Noyabrın
4-də Təhsil Nazirliyi ilə "Azərbaycan Polad İstehsalı
Kompleksi" Qapalı Səhmdar Cəmiyyəti arasında Əməkdaşlıq
Memorandumunun imzalanması mərasimi keçirilib.
Memorandumun imzalanmasında məqsəd 2014-cü ilin
Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin
sərəncamına uyğun olaraq, metallurgiya sənayesinin kadr
potensialının gücləndirilməsinə və inkişafına nail
olunmasını dəstəkləməkdən ibarətdir. Həmçinin, razılaşma
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"na uyğun olaraq, ölkədə insan
kapitalının inkişafı, iqtisadiyyatın qlobal məkana
uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən
daha səmərəli faydalanması kimi strateji vəzifələrin
həyata keçirilməsinə təkan verməyə xidmət edir.
Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov
bildirib ki, real iqtisadi sektorda fəaliyyət göstərən
müəssisələrlə, o cümlədən metallurgiya kompleksi ilə
müvafiq ixtisaslar üzrə kadr hazırlığı aparan ilk peşə,
orta ixtisas və ali təhsil müəssisələri arasında birbaşa
əməkdaşlıq əlaqələrinin qurulması təqdirəlayiq haldır.
Ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində yeni
texnologiyaların tətbiqi, müasir avadanlıqların
quraşdırılması prosesi günbəgün sürətlənir. Nəticədə
mövcud tələbata uyğun kadrların yetişdirilməsi zərurəti
yaranır. Bu isə istehsal müəssisələri ilə təhsil
ocaqlarının əməkdaşlığının genişləndirilməsini tələb
edir.
"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin sədri
Samir Cəfərov isə bildirib ki, ölkəmizdə bir sıra yeni
istehsal sahələrində kadr çatışmazlığı hiss olunur.
Xüsusilə, yüksək səviyyəli peşə təhsili olan işçilərə
tələbat böyükdür. Samir Cəfərov Təhsil Nazirliyi ilə
memorandumun imzalanmasının bu sahədə boşluqları aradan
qaldıracağına əmin olduğunu vurğulayıb.
Çıxışlardan sonra təhsil naziri Mikayıl Cabbarov və
"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin sədri
Samir Cəfərov memorandumu imzalayıblar.
Memoranduma əsasən, "Azərbaycan Polad İstehsalı
Kompleksi" QSC tələbələrin istehsalat təcrübələrinin
təşkili, yüksək akademik göstəricilərlə təhsil alan
tələbələrə xüsusi təqaüdün verilməsi və gələcəkdə bu
ixtisaslara yiyələnmiş məzunların işə qəbulu təmin
olunacaq. Bununla yanaşı, Təhsil Nazirliyinin
tabeliyində fəaliyyət göstərən ilk peşə, orta ixtisas və
ali təhsil müəssisələrindən seçilmiş şagirdlər və
tələbələr "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-də
yay təcrübəsi proqramına qəbul ediləcək. Nazirliyin
nəzdindəki ali təhsil müəssisələrinin professor-müəllim
heyətinə elmi-tədqiqat işlərinin aparılmasında,
beynəlxalq əlaqələr üzrə həyata keçirilən layihələrdə
"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin tərəfdaş
kimi iştirakına, burada çalışan yüksək ixtisaslı
mütəxəssislərin təhsil müəssisələrində tələbələr üçün
seçmə mühazirələrinin təşkilinə şərait yaradılacaq.
Memorandumda ali təhsil müəssisələrinin
professor-müəllim heyətinin "Azərbaycan Polad İstehsalı
Kompleksi" QSC -də məsləhətçi qismində işə cəlb
olunması, birgə elmi-texniki işlərin aparılması,
seminarların təşkili, eləcə də müştərək layihələrin
işlənməsi və istehsalatda tətbiqi məsələləri də əksini
tapıb.
Əməkdaşlıq Memorandumu çərçivəsində tərəflər
metallurgiyaya dair ixtisaslar üzrə ilk peşə, orta
ixtisas və ali təhsilin nüfuzunun yüksəldilməsi,
yeniyetmələrin texniki peşələrə yiyələnməyə
həvəsləndirilməsi üzrə birgə proqramların hazırlanması,
həyata keçirilməsi və təbliği ilə bağlı öhdəlik
götürüblər. Həmçinin əməkdaşlıqda iştirak edən ilk
peşə-ixtisas təhsili müəssisələrində müvafiq
maddi-texniki bazanın yaradılmasına, təhsilalanların
bilik və bacarıqlarının qiymətləndirilməsinə "Azərbaycan
Polad İstehsalı Kompleksi" QSC-nin mütəxəssislərinin də
cəlb edilməsi nəzərdə tutulur. |