Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetində
"Muzeyşünaslıq: mütəxəssis hazırlığında yeni tələb
və imkanlar" mövzusunda elmi-praktitki konfransı
keçirilib. Konfransı giriş sözü ilə açan ADMİU-nin
rektoru, professor Fərəh Əliyeva son zamanlar
ölkəmizdə açılan, dünya standartlarına cavab verən, yeni
texnologiyalarla təchiz olunan muzeylər haqda məlumat
verərək, bu istiqamətdə yüksək ixtisaslı müasir
kadrlara ehtiyac olduğunu vurğulayıb. Muzeyşünaslıqla
bağlı kompleks məsələlərin, xüsusən də mütəxəssis
hazırlığının müxtəlif aspektlərinə həsr olunan
konfransda ADMİU-nun professor və müəllim heyəti ilə
yanaşı Mədəniyyət və Turizm Nazirliyinin, BDU-nin,
Turizm İnstitutunun nümayəndələri, muzey direktorları,
eləcə də magistr və doktorantlar iştirak edib.
Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorunun
müdiri Azadə Hüseynova "Azərbaycanda
muzeyşünaslığın inkişafı - tələb və vəzifələr",
Lətif Kərimov adına Azərbaycan xalçası və Xalq
Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru,
sənətşünaslıq doktoru, professor Röya Tağıyeva "
Muzey praktikası, muzey təhsili, muzeyşünaslıq:
əlaqələr və ikili münasibətlər", Azərbaycan Musiqi
Mədəniyyəti Dövlət Muzeyinin direktoru, fəlsəfə
doktoru, dosent Alla Bayramova "Müasir muzey
işçisinin formalaşmasında ümumi dünyagörüşü və
mədəni inkişaf əsas keyfiyyətlərdən biri kimi",
ADMİU-nun muzeyşünaslıq kafedrasının müdiri,
pedaqoqika üzrə fəlsəfə doktoru, dosent Yeganə
Eyvazova "Muzeyşünaslığın tədrisi: problemlər və
perspektivlər", muzeyşünaslıq kafedrasının dosenti,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Elfira Məlikova
"Muzeyşünaslıq və muzeylər probleminin təhlilinə
elmi-nəzəri yanaşma metodları", sənətşünaslıq
doktoru Səltənət Tağıyeva "Muzeyşünaslıq ixtisası
üzrə elmi-tədqiqat işlərində problematika
məsələləri" mövzularında məruzələrlə çıxış ediblər.
Gürcüstanın İlya Universitetinin professoru və
İncəsənət üzrə Tədqiqat İnstitutunun direktoru
Levan Xetaquri "Beynəlxalq muzey praktikasında
yeni meyillər və tədrisdə ümumi standartlar",
BDU-nun gender və tətbiqi psixologiya
kafedrasının dosenti, psixologiya elmləri namizədi
Elmira Kazımova "Muzey işçisi: muzey mühafizəçisi və
bələdçisindən yenilikçi və mediatora aparan yol",
Avropa Mədəniyyət Parlamentinin üzvü, Avropa
Muzey Forumu tərəfindən keçirilən "Avropa İlin
Muzeyi" (EMYA) müsabiqəsinin münsiflər heyətinin
üzvü Cahangir Səlimxanov "Dəyişən dünyada
yeniləşən muzey üçün mütəxəssisi necə yetişdirməli"
adlı məruzələrində isə müasir muzey konsepsiyasında
innovativlik, universallıq, interaktiv metod,
beləliklə müasir seyrçinin tələblərinə cavab verməsi,
bunun üzərində iş və başqa məqamlara aydınlıq
gətiriblər.
Maraqlı müzakirələrlə keçən konfransın sonunda
muzeyşünaslıq təhsili ilə bağlı problemlərin həlli,
mütəxəssis hazırlığının, keyfiyyətin daha da
artırılması, tələbələrdə müzeyşünaslığa marağın
yaradılması və s. kimi məsələlərlə bağlı təkliflər irəli
sürülərək, belə konfrans, görüşlərin mütəmadi olaraq
keçirilməsinə ehtiyac olduğu vurğulanıb. |