11 saylı İnteqrasiya təlimli internat məktəbində baş
vermiş hadisə ilə bağlı onu deyə bilərik ki, 30 oktyabr
2014-cü il tarixində həmin məktəbin şagirdi Surxay çay
içmək istəyərkən internat yoldaşı Fateh Quluzadə onun
əlinə toxunduğundan Fatehin çiyin nahiyəsində yüngül
yanıq əmələ gəlib. Hadisə ani zamanda baş verib, dərhal
tərbiyəçi və dayə Fatehə ilk tibbi yardım göstəriblər.
Yanıq kəskin dərəcəli olmadığından uşağın xəstəxanaya
aparılmasına ehtiyac qalmayıb.
Hazırda uşağın səhhəti tam normaldır, dərslərdə iştirak
edir və sinif yoldaşları ilə oynayır, eyni zamanda
internat məktəbinin tibb bacısının gündəlik diqqət və
qayğısı ilə əhatə olunub.
Uşağın valideyni dərhal internat məktəbinin rəhbərliyi
tərəfindən məktəbə dəvət olunub və məsələ ilə bağlı
məlumatlandırılıb.
Bəzi kütləvi informasiya vasitələrinin hədsiz həssaslığı
və ajiotaj yaratmaq həvəsi ilə məsələnin miqyasının
şişirdilməsi cəhdləri qeydə alınır. Fateh Quluzadənin
anası, ixtisasca həkim olan Məhsəti Səfərova da uşağının
adından piar vasitəsi kimi istifadə edilməsi əməllərini
pisləyib.
Qeyd olunan məsələ ilə bağlı Təhsil Nazirliyinin
nümayəndələri internat məktəbində olub, Sabunçu rayonu
14-cü polis bölməsinin əməkdaşı ilə birlikdə araşdırma
aparılıb. Səhlənkarlığa yol verdiklərinə görə aidiyyəti
şəxslər barəsində inzibati cəza tədbiri görülüb. |