Azərbaycan Milli Kulinariya Mərkəzi oktyabrın 24-də
paytaxtdakı "Xanədan" restoranında mətbuat konfransı
keçirib.
Konfransda məqsəd bu il 16-19 oktyabr tarixlərində
Serbiyanın Belqrad şəhərində keçirilmiş "Balkan kuboku
çempionatı" adlı müsabiqədə iştirak edən Azərbaycan
Milli Kulinariya komandasının əldə etdiyi uğurları
ictimaiyyətə açıqlamaq idi. KİV nümayəndələrinə məlumat
verilib ki, çempionatda 14 ölkə iştirak edib. Azərbaycan
komandası 7 nəfərdən ibarət olub. 1 nəfər isə ölkəmizi
münsiflər heyətində təmsil edib. Komandamız 2 ayrı
komanda yarışında (azyaşlı və böyüklər), 13 fərdi
yarışlarda mübarizə aparıb.
Yarışlarda müsbət nəticələr əldə edən iştirakçılardan
Maksim Qalovin 1 gümüş, 3 bürünc medal, Gülnar
Ələsgərova 1 gümüş medal, Aygül Əsgərova 1 gümüş, 1
bürünc medal, Aysel Hüseynova (şirniyyatçı) bürünc
medal, 3 diplom (4-cü yer) və İlyas Axundzadə 2 bürünc
medal qazanıblar. Gənclərin komanda yarışında İlyas,
Aygül və Maksim 3-cü yeri, peşəkarların komanda
yarışında isə Gülnar, Aysel və Maksim 4-cü yeri
tutublar.
Beləliklə, milli kulinariya komandası 13 fərdi sinifdə 3
gümüş, 7 bürünc medal və 3 diplom alıb. Komanda
yarışlarında isə 1 bürünc medal və bir də 4-cü yer
qazanılıb.
Konfransda xatırladılıb ki, çempionatda iştirakçılardan
bəziləri ayrı-ayrı dövrlərdə texniki peşə təhsili
müəssisələrini bitirmiş və bu gün məzun kimi təhsil
aldıqları məktəblərin ünvanına şöhrət gətirirlər.
Mətbuat konfransında vurğulanıb ki, bu gün Kulinariya
Mərkəzi nəinki ölkəmizdə, eləcə də onun hüdudlarından
kənarda da yüksək reytinqə malikdir. Artıq mətbəximiz
200-ə yaxın ölkədə tanınır və bu proses bu gün də uğurla
davam etdirilir. Bu da dövlətimizin gənclərə göstərdiyi
diqqət və qayğının nəticəsidir.
Vüqar SƏLİMOVA,
Rəna RÜSTƏMOVA,
"Sənətkar" jurnalının əməkdaşları |