Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

"Əcnəbi tələbələr Dövlət Proqramını əla şans kimi qiymətləndirirlər"

 

 Böyük Britaniyanın Birmingem Universitetinin magistrantı   Rəşadə Atakişiyeva ilə söhbət

Rəşadə Rasim qızı Atakişiyeva 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. 2009-cu ildə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbi bitirib.  Elə həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinə,  2010-cu ildə  isə II kursdan   ali məktəbin  Xüsusi İstedadlar Qrupuna (XİQ) daxil olub.  Burada 3 il ingilis dilində bakalavr təhsili alıb.  Bir ildən  artıq müddətdə  "Atəşgah Sığorta" şirkətinin maliyyə idarəsində çalışıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Birmingem Universitetində  magistr təhsili alıb. 

- Orta məktəb illərində uğurlarınız barədə. Xaricdə təhsil nə vaxtdan sizi cəlb etdi?

- Orta  məktəbdə  oxuduğum  illərdə  hər zaman  fəal şagird olmağa çalışmışam. Daima öndə  olmaq, hər şeyin  ən yaxşısına nail olmaq arzusu  məktəb  illərində qazandığım  ardıcıl  nailiyyətlərimdə  mənə   böyük kömək olub.  Bundan başqa, ailədə valideynlərimin ali təhsilli olması, böyük bacımın təhsildəki  uğurları  (xaricdə təhsil alması) mənim yüksək motivasiyamın başlıca səbəbləridir.  Məktəb illərində sevdiyim fənlər  üzrə keçirilən  olimpiadalarda  iştirak etmiş və ümumiyyətlə,  məktəbi  əla qiymətlərlə bitirmişəm. İbtidai sinif  illərindən ingilis dilinə göstərdiyim maraq və  daha sonra bu  dildə aldığım bakalavr təhsili  mənim xaricdə magistr təhsili almaq istəyimi daha da gücləndirdi. ADİU-nun Xüsusi İstedadlar Qrupunda dərs aldığım müəllimlər  və  opponentlərimlə məsləhətləşdikdən sonra   bu istəyim qərara çevrildi  və  təbii ki, valideynlərimin dəstəyi ilə getdikcə bu qərarım daha da qətiləşdi. 

- Dövlət  Proqramında iştirakınızı necə xatırlayırsınız?

Böyütmək üçün şəkili seçin- Dövlət Proqramına qəbul olmaq üçün seçim prosesinə hazırlaşmaq  həyatımın  ən önəmli  dönəmlərindən biri idi.  Proqrama  müraciət elan edilməmişdən  3-4 ay əvvəl qrup tələbələrimizdən bir çoxu ilə birgə həyəcanla bu prosesə hazırlaşırdıq. Lakin cari ilin məzunları olduğumuz üçün sənədlərlə bağlı bir sıra çətinliklərlə  üzləşirdik və buna  görə  də  proqrama  bir  qədər  gec  müraciət etdim. Seçim mərhələlərində iştirak zamanı   Təhsil Nazirliyi tərəfindən şəffaf və  professional şəkildə keçirilən müsabiqənin şahidi oldum.  Aldığım məlumata görə, bu il daha da uğurlu işlər görülüb  və müsbət nəticələr əldə olunub.

- Digər ölkələrdən olan tələbə dostlarınızın Dövlət Proqramı barədə rəylərini bilmək də çox  maraqlı olardı.

- Doğrudan da,  Birmingem  Universitetində təhsil aldığım zaman digər ölkələrdən olan tələbə yoldaşlarıma (Küveyt, Oman, Nigeriya, Honkonq, Çin, Hindistan və s.)  bu proqram barədə məlumat verərkən onlar təəccüblənir və  bunu  əla  şans kimi dəyərləndirirdilər.  Bir daha vurğulamaq istərdim ki, Dövlət Proqramı çərçivəsində deyil, öz hesabına  İngiltərədə təhsil almaq mənim üçün həqiqətən də çox çətin ola bilərdi.  Bu proqramın seçim mərhələlərindən uğurla keçdiyim üçün özümü şanslı hesab edirəm.

- Təhsil sistemimizdə aparılan islahatlara münasibətiniz?

