Azərbaycan Dillər Universitetinin rektoru, Milli
Məclisin deputatı, professor Səməd Seyidov İsrailin
Hayfa Universitetinin nümayəndələrini qəbul etdi. Rektor
Azərbaycan və İsrail arasında olan əlaqələrdən
danışaraq, iki ölkə arasında təhsil sahəsində də uğurlu
əməkdaşlığın olduğunu qonaqların diqqətinə çatdırdı.
Əməkdaşlığın yeni imkanlar açacağını deyən Səməd Seyidov
əlaqələrin genişlənməsi üçün imzalanan müqavilənin
əhəmiyyətini qeyd etdi. ADU ilə İsrail arasında
əlaqələrin inkişafındakı xidmətlərinə görə İsrailin
Azərbaycanda fəaliyyət göstərən səfirliyinə təşəkkür
bildirildi. ADU-da İsrail və Yaxın Şərq araşdırmalar
mərkəzinin fəaliyyət göstərdiyi və əlaqələrin
genişlənməsində səfirliyin rolu xüsusi vurğulandı.
Mərkəzin gördüyü işlərin vacibliyindən söz açıldı.
Rektor Hayfa Universitetində Azərbaycan dili və
Ədəbiyyatı Mərkəzinin açılmasını yüksək qiymətləndirdi
və bu mərkəzin fəaliyyətinə dəstəyin vacibliyini
diqqətə çatdırdı.
Səmimi qəbula görə təşəkkür edən qonaqlar ADU-da
olmaqdan məmnun olduqlarını bildirdilər. Onlar Hayfa
Universitetində Ezri mərkəzinin komandası olaraq bu
sahədə Azərbaycanla-universitet və elmi mərkəzlərlə
əlaqə qurmaqda maraqlı olduqlarını qeyd etdilər. Hayfa
Universitetinin nümayəndəsi və Ezri mərkəzinin
direktoru, professor Soli Şahvar İsraildə
Azərbaycanşünaslıq mərkəzinin açılmasının ali məktəb
tərəfindən maraqla gözlənildiyini bildirdi. O, mərkəzin
bu ilin sonunda açılacağını qeyd etdi. ADU və digər
universitetlər, eyni zamanda akademik mərkəzlər ilə bu
cür əlaqələrin qurulması ikitərəfli elmi mübadilənin
inkişafına yardım edəcəyi bildirildi.
Görüşdən sonra Azərbaycan Dillər Universiteti və
İsrailin Hayfa Universiteti arasında Anlaşma Memorandumu
imzalandı.
Qeyd edək ki, Anlaşma Memorandumunda Hayfa Universiteti
ilə Azərbaycan universitetləri arasında tələbə və
müəllim mübadiləsi, Azərbaycan tələbələri üçün İsraildə,
İsrail tələbələri üçün Azərbaycanda təhsil səyahətləri
mübadiləsinin təşkili, tələbələrin təqaüd, qrant və
tələbə təqaüdü ilə təmin olunması, Azərbaycan və İsrail
alimlərinin tədqiqat proqramlarına, simpoziumlarına və
konfranslarına qoşulmaq imkanları, mühazirəçilər üçün
fondlardan müəyyən qrantların alınması, hər iki tərəfdə
kitabxana kolleksiyasının artırılması üçün müxtəlif
mənbələrlə (kitablar, materiallar və s.) təmin olunması
və mübadiləsi nəzərdə tutulub.
Mətbuat xidməti |