Noyabrın
6-da Təhsil Nazirliyində növbəti mətbuat konfransı
keçirilib.
Mətbuat konfransında Təhsil Nazirliyinin İnsan
resursları şöbəsinin müdir müavini İlham Nağıyev,
İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov,
Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun
müdiri Emin Əmrullayev, Xaricdə təhsil və əcnəbi
tələbələrlə iş sektorunun müdiri Həsən Həsənli iştirak
edib.
Elektron dərslik portalı barədə məlumat verən Emin
Əmrullayev bildirib ki, indiyədək bu resurslardan 5
mindən çox insan istifadə edib. Bunların yarısından çoxu
Bakıda yaşayanlardır. İstifadəçilərin 1000 nəfərə yaxını
"Azərbaycan dili" dərsliyinə aid resursdan yararlanıb.
Sektor müdiri xatırladıb ki, hələlik Azərbaycan
bölməsinin yalnız 6-cı sinif üzrə elektron dərslikləri
portala yerləşdirilib. Yaxın zamanda VII sinif üzrə 10,
II və III siniflər üzrə isə ayrı-ayrılıqda 5 elektron
dərslik portalda yerləşdiriləcək.
2014-2015-ci tədris ili üçün "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində keçirilən müsabiqə barədə
məlumat verən Həsən Həsənli prosesin yekunlaşdığını
bildirib. Yüksək rəqabət mühitində keçən seçim
prosesində ötən illərə nisbətən fərqləndirici akademik
göstəricilərə sahib olan tələbələrin sayı daha çox olub.
Dövlət qurumlarının və ali təhsil müəssisələrinin
nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr
nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində
təhsil almaq hüququ qazanmış 572 tələbənin adı proqram
təqaüdçüləri siyahısına daxil edilib. Ümumilikdə,
indiyədək proqram çərçivəsində 3183 tələbə xaricə
oxumağa göndərilib. Sektor müdiri bildirib ki, gələn il
də azərbaycanlı gənclərin xaricdə təhsili "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı"na əsasən həyata keçiriləcək. Lakin
2015-ci ildə Dövlət Proqramı başa çatdığı üçün hazırda
Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
yeni Dövlət Proqramı hazırlanır.
Təhsil Nazirliyinin müxtəlif istiqamətdə həyata
keçirdiyi layihələr barədə məlumat verən Cəsarət Valehov
isə bildirib ki, noyabrın 8-də Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə
əlaqədar "Bayraq yürüşü" keçirəcək. Yürüşdə Bakı,
Sumqayıt şəhərləri və Abşeron rayonundakı ümumi təhsil
məktəblərinin təhsildə fərqlənən yuxarı sinif
şagirdləri, ali məktəblərin SABAH qruplarının və
"Gələcəyin müəllimi təqaüdü" alan tələbələri iştirak
edəcək. Yürüşün keçirilməsində əsas məqsəd milli
atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı
Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin
tanıdılmasından ibarətdir.
Cəsarət Valehov Təhsil Nazirliyinin "İctimai
təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində
həyata keçirilən ikinci layihə müsabiqəsi barədə də
məlumat verib. Artıq yekunlaşan müsabiqəyə QHT və
ayrı-ayrı təşəbbüs qrupları tərəfindən 100-dən çox
layihə təqdim olunub. Qiymətləndirmə komissiyasının
qərarına əsasən, onların arasında təhsil sahəsində
icrası məqsədəuyğun hesab edilən 21 layihə seçilib.
Digər bir layihə "Gələcək - müəllimin əsəridir"
mövzusunda keçirilən telesüjet müsabiqəsidir.
Jurnalistlər arasında keçirilən bu müsabiqənin məqsədi
kənd məktəblərində işləyən gənc müəllimlərin
fəaliyyətini işıqlandırmaq, ictimaiyyət arasında müəllim
nüfuzunu yüksəltməyə töhfə verməkdən ibarətdir.
Müsabiqəyə həm respublika miqyaslı, həm də regionlardakı
telekanallarda nümayiş edilmiş süjetlər təqdim
olunub. Tədbirdə telesüjet müsabiqəsinin qalibləri
mükafatlandırılıb.
Konfransda Təhsil Nazirliyinin nümayəndələri
jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.
|