Noyabrın 2-də Təhsil Nazirliyi tərəfindən təsis olunmuş
"Bilik kuboku" uğrunda breyn-rinq intellektual yarışının
növbəti oyunu keçirilib. "Baku Crystal Hall"da keçirilən
və AzTV kanalı ilə yayımlanan oyunda respublikamızın 15
bölgəsini təmsil edən 30 komandadan daha dördü iştirak
edib. Bunlar "Bərdə", "Bakı Ali Neft Məktəbi", "Gəncə"
və "Xızı" komandalarıdır. İlk seçim görüşündə "Bərdə" və
"Bakı Ali Neft Məktəbi" qarşılaşıblar.
Bərabər səviyyədə keçən oyunda qalibi sonuncu sual
müəyyənləşdirib. "Bakı Ali Neft Məktəbi" üstün gəlib -
5:4.
İkinci seçim görüşündə "Gəncə" və "Xızı" qüvvələrini
sınayıblar. 5:3 hesabı ilə bitən görüş "Xızı"nı finala
çıxarıb.
Oyunda iki final görüşü "Bakı Ali Neft Məktəbi" və
"Xızı" arasında olub. Birinci görüşdə "Bakı Ali Neft
Məktəbi" (5:3), ikincidə isə "Xızı" (5:0) qələbə
qazanıb. Görüşlərin nəticəsi olaraq 1:1 hesabı qeydə
alındığından noyabr ayı üzrə ilk finalçını müəyyən etmək
üçün komandalara 1 əlavə sual verilib. "Bakı Ali Neft
Məktəbi"nin kapitanı daha cəld tərpənib düyməni
sıxdığından qalibiyyət onun komandasının tərəfində olub.
Beləliklə, breyn-rinqin noyabr ayı üzrə ilk finalçısı
müəyyənləşib. Ayın sonunda oyunların sponsoru "Nar
Mobile"nin həmin ayın qalibinə verəcəyi data kartlar
uğrunda mübarizənin dörd iştirakçısından biri "Bakı Ali
Neft Məktəbi" olacaq.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |