Şagirdlər
razı, valideynlər narazıdır
Niyazi RƏHİMOV, "Azərbaycan müəllimi"
Övladlarını məktəbə göndərən valideynləri maraqlandıran
vacib amillərdən biri də onların təhsil müəssisələrində
sağlamlığının qorunmasıdır. Hamımıza məlumdur ki, təhsil
müəssisələrində tibb məntəqələri mövcuddur və həmin
məntəqələrdə həkim, tibb bacıları şagirdlərin
sağlamlığına nəzarət edir. Səhiyyə Nazirliyi tərəfindən
təyin olunan tibb işçiləri şagirdlərə ilkin tibbi yardım
göstərir, onlara müxtəlif məsləhətlər verirlər. Nəzərə
çatdıraq ki, şagird kontingenti çox olan məktəblərin hər
birinə bir həkim və tibb bacısı təyin olunur. Şagird
sayı az olan məktəblərdə isə bir həkim 2, hətta 3
məktəbdə şagirdlərin sağlamlığı ilə bağlı işlər aparır.
Həmin məktəblərdə tibb bacısı isə daimi olur. Bəs,
görəsən şagirdlərin gigiyenik qaydalara əməl etməsi,
yoluxucu və mövsümlə bağlı yaranan xəstəliklər, mövcud
olan viruslarla bağlı maarifləndirmə işləri, peyvəndlər
və digər məsələlər tibb işçiləri tərəfindən
vaxtlı-vaxtında aparılırmı? Səhhətində problem olan
şagirdlər qeydiyyata alınaraq xüsusi nəzarətdə
saxlanılırmı? Suallarımıza cavab tapmaq məqsədilə
paytaxtda yerləşən bir sıra orta ümumtəhsil
məktəblərində olduq, həkim, şagird və valideynlərlə
söhbətləşdik.
Məktəbimizdə uşaqlar əsasən göz xəstəliklərindən əziyyət
çəkirlər
Tamilla
Babayeva, 20 nömrəli tam orta məktəbin həkimi:
-30 ilə yaxındır ki, 20 nömrəli məktəbdə həkim
işləyirəm. Yasamal rayon 10 nömrəli Uşaq
Poliklinikasının həkimiyəm. Şagirdlər mənim üçün çox
doğmadır. Onların sağlamlığının qorunması bizim ümdə
vəzifəmizdir. Əsasən məktəbimizdə uşaqlar göz
xəstəliklərindən əziyyət çəkirlər. Bundan başqa,
skoliroz xəstələri də çoxluq təşkil edir. Belə xəstələri
dispanser jurnalımızda qeydiyyata alırıq və lazımi
poliklinikalara müalicə almağa göndəririk. Ötən ildən
başlayaraq ölkə Prezidenti İlham Əliyevin müvafiq
tapşırığı ilə uşaqların icbari dispanserizasiyası
aparılır. Bu, çox əhəmiyyətli bir işdir.
Məktəbdə peyvəndlər vaxtlı-vaxtında aparılır. Təxminən
10-15 gün bundan qabaq 11-15 yaşlı şagirdlər arasında
qızılca, məxmərək xəstəliyinə qarşı peyvəndlər aparıldı.
Gigiyenik qaydalara riayət edilməsinə xüsusi diqqət
yetiririk.
Məktəb bufeti daimi nəzarətimizdədir. Tez-tez şagirdlər
arasında müxtəlif xəstəliklər haqqında maarifləndirmə
işləri aparırıq. Yuxarı siniflərdə qızlar və oğlanlarla
ayrı-ayrılıqda müəyyən xəstəliklərə qarşı xüsusi
söhbətlər edirik. Onlara müəyyən tövsiyə və məsləhətlər
veririk. Ən cox müraciət edən yeniyetmə oğlanlardır.
Onların əsas şikayətləri üzlərində olan sızaqlarla
bağlıdır. Biz onlara bunun yeniyetmə dövrü ilə əlaqədar
olduğunu və sızaqların sıxılmamasını məsləhət görürük.
Məktəbdə rastlaşdığımız hallardan biri də tez-tez
uşaqlarda halsızlığın yaranmasıdır. Bunun əsas səbəbi
şagirdlərin səhər tezdən dərsə çox vaxt ac gəlməsi və
yaxud da az miqdarda qida qəbul etməsidir. Valideynlərə
övladlarının səhər yeməyinə xüsusi fikir vermələrini
tövsiyə edirəm.
Valideynlər məktəb həkiminə qarşı müsbət fikirdə
deyillər
Kəmalə
Zeynalova, 201 nömrəli tam orta məktəbin həkimi:
- Xətai rayon 2 nömrəli uşaq poliklinikasının həkimiyəm.
5 ildir ki, bu məktəbdə çalışıram. Sanitar vəziyyət,
məktəb bufeti, gigiyena kimi məsələlər daim
diqqətimizdədir. Şagirdlərimiz dispanser müayinələrdən
keçirlər. Ötən il verilən bu qərar çox mühüm qərar idi.
Bundan başqa, yoluxucu xəstəliklərə xüsusi diqqət
yetiririk. Həmin xəstələrlə əlaqədə olan uşaqları
nəzarətdə saxlayırıq. Tez-tez onların hərarətini
ölçürük. Qış aylarında mövsümlə əlaqədar olaraq daha çox
işimiz olur. Əsasən qrip və zökəm xəstəlikləri ilə həmin
vaxtlarda tez-tez rastlaşırıq. Uşaqlara bu xəstəliklərə
düşməməkləri üçün müxtəlif məsləhətlər veririk. Qrip
xəstələrinə məktəbə gəlməməyi tövsiyə edirik. Çünki bu
tez yayılan xəstəlikdir. Məktəbdə vaxtaşırı
maarifləndirmə işləri aparıram. Şagirdlərə müxtəlif
viruslara qarşı ehtiyatlı davranmağı və həmin virusların
əlamətlərini özlərində hiss etdikdə dərhal bizə müraciət
etmələrini bildirirəm. Son dövrdə mövcud olan Ebola
virusu haqqında daha geniş maarifləndirmə işləri
aparıram. Məktəbimizdə onurğa sütunu ilə bağlı xəstələr
daha çox üstünlük təşkil edir. Valideynlərə bununla
bağlı müxtəlif tövsiyələr veririk. Uşaqların düzgün
oturuşuna, ağır yük qaldırmaması tövsiyə olunur. Allaha
şükür ki, qan xəstəlikləri və digər ağır xəstəlikləri
olan uşaqlarımız yoxdur. Müxtəlif çətinliklərimiz də
mövcuddur. Dərman preparatları istənilən səviyyədə
deyil. Bundan başqa, məktəbdə tək işləyirəm. Böyük
məktəbdir. Tibb bacısının olması vacibdir. Bir məsələyə
də xüsusi toxunmaq istəyirəm. Valideynlər və ümumiyyətlə
ictimaiyyət məktəb həkiminə qarşı müsbət fikirdə
deyillər. Bəzən onlara inanmırlar. Düşünmürlər ki, biz
də ali təhsilli həkimlərik. Onların övladları ilə ən sıx
təmasda olan məhz biz məktəb həkimləriyik.
Şagirdlərdə ən çox rastlaşdığımız göz və onurğa
xəstəlikləridir
Lalə
Əliyeva, 138 nömrəli tam orta məktəbin və humanitar
fənlər təmayüllü liseyin həkimi:
- Xətai rayon 9 nömrəli uşaq poliklinikasının həkimiyəm.
İki tədris ocağında və iki uşaq bağçasına təhkim
olunmuşam. Həftənin II-V günləri 138 nömrəli məktəbdə,
I-VI günləri isə humanitar fənlər təmayüllü
məktəb-liseydə oluram. Uşaqlarla işləmək mənə xüsusi
zövq verir. Onların sağlamlığının qeydinə qalmaq bizim
başlıca işimizdir. Adını çəkdiyim tədris ocaqlarında
tibb bacıları ilə işimizi bu yöndə aparırıq. Səhiyyə
Nazirliyinin təlimatlarına uyğun olaraq vaxtaşırı
peyvəndlər aparırıq. Tədris müddətində halı pisləşən və
ya xəsarət alan şagirdlərə ilk tibbi yardım göstəririk.
Bundan başqa, mövsümi xəstəliklərlə də bağlı uşaqları
məlumatlandırırıq. Onlara viruslara yoluxmamaq üçün
müxtəlif vasitələrdən istifadə etməyi məsləhət görürük.
Yuxarı sinif şagirdlərinə, xüsusən də oğlanlara pis
vərdişlərdən kənar durmağı tövsiyə edirik. Siqaret və
narkomaniya haqqında tez-tez maarifləndirici söhbətlər
aparırıq. Şagirdlərin düzgün qidalanmasına xüsusi diqqət
yetiririk. Məktəb bufetləri daimi nəzarətimizdədir.
Onlara evlərində də necə qidalanmağı nəzərə çatdırırıq.
Ən çox qarşılaşdığımız xəstəliklər göz və onurğa
xəstəlikləridir. Bu, uşaqların oturaq həyatla məşğul
olmalarının və vaxtlarının çox hissəsini televizor və
kompüterə ayırmalarından irəli gələn xəstəliklərdir. Ona
görə də valideynlərə belə məsələlərdə diqqətli olmağı
tövsiyə edirik.
Şagirdlər
məktəb həkiminin fəaliyyətindən razılıq edir
Əvəz Bağırov, 20 nömrəli tam orta məktəbin IX sinif
şagirdi:
- Tamilla həkim bizimlə çox maraqlanır. Təmizliyə xüsusi
diqqət etməyimizi deyir. Uşaqların səhhətində bir
problem olan kimi tez özünü çatdırır. Uşaq vaxtı həkimin
bizə iynə vuracağından qorxurduq. Böyüdükcə bunun bizim
xeyrimizə olduğunu anladıq və doğrudanda da onu çox
sevirik. O bizə çox qayğı ilə yanaşır. Xəstəliklərin
yaranma səbəbləri haqqında vaxtaşırı bizə məlumatlar
verir. İlkin tibbi yardım göstərir.
Nəzrin Quliyeva, 201 nömrəli tam orta məktəbin VI sinif
şagirdi:
- Həkim bizim sinfə tez-tez gəlir. Dırnaqlarımıza və
saçımıza baxır. Səliqəli və təmiz olmağımızın
vacibliyini deyir. Hər hansı xəstəliyimizin
olub-olmadığını soruşur. Xəstəliyə tutularkən sinif
yoldaşlarımızdan kənar olmağımızı bildirir. Biz həkimin
dediklərinə əməl etməyə çalışırıq. Bu yaxınlarda həkim
bizə viruslar haqqında da geniş məlumat verdi. Arabir
bizə iynə də vurur (peyvənd nəzərdə tutulur). Bəzi
uşaqlar iynədən qorxurlar və həmin vaxt həkimimiz çox
çətinlik çəkir. Uşaqlara bu iynələrin vacibliyini
deyir.
Valideynlər nə düşünürlər?
Bu məsələ ilə bağlı bir neçə valideynlə də söhbətləşdik.
Adlarının çəkilməsini istəməsələr də, məktəb
həkimlərinin fəaliyyətindən bir o qədər də razı
olmadıqlarını bildirdilər. Valideynlər məktəb
həkimlərində həm lazımi dərman preparatlarının
çatışmazlığından, həm də aktiv fəaliyyətlərinin
olmamasından şikayətləndilər. |