Təhsil
Problemləri İnstitutunda ibtidai siniflər üzrə
Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, xarici dil
(ingilis, fars, alman, ərəb, fransız, rus dili), təlim
rus dilində olan məktəblərdə rus dili və ədəbiyyatı,
informatika, fiziki tərbiyə, musiqi və təsviri incəsənət
fənni üzrə 27, 28, 29, 30, 31 oktyabr və 3 noyabr
tarixlərində işçi qrupların görüşü keçirilmişdir.
İnstitutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu
Novruzov, şöbə müdirləri və bir qrup əməkdaşının iştirak
etdiyi görüşdə Azərbaycan təhsil sistemində mövcud fənn
kurikulumları, adıçəkilən fənlərin ali və orta ixtisas
məktəblərində tədrisinin mövcud vəziyyəti, yüksək
keyfiyyətli tədrisin həyata keçirilməsində ibtidai
siniflər üzrə Azərbaycan dili, riyaziyyat, həyat
bilgisi, xarici dil (ingilis, fars, alman, ərəb,
fransız, rus dili), təlim rus dilində olan məktəblərdə
rus dili və ədəbiyyatı, informatika, fiziki tərbiyə,
musiqi və təsviri incəsənət və digər fənn
kurikulumlarının məzmunu və müasir tələblərə uyğun
məzmunda ediləcək təkmilləşdirmələrin, həmin fənni
tədris edən müəllimlərin peşəkarlıq səviyyələrinin
artırılması və s. məsələlər ətrafında geniş məlumat
verdi.
Qulu Novruzov görüşdə iştirak edən işçi qrupların
qarşısında duran vəzifələrdən söhbət açdı. Hazırda vacib
resursların məhz tədrislə məşğul olan azərbaycanlı
müəllimlər tərəfindən hazırlanmasını vurğuladı. Xarici
mənbələrdənsə, daha çox öz milli elektron
resurslarımızın yerli müəllimlər tərəfindən çalışdıqları
məktəbin tələbinə uyğun dərs resurslarının
hazırlanmasına diqqət vermələrini bildirdi.
Natiq bir daha "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn
məsələlərdən danışdı, həmçinin 12 illik təhsilə keçid və
onunla bağlı olaraq bütün fənlərdə yeniliklərin
olacağını vurğuladı. Bildirildi ki, gələcəkdə 12 illik
təhsil sisteminə keçidin olmasını nəzərə alsaq
kurikulumun məzmununda müəyyən dəyişikliklərin edilməsi
qaçılmazdır. Bu işdə də müəllimlərin, xüsusilə də həmin
fənni tədris edən, ixtisasını mükəmməl bilən
müəllimlərin üzərinə böyük iş və məsuliyyət düşdüyünü
vurğuladı. Təhsilin məzmununun Azərbaycan müəlliminin
inkişafındakı rolundan danışan Qulu Novruzov müasir
dərslərin keçilməsi zamanı görünən boşluqları məhz
tədbirə qoşulan və bütün yaradıcı müəllimlərin
dolduracağını bildirdi. Bu sahədə intellektual təhsil
üçün məhz yeni məzmunu hiss edən qabaqcıl müəllimlərin
böyük rolunun olduğunu bir daha vurğuladı. İşçi
qrupların tərkibində nəinki şəhər, hətta bölgələrdə
yaşayan müəllimlər də qatılmışdılar.
Görüşdə iştirak edən ibtidai siniflər üzrə Azərbaycan
dili, riyaziyyat, həyat bilgisi, xarici dil (ingilis,
fars, alman, ərəb, fransız, rus dili), təlim rus dilində
olan məktəblərdə rus dili və ədəbiyyatı, informatika,
fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənni üzrə
işçi qruplarının üzvləri, fənn mütəxəssisləri, ali və
orta ixtisas müəllimləri, dərslik həmmüəllifləri və bu
sahənin alimləri mövzu ətrafında çıxışlar etdilər və
təkliflərini söylədilər. Beləliklə də builki fənlər üzrə
işçi qrupları ilə görüşə yekun vuruldu. Gələn ildən bu
cür görüşlərin Təhsil Problemləri İnstitutunda mütəmadi
olaraq keçirilməsi qərarına gəlindi.
Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi |