Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Rayon məktəblərində hansı yeniliklər var?

 

Böyütmək üçün şəkili seçinLənkəran. Təhsil şöbəsindən aldığımız məlumatda bildirilir ki, yeni tədris ilində  istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı müraciət edənlərdən 229 nəfəri I sinfə qəbul edilib.

Rayon təhsil müəssisələrində uşaqların tibbi müayinədən keçməsi davam edir.

Şəhər 5 nömrəli və Sütəmurdov kənd məktəblərində yeni kurikulumun tətbiqi ilə əlaqədar keçirilən treninqlərdə 473 müəllim iştirak edib.

2 nömrəli şəhər və Bürcəli kənd məktəblərində təlim-tərbiyə işlərinin, şəhər 4 nömrəli, Haftonu qəsəbə, Mamusta, Ləj və Rvo kənd məktəblərində vətəndaşların  müraciətlərinə baxılıb və onların qəbulu vəziyyətinin monitorinqi keçirilib. 

İmişli. Rayon təhsil şöbəsinin  müdir müavini   Vahid Tağıyevin verdiyi məlumatda qeyd olunur  ki,   rayonun ümumtəhsil məktəblərində müəllimlərin məsuliyyətini, tədrisin keyfiyyətini  yüksəltmək, o cümlədən şagirdlərin təhsilə marağını artırmaq, onlarda əsaslı bilik, bacarıq və vərdişlərin formalaşdırılması istiqamətində  vacib  məsələlərin həyata keçirilməsi  ilk gündən  planlaşdırılıb.  

Heydər Əliyev Mərkəzində   təhsil şöbəsi Azərbaycan Təhsil Şurası ilə birgə təcrübə mübadiləsi məqsədilə "Təlim keyfiyyətinin yüksəldilməsi problemi" mövzusunda elmi-təcrübi konfrans keçirib. Konfransda Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, Təhsil Şurası idarə heyətinin üzvləri, Bakı, eləcə də Şirvan  şəhərindən, Saatlı, Sabirabad, Şamaxı, Salyan, Neftçala, Hacıqabul, İmişli rayonlarından olan qabaqcıl müəllimlər və təhsil işçiləri iştirak ediblər. Maraqlı təcrübə mübadiləsi şəraitində keçən konfransda  rayonun təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsindən  bəhs edilib.

Təhsil Nazirliyində müsabiqədən keçib rayonda pedaqoji fəaliyyətə  başlayan 53  gənc müəllimin "Müəllimlərin etik davranış qaydaları"na uyğun təntənəli şəkildə andiçmə mərasimi keçirilib.

Rayonun pedaqoji kollektivlərində təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrinə aid monitorinqlər aparılıb.

Rayonun ümumtəhsil məktəblərində ayrı-ayrı fənlər üzrə proqram materiallarının planlaşdırılması və fənn metodbirləşmələri işlərinin təşkili vəziyyətinin monitorinqi keçirilib.

 Naftalan.  Şəhər təhsil şöbəsinin müdiri İlqar Əsgərovun verdiyi məlumata görə,  yeni tədris ilində şəhər ümumtəhsil məktəblərinin Azərbaycan bölməsinə 87 adda 5400 ədəd dərslik, 33 adda 175 ədəd müəllim üçün vəsait, rus bölməsinə isə 41 adda 201 ədəd dərslik, 14 adda 14 ədəd müəllim üçün vəsait  müəllim və şagirdlərin istifadəsinə verilib.

Təhsil şöbəsinin Fəaliyyət Planına uyğun olaraq dərs ili ərzində keçiriləcək seminarların, bilik yarışlarının, inşa və rəsm müsabiqələrinin, fənn olimpiadalarının qrafiki hazırlanıb.

Kurikulumun tətbiqi ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılır.  Tədris ili ərzində I-VII siniflərdə dərs deyən 33 müəllim kursdan keçib. Müəllimlərin elmi-nəzəri, metodiki hazırlığını daha da yüksəltmək məqsədilə kurikulum tətbiq olunan siniflərdə "Nümunəvi dərslər"in qrafiki hazırlanıb. 

Qusar. Rayon təhsil şöbəsinin müdiri Niftəli  Fərzəliyevin redaksiyamıza verdiyi məlumatda bildirilir ki, cari dərs ilində rayondakı 86 ümumtəhsil məktəbində, o cümlədən 48 tam orta, 20 ümumi orta, 18 ibtidai məktəbdə 924 sinif komplektində 13901 şagird təhsilə cəlb olunub ki, onların  təlim-tərbiyəsi ilə 1687 müəllim məşğul olur.

Rayonun ümumtəhsil müəssisələrində  payız-qış mövsümü ilə əlaqədar ciddi hazırlıq işləri  görülür.

