Vaşinqtonda
"ADA" Universiteti və Amerika Dövlətləri Təşkilatı (ADT)
arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi
"ADA" Universitetinin rektoru Hafiz Paşayev və ADT-nin
icraçı katibi xanım Şeri Tros imzalayıblar.
AzərTAc xəbər verir ki, bu sənəd ADT-nin müvafiq dəstəyi
əsasında "ADA" Universiteti və təşkilata üzv dövlətlərdə
yerləşən təhsil ocaqları arasında tələbə və müəllim
mübadiləsini, birgə tədqiqat layihələrinin həyata
keçirilməsini, eləcə də qarşılıqlı mədəni proqramlarda
iştirakı nəzərdə tutur.
Hafiz Paşayev imzalanmış sənədin dünyanın bu bölgəsini
təmsil edən tələbələrin "ADA" Universitetinə daha geniş
şəkildə cəlb edilməsinə imkan yaradacağını söyləyib.
Rektor əlavə edib ki, ADT ilə əməkdaşlıq, eyni zamanda,
Azərbaycanın bu tədris ocağını gələcəyin liderlərini
hazırlayan və faydalı əməkdaşlıqları təşviq edən bir
təsisat kimi tanıdacaq. Hafiz Paşayev ADT təmsilçilərini
"ADA" Universitetinin fəaliyyəti haqqında
məlumatlandırıb. Bildirilib ki, Azərbaycanın ən qabaqcıl
və dinamik təhsil ocaqlarından olan "ADA" Universiteti
təsis edildiyi gündən beynəlxalq əməkdaşlıq əlaqələrinin
inkişafı və yeni tərəfdaşlıqların təsis edilməsinə
davamlı şəkildə əhəmiyyət verib. Hazırda universitet
yüksək dünya standartlarına cavab verən təhsil
proqramları tədris etməkdədir.
Amerika Dövlətləri Təşkilatının inkişaf üzrə icraçı
katibi Şeri Tros və beynəlxalq münasibətlər üzrə katib
Alfonso Qinonez ADT və Azərbaycan arasında əlaqələrdən
danışıb, "ADA" Universiteti ilə imzalanmış sazişin bu
əlaqələrə verəcəyi töhfəni qeyd edib. O, əməkdaşlıq
sazişi vasitəsilə Azərbaycanın ADT-yə üzv dövlətlərdə
insan kapitalının inkişafına verəcəyi dəstəyin
əhəmiyyətini vurğulayıb.
1889-cu ildə təsis edilmiş Amerika Respublikalarının
Beynəlxalq İttifaqının varisi olan ADT-nin 35 üzvü var.
Təşkilat Amerika qitəsinin bütün müstəqil dövlətlərini
özündə birləşdirir. Bu baxımdan "ADA" Universitetinin
imzaladığı əməkdaşlıq sazişi Azərbaycan və geniş
coğrafiyanı əhatə edən ADT-yə üzv dövlətlər arasında
uzunmüddətli insan bağlarının qurulması baxımından mühüm
rol oynayacaq. Saziş bir neçə ildən bəri "ADA"
Universitetinin Amerika qitəsi ölkələri ilə apardığı
fəaliyyətləri daha da gücləndirəcək. Bu günədək
Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi təqaüdlər
əsasında Meksika, Argentina, Ekvador və Baham
adalarından olan tələbələr "ADA" Universitetində təhsil
alıblar, bəzi Latın Amerikası ölkələrinin diplomatları
isə qısamüddətli təlimdən bəhrələniblər. Universitet
Argentina və Kolumbiya təhsil təsisatları ilə anlaşma
memorandumları imzalayıb, Braziliya, Kuba və
Argentinadan müəllim heyətini mühazirələr oxumağa dəvət
edib və arzu edən tələbələrə ispan dilinin tədrisini
təmin edib. |