- Çox müsbət yanaşıram.  İngiltərədə yaşadığım müddətdə məni ən çox düşündürən suallardan biri Azərbaycan və Böyük Britaniya təhsil sistemləri arasında hansı fərqli cəhətlərin mövcud olması ilə bağlı  idi.  Qeyd etmək lazımdır ki, həqiqətən də bu iki təhsil sistemi arasında çoxlu sayda  nəzərəçarpan  fərqlər  var.  Buna  görə  də  Azərbaycan  təhsil  sisteminin sürətli  inkişafı qaçılmazdır.  Dövlətimizin gənc  və istedadlı tələbələrin xaricə göndərilməsi siyasətini  isə  bizim təhsil sisteminin üstünlüyü kimi qiymətləndirirəm. Bundan başqa, təhsilin digər istiqamətlərində də yeni islahatların keçirilməsinə  tələbat duyulur.

- Oxuduğunuz ali məktəb, seçdiyiniz ixtisas barədə.

- Birmingem Universiteti təkcə Böyük Britaniyada deyil,  bütün  dünyada nüfuzlu ali məktəblərdən biridir. Əsası 1900-cü ildə qoyulmuş Birmingem Universitetinin məzunlarından  8 nəfəri Nobel mükafatı alıb.  Ali məktəb  məzunları sonralar ölkənin hökumət başçısı  seçilmiş 4 universitetindən (Oksford,  Kembric,  Edinburq, Birmingem) biridir.  Ölkənin ən nüfuzlu universitetlərini  birləşdirən "The Russel Group"-a daxildir.  Burada  dünyanın 147  ölkəsindən 4300 əcnəbi tələbə təhsil alır. Tədris edilən bir sıra fənlər üzrə Birmingem Universiteti milli reytinqlərdə liderdir. Seçdiyim  beynəlxalq mühasibatlıq və maliyyə ixtisası həm karyera istiqamətimə, həm də  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində müəyyən olunan ixtisas istiqamətlərinə uyğundur. Hər il burada kompüter elmləri, mühəndislik, bank işi, maliyyə və insan resursları menecmenti ixtisaslarında Azərbaycandan olan onlarla gənc təhsil almağa başlayır. Düşünürəm ki, təhsil aldığım müddətdə qazandığım nəzəri və praktiki biliklərin gələcək karyeramda rolu əvəzolunmazdır.

- Tələbə həyatınız necə keçir, asudə vaxtınızı necə təşkil edirsiniz?

- Bildiyiniz kimi,  İngiltərədə  magistr  təhsili  birillik olduğu üçün burada həqiqətən də tələbənin asudə vaxtı çox az olur. Buna baxmayaraq, ingilislərin vaxt  bölgüsü məsələsində bacarıqları məni heyrətləndirdi. Onlar bizdən fərqli olaraq təhsillə yanaşı,  hər gün idmanla məşğul olur  və əyləncəyə, o cümlədən səyahətə kifayət qədər vaxt ayıra bilirlər. Ümumiyyətlə,  boş vaxt olanda bacardığım qədər İngiltərənin başqa şəhərlərinə səyahət etməyə çalışır, digər ölkələrdən olan əcnəbi  tələbələrlə görüşüb söhbətləşirəm. 

- Universitetdə imtahan sessiyası necə təşkil olunur?

- İngiltərənin, demək olar ki,  bütün  universitetlərində olduğu kimi,  bizim ali  məktəbdə  də  keçilən  hər  bir  tədris fənni üzrə  semestrlərarası  bir aralıq  ("assignment"),  semestr sonu isə həmin fənn üzrə yekunlaşdırıcı (final) imtahan verilməlidir. Göstərilən imtahanlardan birincisi ümumi balın 25%-ni, digəri isə qalan 75%-ni təşkil edir. Ümumi toplanan bal 50%-dən aşağıdırsa, yəni kəsirdirsə, tələbə yayın sonu  həmin imtahana hazırlaşıb təkrar verməlidir.  Diplom əldə etmək üçün bütün fənlər üzrə hesablanmış orta bal 50-dən yuxarı olmalı və dissertasiya işi üzrə bal 50-ni keçməlidir. Hər iki sessiya bitəndən sonra dissertasiya mövzusu seçilir.  Tələbə ona ayrılmış rəhbəri ilə məsləhətləşib hər hansı bir mövzuda araşdırma apararaq 12000 söz limiti olan dissertasiya işi hazırlayıb təhvil verməlidir. Mənim fikrimcə, bu ən ideal təhsil metodudur.

- Universitetdə müəllim-tələbə münasibətləri necə qurulub?