RTŞ  təlim-tərbiyə prosesinin keyfiyyətcə yaxşılaşdırılması işinə valideynləri və ictimaiyyət nümayəndələrini cəlb etmək məqsədi ilə   rayonun bütün ümumtəhsil müəssisələrinin rəhbərlərini, qabaqcıl müəllimləri, əlaqədar təşkilatları, valideynləri cəlb etməklə zonalar üzrə  geniş şəkildə maarifləndirmə tədbirləri  həyata keçirir.  Bu tədbirlərdə valideyn-məktəb əlaqələrinin möhkəmləndirilməsi, təhsilin keyfiyyətcə yaxşılaşdırılması,  gənc nəslin zərərli vərdişlərdən qorunması, hüquqi maarifləndirmə məsələləri ilə yanaşı vətəndaşları  maraqlandıran digər məsələlərin müzakirəsi də aparılır. 

"Açıq mikrofon" görüşlərində  təhsilin inkişaf etdirilməsi ilə bağlı məsələlər daim diqqət mərkəzində olur.

I-VII siniflərdə fənn kurikulumlarının tətbiqi, proqram materiallarının mənimsədilməsi  metodiki şura iclaslarında müzakirə olunub, problem və çətinliklərin aradan qaldırılması məqsədilə məktəb rəhbərlərinə,  metodbirləşmə sədrlərinə konkret tövsiyələr verilib. Məktəb rəhbərləri və fənn müəllimləri üçün metodiki seminarlar keçirilir.

Hazırda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının həyata keçirilməsi çərçivəsində rayonun bütün tam orta və ümumi orta məktəbləri kompüterlərlə təchiz edilib, bu müəssisələrin hamısına noutbuk-proyektor dəstləri verilib.  27 məktəb Azərbaycan Təhsil Şəbəkəsinin sürətli internet  şəbəkəsinə qoşulub.

Xızı.  Yeni  tədris   ilində  rayonda 180 şagird  yerlik Tıxlı kənd ümumi orta məktəbinin yeni binası  istifadəyə verilib.   Rayon təhsil şöbəsinin müdiri Oqtay Abdullayevin  verdiyi məlumata görə, ümumtəhsil  məktəbləri lazımi inventar və İKT avadanlıqları ilə təmin olunub.

Məktəblərdə Azərbaycanın  dahi şairi Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib.

Yeni dərs ilində təhsil ocaqlarında şagird-müəllim-valideyn interaktiv şəbəkə yaradılıb.

Təhsil müəssisələrində  metodmərkəz tərəfindən yeni proqram və dərsliklərlə işin təşkili və fənn kurikulumlarının tətbiqi ilə bağlı "dəyirmi masa" və məktəblər arasında  "Xəmsə" bilik yarışı keçirilib.  

Yardımlı. Rayon təhsil şöbəsinin müdiri Manaf Balışovdan aldığımız  məlumatda  bildirilir ki, Çayüzü, Anzov, Urakəran, Qaraqaya tam orta məktəblərində tikinti işləri davam edir. 180 şagird yerlik şəhər  3 nömrəli tam orta məktəbində isə son tamamlama işləri gedir.

Rayonda 18  gənc müəllim ixtisasları üzrə ümumtəhsil məktəblərində işlə təmin olunub.

VII siniflərdə kurikulumun tətbiqi ilə əlaqədar ayrı-ayrı fənlər üzrə 192  müəllim kursdan  keçib. 

Ağcabədi.  Rayon təhsil şöbəsindən aldığımız məlumatda  deyilir ki, ümumtəhsil məktəblərinin V-VII siniflərində dərs deyən və indiyə qədər kurslardan keçməyən müəllimlərin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktiki hazırlığı üçün təlim kursları təşkil edilib. Həmin siniflərdə dərs deyən  müəllimlərin bu kurslarda iştirakı tam təmin edilib.

Məktəblərdə Azərbaycan dili, tarix, kimya, fizika, biologiya, coğrafiya, riyaziyyat, ingilis dili fənn müəllimləri  və  II - III siniflərdə dərs deyən müəllimlər hər həftədə 10 nəfər olmaqla  dərsliklər, dərs vəsaitləri və digər vəsaitlərin monitorinqi  üzrə TQDK-nın Ağcabədi regional bölməsində təşkil edilmiş elmi-metodiki seminarlara cəlb edilib.

Türk Əməkdaşlıq və Kordinasiya Agentliyi  Təhsil Nazirliyi və Avrasiya Beynəlxalq Tədqiqatlar İnstitutu İctimai Birliyi ilə birgə  təhsil ocaqlarında Azərbaycan və Türkiyənin dəyərli şəxsiyyətlərini öyrənmək və təbliğ etmək məqsədi daşıyan "Hər mövsüm bir işıq" adlı layihə həyata keçirir. Layihə çərçivəsində görkəmli şair Əhməd Cavadın yaradıcılığına həsr olunmuş inşa müsabiqəsi elan olunub.

Həmçinin qışa hazırlıq məqsədilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərində ciddi hazırlıq işləri gedir. 

Abşeron. Rayon təhsil şöbəsindən verilən məlumata görə,  Fövqəladə Hallar Nazirliyinin  Sumqayıt Regional Mərkəzi Abşeron rayonunun Məmmədli kənd tam orta məktəbində "Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Nəzərdə tutulmuş plana əsasən rayonun təhsil ocaqlarında keçirilən tədbirin əsas məqsədi müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, yaralılara ilkin tibbi yardımın göstərilməsinə və digər profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirin nəzəri hissəsində "Fövqəladə hallar zamanı davranış qaydaları", "Yanğın təhlükəsizliyi qaydaları", "Məişətdə qaz cihazlarının təhlükəsizliyini necə təmin etməli", "Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi" və "112 qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır" mövzularında çıxışlar olub.

Sonra "Dəm qazı və ya gözəgörünməz qatil" adlı videoçarx nümayiş etdirilib.

Tədbir iştirakçılarının sualları cavablandırılıb, məktəblilərə maarifləndirmə xarakterli təbliğat materialları və bukletlər paylanılıb.

Tədbirin praktiki hissəsində məktəbin həyətində FHN Sumqayıt Regional Mərkəzin qüvvə və texnikalarına baxış keçirilib, onların təyinatı və istifadəsi qaydaları haqqında iştirakçılara məlumat verilib. 

Masallı. Rayon təhsil şöbəsindən  redaksiyamıza daxil olan məlumatda  bildirilir ki,   Gənclər Mərkəzində rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi və dövlətçiliyin təbliği" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirdə qeyd olunub ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak edirlər.

Çıxış edənlər vurğulayıblar ki, yaşadığımız dövr gənc nəsli kiçik yaşlarından hərbi ruhda böyütməyi tələb edir. Onları psixoloji və mənəvi baxımdan hərbi həyata hazırlamaq ümdə məsələlərdəndir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da diqqət artırılmalıdır.

Açıq dialoq şəklində davam edən tədbirdə gənclər müzakirə olunan mövzu ilə bağlı   təkliflərini  bildiriblər. 

Tərtər. Rayon təhsil şöbəsindən aldığımız məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Qarabağ  Regional Mərkəzinin təşkilatçılığı ilə şəhər 6 nömrəli tam orta məktəbdə "Təbii fəlakətlər və texnogen qəzalar zamanı necə davranmalı?" adlı tədbir keçirilib. Maarifləndirici tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı texniki işçilər, valideynlər və təhsil şöbəsinin nümayəndələri də iştirak ediblər.

Tədbirdə Qarabağ Regional Mərkəzinin strukturu və fəaliyyət istiqamətləri, fövqəladə hallar, onun növləri, fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə anlayışları ilə bağlı məlumat verilib. Regional mərkəzin əməkdaşları çıxış edərək fövqəladə hallar zamanı başqalarına kömək etməyin yollarını, 101 və 112 xidmətlərinə hansı hallarda müraciət etməyin lazım gəldiyini izah ediblər.

Fövqəladə Hallar Nazirliyinin hazırladığı "Dəm qazı və ya arzuolunmaz qonaq" adlı videoçarx nümayiş etdirilib. İştirakçılara mövzu ilə bağlı broşürlər paylanıb və onları maraqlandıran suallar cavablandırılıb.

Tədbir diskussiya şəklində  başa   çatıb. 

Şamaxı. Rayon təhsil şöbəsindən verilən məlumata görə, rayonun Mədrəsə qəsəbə tam orta məktəbində 380  və Şərədil ümumi orta məktəbində isə  80 şagird  yerlik  yeni binaların tikintisi gedir.  Bu  binalar dərs ilinin sonuna qədər istifadəyə veriləcək.

Əlavə  Hacıqədirli  və Talışnuru kənd tam orta məktəblərinin yeni binalarının tikintisi  artıq layihələşdirilib.

Ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri və praktik psixoloqların  geniş seminarı keçirilib. Seminarda  məktəb rəhbərlərinə dəyərli tövsiyyə və tapşırıqlar verilib. 

Şirvan. Şəhər  təhsil şöbəsindən verilən məlumatda bildirilir ki, təhsil şöbəsi və gənclər və idman idarəsinin təşkilatçılığı ilə məktəblilər arasında "Xəmsə" intellektual oyununun şəhər mərhələsi keçirilib. Nəticədə şəhər 1 nömrəli məktəb-liseyin komandası  qalib olub.

18 nömrəli təbiət və humanitar təmayüllü məktəb- liseydə  təhsil şöbəsi hüquq-mühafizə orqanları ilə birlikdə "Uşaq hüquqları aylığı" çərçivəsində maraqlı   tədbir  keçirib. Keçirilən tədbirdə  şagirdləri maraqlandıran  suallar cavablandırılıb. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov