyyətsizləşmə"
olur. Cəza alan, cəza verməyi öyrənir. Nə zaman uşaqdan
yaxşı bir hərəkət görünərsə, onu təqdir etməli,
mükafatlandırmalıdır! İnsanların yanında bəzən onu
öyməlidir. "Əmisi, mənim oğlum (qızım) belə etdi"
deyərək yaxşılıqlara təşviq etməlidir. Bir qəbahət
işləyərsə və ya pis bir söz söyləyərsə, bir neçə dəfə
görməzlikdən gəlməli, "onu etmə" deməməli,
danlamamalıdır. Tez-tez danlanan uşaq cəsarətlənir,
gizli etdiklərini açıq etməyə başlayar. Etdiyi
yaramazlıqların zərəri özünə şirin dil ilə anladılmalı,
inandırılmalıdır!
Ana əgər cəza verərək tərbiyə etməyə çalışdığı
övladının içində yaşadığı zəlzələni görə bilsəydi,
uşağına cəza verməkdə bu qədər rahat davranmazdı.
Cəzanın təsiri həmin dəqiqə görünmədiyi üçün ana
irəlidə qarşısına çıxacaq təhlükədən xəbərsiz cəza
verməyə, cəzadan yardım almağa davam edib durur. Bununla
birlikdə, cəza günümüzdə nə yazıq ki, "qəbul olunan" bir
tərbiyə metodudur. Bir müqəssirə cinayətinə görə cəza
vermək üçün normal şərtlərdə bir məhkəmə heyəti qurulub
- bir deyil, bir neçə şəxsin qərarı ilə - cəza
verilməsinin məcbur olduğu düşünülərkən, uşaqlara
veriləcək cəzalarda nə bir məhkəmə, nə də bir heyət
ehtiyacı duyulmamaqdadır. Çox zaman ana həm prokuror,
həm də hakim olaraq övladını mühakimə etməkdə və buna
layiq olduğunu düşündüyü cəzanı təkbaşına rahatlıqla
tətbiq edə bilir.
Uşaq psixoloqu Narınc Rüstəmova: "Uşağı döyərək
cəzalandırmaq onda zəif vicdanın formalaşmasına gətirib
çıxarır"
Döymək, uşaqları nəzarətdə saxlamaq üçün sıx istifadə
edilən metodlardan biridir. Bəzən valideynlər düşünüb
yaxşı yollar axtarmaq yerinə daha asan olan fiziki
şiddətə baş vururlar.Təəssüf ki, bu tip "tərbiyə" üsulu
ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda zəif
vicdan və əxlaq inkişafına gətirib çıxarır. Müasir
dövrdə insan sərbəst düşünə bilmək, hər situasiyaya
uyğunlaşmaq elastikliyinə malik olmalıdır. Şiddətlə
böyüyən uşaq elastik yox, daha kinli olur. Uşaq dəcəllik
edərkən döyülərsə, etdiyinin qarşılığını ödəmiş olduğunu
düşünür və bu zaman etdiyinin pis nəticələrini düzəltmək
üçün səy gostərməsinə gərək duymur. Döyülmək uşaqda
valideynlərinə qarşı aqressiya formalaşdırır. Dolayı
yolla desək, uşaq etdiyinin pis bir şey olduğunu bilib
özünü günahkar hiss etmək əvəzinə onu döyəni
günahlandırır. Uşaq valideynlərindən zəif, daha gücsüz,
daha aciz olduğunu bu formada öyrənməsi onu utandıraraq,
valideynlərinə qarşı güvənini sarsıdır. |