Bakıdakı
83 nömrəli məktəb-liseydə informatika üzrə beynəlxalq
müsabiqə ilə bağlı seminar keçirildi.
Azərbaycan ACM (Association for Computing Machinery - "ey-si-em"
- Hesablama Maşınları üzrə Assosiasiya) bölməsinin
təşkil etdiyi informatika üzrə beynəlxalq "Qunduz" ("Bebras")
müsabiqəsi ilə bağlı seminarın əsas məqsədi
proqramlaşdırma bilikləri olmayan şagirdlərin alqoritmik
və məntiqi təfəkkürlərini qiymətləndirməkdir.
Tədbiri giriş sözü ilə açan 83 nömrəli məktəbin
direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə
doktoru Nəbi Mahmudov seminarla bağlı qısa məlumat verdi.
Sonra müsabiqənin Azərbaycan üzrə koordinatoru Adil
Əliyev çıxış edərək əsası 1947-ci ildə qoyulmuş
assosiasiya haqqında ətraflı məlumat verdi.
Qeyd olundu ki, Azərbaycanda ilk "Qunduz" müsabiqəsi
Təhsil Nazirliyinin dəstəyi ilə 6 aprel 2014-cü ildə
İsmayıllı rayonunun məktəbliləri arasında keçirilib.
Yarışda 4-9-cu siniflərdə oxuyan 265 şagird iştirak edib.
Bu il də dünyanın bir çox inkişaf etmiş ölkələrində
11-ci ümumdünya "Qunduz" həftəsi keçiriləcək. Müsabiqə
vasitəsi ilə hədəf Azərbaycanın bütün guşələrindən
istedadlı şagirdləri aşkar, onların beynəlxalq
informatika olimpiadasına hazırlanmasını təmin etməkdir.
Sonra Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn
Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri
Nuridə Allahyarova, Respublika İnformatika fənn
olimpiadası münsiflər heyətinin sədri Ramin Mahmudzadə
seminarda çıxış edərək keçirilən informatika fənni üzrə
olimpiada və müsabiqələrin əhəmiyyətini iştirakçıların
nəzərinə çatdırdılar. Dünyada informasiya
texnologiyalarının sürətlə inkişaf etdiyi zamanda
ölkəmizin bütün sahələrində olduğu kimi, bu strateji
sahəyə də xüsusi önəm verən dövlət başçısına
minnətdarlıq bildirildi.
Sonra böyük ekran vasitəsilə "Qunduz" onlayn sisteminin
istifadə qaydaları öyrənilərək müəllimlərlə birlikdə
sınaqdan keçirildi. Sonda "Qunduz" informatika və
kompüter bacarıqları müsabiqəsində fərqlənən şagirdlərə
məktəb rəhbərliyi və qonaqlar tərəfindən fəxri fərmanlar
təqdim olundu.
Fazil ORUCOV,
foto müəllifindir |