Noyabrın
6-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda "Dövlət bayrağımız-milli
qürurumuz" mövzusunda elmi-praktik konfrans keçirilib.
İnstitutun professor-müəllim heyətinin, Binəqədi Rayon
İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının,
Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin, İrəvan Dövlət
Azərbaycan Dram Teatr kollektivinin və institutun
Gənclər Təşkilatının nümayəndələrinin iştirak etdiyi
tədbiri açan BPKİYİ-nin rektoru, professor Asəf
Zamanov zala toplaşanları bayram münasibətilə təbrik
edib.
Sonra A.Zamanov "Dövlət bayrağımız, dövlətçiliyimiz"
mövzusunda məruzə edərək bildirib ki, qürur mənbəyimiz
olan bayrağımızın xalqımızın taleyi kimi keşməkeşli,
lakin şanlı tarixi vardır. 28 may 1918-ci il tarixdə
Tiflis şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi elan
olunduqdan sonra Gəncədə fəaliyyət göstərmək
məcburiyyətində qalan Azərbaycan Xalq Cümhuriyyətinin
müvəqqəti hökuməti iyunun 24-də dövlət atributları
haqqında qərarlar qəbul etdi ki, onlardan birincisi
Dövlət bayrağı ilə bağlı idi. Lakin Dövlət bayrağının
üzərindəki təsvirlər hökumət Bakıya köçdükdən sonra da
müzakirə mövzusu olaraq qalırdı.
Nəhayət, 9 noyabr 1918-ci ildə üç üfuqi göy, qırmızı və
yaşıl rəngli zolaqlardan ibarət, mərkəzində ağ aypara və
şəkkizguşəli ulduz olan milli bayrağımız təsdiq edildi.
Türkçülüyü, müasirləşməni və islam sivilizasiyasına
mənsub olduğumuzu təsdiqləyən bayraq 28 aprel 1920-ci
il çar Rusiyasının Azərbaycana qarşı işğalçılıq
yürüşlərinə qədər məmləkətimizin başı üzərində
dalğalandı. Sonrakı 70 ildə SSRİ-nin tərkibində olarkən
respublikamızda yeni sosial quruluşu özündə əks etdirən
və bir neçə dəfə dəyişikliklərə məruz qalan Dövlət
bayrağı qəbul edilmişdir.
Qeyd edilib ki, 1990-cı ildə isə SSRİ-nin süqutu
ərəfəsində uzun illərdən sonra üçrəngli milli bayrağımız
noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali
Sovetinin qərarı ilə dövlət bayrağı kimi rəsmən elan
edildi və onun Azərbaycanın Dövlət Bayrağı kimi qəbul
edilməsi ilə bağlı Azərbaycan SSR Ali Soveti qarşısında
vəsatət qaldırıldı. Bu işdə ulu öndər Heydər Əliyevin
xidmətlərini yüksək qiymətləndirən professor Asəf
Zamanov vurğuladı ki, tarixi varisliyi qoruyub saxlayan
və ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla
davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də bu
mühüm dövlət atributu ilə bağlı taleyüklü qərarlar qəbul
etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu
il 17 noyabr tarixli Sərəncamı ilə noyabrın 9-u rəsmən
Dövlət Bayrağı Günü elan edilmişdir.
2010-cu il sentyabrın 1-də isə Dövlət Bayrağı meydanının
açılış mərasimi oldu. Rektor çıxışında 12 noyabr
Konstitusiya günü münasibətilə bağlı da öz fikirlərini
bildirib, əsas qanunumuzun tarixinə qısa ekskursiya
edib.
Tədbirdə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz
Göyüşov, İrəvan Dövlət Azərbaycan Dram Teatrının
direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev,
Vergilər nazirinin müşaviri, AMEA-nın müxbir üzvü,
professor Akif Musayev, Azərbaycan Texniki
Universitetinin kafedra müdiri, professor Elman
Məmmədov, Gürcüstan Respublikası mədəniyyət və abidələr
nazirinin müşaviri, Gürcüstanın əməkdar artisti Qoça
Kapanadze, Bakı şəhər 11 nömrəli poliklinikanın baş
həkimi Məlahət İbrahimova, BPKİYİ-nin elmi işlər üzrə
prorektoru Mönsüm Alışov və digərləri çıxış edərək
Dövlət bayrağı və Konstitusiya kimi mühüm atributların
hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu,
gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük
rol oynadığını qeyd etdilər.
Tədbirin sonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrının
aktyorları Dövlət Bayrağı Gününə həsr olunmuş
"Azərbaycan bayrağı" adlı ədəbi-bədii kompozisiya
nümayiş etdirdilər.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |