Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

İnformatika üzrə Olimpiada Mərkəzi açılıb

 

 Fizika-riyaziyyat və informatika təmayüllü liseydə İnformatika üzrə Olimpiada Mərkəzinin açılışına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən bir sıra orta məktəb və liseylərin rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər, eyni zamanda Təhsil Nazirliyinin Pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Fuad Qarayev, İnformatika üzrə olimpiadanın münsiflər heyətinin sədri Ramin Mahmudzadə, Nazirlər Kabineti İşlər şöbəsinin İnformasiya təminatı sektorunun məsləhətçisi Zöhrab Məcid Qulam iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru Tariyel Talıbov qonaqları salamlayıb.

Sonra Ramin Mahmudzadə İnformatika üzrə Olimpiada Mərkəzində görüləcək işlər haqqında geniş məlumat verib. R.Mahmudzadə mərkəzin əsas məqsədi olan şagirdlərin olimpiadalara hazırlanma mexanizmini izah edərək, əsasən, olimpiadaçıların 3 səviyyədə hazırlanacağını bildirib:

 1. Olimpiadalara ilk dəfə hazırlaşanlar, başqa sözlə, proqramlaşdırmanı ilk dəfə öyrənənlər;

 2. Proqram yazmaq təcrübəsi olanlar və informatika məsələlərini həll etməyi bacaranlar; 

 3.Yüksək səviyyədə proqram yazmağı bacaranlar və olimpiada tipli məsələləri həll edə bilənlər.

Təhsil Nazirliyinin Pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Fuad Qarayev Təhsil Nazirliyinin istedadlı şagirdlərin seçilib inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını qeyd edib. F.Qarayev bildirib ki, İnformatika üzrə Olimpiada Mərkəzinin ilk dəfə olaraq bu cür mütəşəkkil təşkil olunması ümid verir ki, olimpiadalara hazırlıq davamlı xarakter daşıyacaqdır. Bu məqsədlə mərkəz əlavə olaraq İKT avadanlıqları ilə təchiz ediləcəkdir.

Liseyin müəllimləri Nazim Süleymanov və Valid Məhərrəmov bu günə qədər liseydə görülmüş işlər haqqında məlumat verməklə İnformatika üzrə Olimpiada Mərkəzinin işini yüksək səviyyədə qurulacağına əminliklərini ifadə ediblər. V.Məhərrəmov liseydə "Alqoritm" dərnəyinin fəaliyyət göstərdiyini və dərnək üzvlərinin beynəlxalq olimpiadalarda respublikamızı təmsil etdiyini söyləyib. Dərnəyin rəsmi veb saytı (www.alqoritm.ucoz.org) fəaliyyət göstərir, "Alqoritm" adlı jurnalı dərc olunur.

Tədbirdə liseyin məzunu, respublikamızı Cənubi Koreya, ABŞ və Yunanıstanda təmsil etmiş keçmiş olimpiadaçı, Almaniyanın Zigen Universitetinin məzunu Fərid Əhmədov proqramçılığın müasir dövrdə əhəmiyyətli bir peşə olduğunu nəzərə çatdırıb. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov