| 
						
						
						 Noyabrın 
						5-də Bakıdakı "Avropa" otelində "Turin prosesi və 
						Azərbaycanda Milli İxtisas Çərçivəsinin həyata 
						keçirilməsinə dəstək" mövzusunda seminar keçirilib. 
						Seminar "Turin prosesi" və "Milli İxtisas Çərçivəsi" 
						olmaqla iki məsələyə həsr edilmişdi. 
						
						Seminarda Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial 
						Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, 
						Milli Statistika Komitəsi, Dövlət Məşğulluq Xidməti, 
						Təhsil Problemləri İnstitutu, QHT, böyük müəssisələr, 
						araşdırma mərkəzlərinin nümayəndələri iştirak edirdilər. 
						
						Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin 
						Qurbanov iştirakçıları Təhsil Nazirliyi adından 
						salamlayaraq seminarın əhəmiyyətini yüksək 
						qiymətləndirdi. 
						
						Müstəqillik illərində ölkəmizin sürətlə inkişaf etdiyini 
						söyləyən nazir müavini bu inkişafı səciyyələndirən bir 
						sıra faktları diqqətə çatdırdı.  
						
						F.Qurbanov əsası ulu öndər Heydər Əliyev tərəfindən 
						qoyulmuş iqtisadi siyasətin ölkə Prezidenti İlham Əliyev 
						tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Qeyd 
						etdi ki, ölkəmizdə bütün sahələrdə aparılan islahatlar 
						təhsil sistemindən də yan keçməyib. Ölkəmizin 2020-ci 
						ilə qədər olan dövr üçün inkişaf konsepsiyasına əsasən 
						təhsilin inkişafı üzrə Dövlət Strategiyası qəbul olunub. 
						Yeni texnologiyaların sürətlə inkişaf etdiyi, 
						innovasiyaların istehsalata tətbiqinin geniş vüsət 
						aldığı müasir dövrdə insan kapitalının inkişaf 
						etdirilməsi, hazırlanan kadrların bilik və peşəkarlıq 
						səviyyəsinin yüksəldilməsi ən ümdə vəzifə kimi qarşıya 
						qoyulub. 
						
						Çıxışında Turin prosesinin məqsədlərinə də toxunan nazir 
						müavini Avropa İttifaqı Avropa Təlim Fondunun Turin 
						prosesinin nəticəsi olaraq Avropada aparılan təhsil 
						islahatlarının, orda olan müsbət nümunələrin digər 
						ölkələrdə tətbiqinin böyük əhəmiyyət kəsb etdiyini 
						bildirdi. Qeyd etdi ki, 2011-ci ildən Turin prosesinə 
						qoşulan ölkəmizdə bu ilin iyun ayında keçirilən 
						seminarda ilk peşə-ixtisas təhsilində vəziyyətin təhlil 
						edilməsi və müvafiq tövsiyələr hazırlanması qərara 
						alınmışdı. Ötən dövr ərzində hazırlanmış ilkin hesabat 
						bugünkü seminarda təqdim olunacaqdır. 
						
						Hazırda Azərbaycanda ilk peşə-ixtisas təhsili sistemində 
						islahatlar aparıldığını deyən nazir müavini bu 
						islahatların idarəetmə strukturunu, ixtisasların 
						formalaşdırılması və yeni ixtisasların öyrənilməsi ilə 
						bağlı sahələri əhatə etdiyini söylədi. İlk peşə-ixtisas 
						təhsili sahəsinin inkişafı ilə bağlı 2007-2012-ci illəri 
						əhatə edən dövlət proqramının artıq başa çatdığını 
						xatırladan F.Qurbanov Təhsil Nazirliyində 2020-ci ilədək 
						ilk peşə-ixtisas təhsilinin inkişafını nəzərdə tutan 
						yeni proqramın hazırlanması üzərində iş aparıldığını, 
						seminarda veriləcək tövsiyələrin proqramın hazırlanması 
						prosesində nəzərə  alınacağını söylədi və seminarın 
						işinə uğurlar arzuladı. 
						
						Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye 
						Nazirliyinin şöbə müdiri Zaur Qasımov, Avropa 
						İttifaqının Azərbaycan üzrə  nümayəndəliyinin proqram 
						meneceri Rza Zülfüqarzadə, Avropa Təlim Fondunun şöbə 
						müdiri Piter Qrinvud çıxış edərək seminarın mövzusu, 
						təmsil etdikləri qurumların bu istiqamətlərdəki 
						fəaliyyəti ilə bağlı fikirlərini bildirdilər.  
						 
						
						Seminarda Təhsil Nazirliyinin mütəxəssisləri 2014-cü il 
						Turin prosesinin Azərbaycana dair hesabatının ilkin 
						versiyasını təqdim etdilər. Təqdimatdan sonra 
						müzakirələr aparıldı, peşə təhsili və təlimi sisteminin 
						inkişafı üçün tövsiyələr və prioritetlər irəli sürüldü. 
						
						Seminarın ikinci hissəsi Avropa Təlim Fondu 
						ekspertlərinin Milli İxtisas Çərçivəsinin tətbiqinə 
						göstərdiyi dəstəyin nəticələrinə həsr edildi. Bildirildi 
						ki, Azərbaycan Respublikasının Milli İxtisas 
						Çərçivəsinin tezliklə Nazirlər Kabineti tərəfindən 
						təsdiqlənməsi gözlənilir. Avropa İttifaqı 2015-ci ilin 
						ikinci yarısından etibarən təhsilə dəstək proqramı 
						çərçivəsində Azərbaycan Milli İxtisas Çərçivəsinin 
						tətbiqinə dəstək verməyi planlaşdırır.  
						
						
						Yusif ƏLİYEV,"Azərbaycan müəllimi"
 |