Oktyabrın 24-də Nərimanov Rayon İcra Hakimiyyətinin
konfrans zalında Bakı şəhər məktəblilərinin XXVI
spartakiadasının bağlanış və XXVII spartakiadasının
açılış mərasimi keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının
müavinləri İradə Mahmudova, İlqar Mirzəyev, Bakı Şəhər
Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tərbiyə və
məktəbdənkənar iş şöbəsinin müdir müavini Vasif
Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir
müavini Məmmədəli Kəsəmənli, Respublika Bədən Tərbiyəsi
Mərkəzinin direktoru Qiyas Nəcəfov, paytaxtın rayon
gənclər və idman idarələrinin rəisləri, rayonun təhsil
və idman təşkilatlarının rəhbərləri, fəal gənclər və
şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və
İdman İdarəsinin rəisi Nəcəf Novruzov qeyd edib ki,
Nərimanov rayonunda dövlətin gənclər və idman siyasəti
layiqincə həyata keçirilir. Rayonun gəncləri vətənin
tərəqqisi naminə qarşıya qoyulmuş vəzifələri həyata
keçirmək üçün bacarıqlarını əsirgəmirlər.
Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş
məsləhətçisi, XXVI spartakiadanın baş hakiminin müavini
Salman Əbdülov 2013-2014-cü tədris ili müddətində
keçirilmiş Bakı şəhər məktəblilərinin XXVI
spartakiadasının yekunları haqqında məlumat verib.
Bildirib ki, spartakiadanın proqramına daxil olan dama,
şahmat, stolüstü tennis, qızlar və oğlanlar arasında
voleybol, basketbol, dördnövçülük, mini-futbol, güllə
atıcılığı və "Cırtdan" növləri üzrə yarışlarda Nərimanov
rayonu I, Nizami rayonu II, Qaradağ rayonu III, Xətai
rayonu IV yeri, Suraxanı rayonu V, Səbail rayonu VI,
Xəzər rayonu VII, Sabunçu rayonu VIII, Binəqədi rayonu
IX, Yasamal rayonu X və Nəsimi rayonu isə XI yerləri
tutublar.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif
Abbasov və Azərbaycan Respublikası Təhsil Nazirliyinin
Tərbiyə və məktəbdənkənar iş şöbəsinin müdir müavini
Vasif Məmmədov XXVI spartakiadanın yekun nəticələrinə
əsasən qalib gələn Nərimanov Rayon Gənclər və İdman
İdarəsini təbrik edib, idmanın inkişaf etdirilməsi və
kütləviləşdirilməsində bu tipli yarışların
keçirilməsinin böyük rol oynadığını, idman sahəsində
gerçəkləşdirilən dövlət siyasətini, idmanın
maddi-texniki bazasının möhkəmləndirilməsindən, çoxsaylı
müasir olimpiya komplekslərinin və digər qurğuların
tikilib istifadəyə verilməsini vurğulayıblar.
Tədbirin sonunda XXVI spartakiadanın proqramına daxil
olan idman növləri üzrə yarışlarda qalib gəlmiş
məktəblərin müəllimləri fəxri diplomlarla, həmçinin
yekun nəticəyə əsasən Qaradağ Rayon Gənclər və İdman
İdarəsi III yer, Nizami Rayon Gənclər və İdman İdarəsi
II yer və Nərimanov Rayon Gənclər və İdman İdarəsi isə I
yeri tutaraq müvafiq dərəcəli diplom və kuboklarla
mükafatlandırılıblar.
R.ZİYADOV,
"Azərbaycan müəllimi" |