- Birmingem Universitetində professorlarla tələbə arasında mükəmməl münasibətlər qurulub və ümumiyyətlə, hər bir şey tələbənin uğurlu nəticələr əldə etməsinə, dolayısı ilə universitetin beynəlxalq  reytinqinin yüksəldilməsinə yönəlib.  İstənilən professorun tədris etdiyi fənn barədə sualı olan hər bir tələbə bir neçə gün əvvəl elektron poçt  vasitəsilə müəyyən vaxtda  görüş təyin edib onunla müzakirələr apara  və məsləhətlər ala bilər.   Bu metod mənə imtahanlara hazırlaşmaqda xeyli kömək edib.

- Xaricdə təhsilin hansı üstünlüklərini qeyd edə bilərdiniz?

- Xaricdə təhsilin mənə bəxş etdiyi faydalar, düşünürəm ki, əvəzolunmazdır.  Təhsil dövründə ixtisasım üzrə  əldə etdiyim biliklər və  qazandığım təcrübə kifayət qədər artdı. Ümumiyyətlə,  Böyük Britaniya  təhsil sisteminin əsas üstünlüyü odur ki, universitetlərdə ixtisasdan kənar heç bir fənn keçilmir  və  hər kəs  yalnız  özünə lazım olan fənləri  mənimsəyərək  öz  ixtisası  üzrə  ixtisaslaşmış  kadra çevrilir. Bundan başqa, komanda şəklində, son ana qədər işləmək,  kommunikasiya, ingilis dili, akademik yazı bacarıqlarım kifayət qədər inkişaf etdi. Əsas üstünlüklərdən biri də çoxlu xarici dostlar qazanmağım oldu.  Universitetin kampusunda tələbənin şəxsi inkişafı üçün demək olar ki,  hər  bir şərait mövcuddur.  Hətta universitetdə karyera mərkəzi də fəaliyyət göstərir,  biz  burada  CV-lərimizi yoxlatdırır və İngiltərədə işə qəbul üçün imtahan və müsahibələrdə uğurlu nəticələr əldə etmək məqsədilə həmin universitet nümayəndələrindən faydalı məsləhətlər alırdıq.

- Seçdiyiniz ixtisas ölkəmiz üçün nə dərəcədə önəmlidir?

- Bildiyimiz kimi, 2008-ci ildən Azərbaycanda əksər böyük müəssisələrin maliyyə hesabatlarının hazırlanmasında Beynəlxalq Maliyyə Hesabatları Standartları tətbiq olunmuşdur ki, bu da daha etibarlı, şəffaf  və  müqayisəli hesabatların  emalına  şərait yaradır. Bu sahədə kadrların çoxluğu həmin standartların daha düzgün tətbiqini və bu yolla da müəssisələrin dünya bazarına daha asan çıxışını təmin edir. Bundan başqa, xaricdə  təhsil  almış  tələbələr nəinki beynəlxalq mühasibatlıq və maliyyə, həmçinin digər ixtisaslar üzrə  də  yerli  universitetlərdə ixtisası üzrə fənləri tədris etməklə həmin gənclərin maarifləndirilməsində  böyük rol oynaya bilər.

- Azərbaycan diasporası ilə əlaqələriniz barədə...

- Yaşadığım şəhərdə 20-dən çox azərbaycanlı tələbə müxtəlif  ixtisaslar üzrə təhsil alır, ara-sıra onlarla görüşür, təəssüratlarımızı bölüşürük. Azərbaycanlı tələbələrlə sıx əlaqələr qurduqdan sonra qərara aldıq ki,  Birmingemdə  Azərbaycan cəmiyyəti yaradaq və buna nail ola bildik. Ölkəmizin təbliğatına gəldikdə isə xaricdə  təhsil alan azərbaycanlı olaraq ölkəmizin ən yüksək səviyyədə tanınması üçün əlimizdən gələni edirik. Məsələn, Novruz bayramında cəmiyyət olaraq birləşib maraqlı tədbir və çıxışlar hazırladıq.  Digər ölkələrdən olan tələbələr də tədbirimizə qoşuldular   və  bu aksiya  mədəniyyətimizin tanınmasında uğurlu addımlardan  biri oldu.

- Gələcək planlarınız barədə nə deyə bilərdiniz?

- Gələcəkdə maliyyə və mühasibatlıq sahəsində daha dərin biliklər, o cümlədən bu sahədə beynəlxalq sertifikatlar əldə etmək və ixtisaslaşmaq istəyirəm. Əsas məqsədim ən nüfuzlu şirkətlərin  birində  öz  bilik və bacarıqlarımı daha da genişləndirməkdir.

- Bu yolda biz də sizə uğurlar arzulayırıq.

Oruc MUSTAFAYEV, 
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov