Oktyabrın
23-24-də Təhsil və Müdafiə nazirliklərinin
təşkilatçılığı ilə KİV nümayəndələri Tovuz və Qazax
rayonlarına səfər etdilər. Səfərin təşkilində məqsəd
ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və
ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi
informasiya vasitələrinə şərait yaratmaqdan ibarət idi.
Səfər KİV nümayəndələrinə cəbhəyanı bölgələrdəki təhsil
ocaqlarında tədris mühiti ilə daha yaxından tanış olmağa,
şagirdlərin yüksək bilik almaq üçün göstərdikləri
səyləri qiymətləndirməyə geniş imkanlar yaratdı. Media
nümayəndələri həmin təhsil müəssisələrinin ali
məktəblərə qəbul imtahanında yüksək nəticələr qazanmış
məzunları haqqında məlumat toplayıb, fədakar əməyi ilə
seçilən müəllimlərlə görüşdülər. Ümumilikdə səfər ölkə
ictimaiyyətinin cəbhəyanı bölgələrdə təhsilin vəziyyəti
ilə tanış olması və medianın bu istiqamətdə daha dolğun
məlumatlarla təmin edilməsi işinə xidmət edirdi.
Qeyd edək ki, ikigünlük səfər çərçivəsində jurnalistlər
öncə Tovuz rayonunun Hacallı kəndində yerləşən Milli
Qəhrəman Qasım Rzayevin adını daşıyan tam orta məktəbdə
oldular. Cəbhə bölgəsində yerləşən məktəbdə KİV
nümayəndələri gənclərin çağırışaqədərki hazırlığı və
ingilis dili dərslərini izləyib, müəllimlər və kənd
sakinləri ilə söhbət etdilər. Məktəbin direktoru
Mehriban Rüstəmova Ermənistan silahlı qüvvələri
tərəfindən təhsil müəssisəsinin vaxtaşırı atəşə
tutulduğunu, müəllim və şagirdlərin həyatı üçün real
təhlükə yarandığı haqqında məlumat verdi. Bildirildi ki,
ali məktəblərə qəbul imtahanlarında məktəbin
məzunlarının 30 faizindən çoxu müxtəlif universitetlərə,
o cümlədən də hərbi ali məktəblərə qəbul olunublar.
Tovuz rayon Hacallı kənd orta məktəbinin 11-ci sinif
şagirdi Orxan Mehralıyev verdiyi müsahibədə bildirdi ki,
cəbhə bölgəsində yaşamalarından asılı olmayaraq böyük
ruh yüksəkliyi ilə dərslərə hazırlaşır. Həyata gəldiyi
gündən güllə boran səsi altında yaşadığını deyən Orxan
artıq bunun adi hal olduğunu qeyd etdi. Bildirir ki,
hətta uşaqlarla futbol oynadıqları zaman atışma olarkən
həmin oyunu yarımçıq saxlamırlar və öz oyunlarına davam
edirlər. Doğma yurdlarını çox sevdiklərini deyən 11-ci
sinif şagirdi hazırda ali məktəbə qəbul olmaq üçün çox
çalışdığını qeyd etdi.
Daha sonra media nümayəndələri və digər qonaqlar "N"
saylı hərbi hissədə olub, Hacallı kənd tam orta
məktəbinin X və XI sinif şagirdlərinin gənclərin
çağırışaqədərki hazırlığı dərsini izlədilər. Hərbi
hissənin zabit və əsgərləri döyüş silahları və hərbi
sursatdan istifadə qaydaları haqqında şagirdlərə məlumat
verib, onların tətbiqini əyani şəkildə nümayiş
etdirdilər.
Səfərin
ikinci günü qonaqlar Qazax rayonunda oldular. İlk öncə
KİV nümayəndələri Aslanbəyli kəndində 2013-cü ildə
qəhrəmancasına həlak olmuş gənc pilot Yaşar Əhmədovun
qəbrini ziyarət etdilər. Sonra qonaqlar Ermənistanla
sərhəddə yerləşən Aslanbəyli kənd tam orta məktəbində
gənclərin çağırışaqədərki hazırlığı dərslərini
izləyiblər. Şagirdlər hərbi avadanlıq və silah-sursatla
davranış bacarıqlarını nümayiş etdirdilər.
Gənclərin çağırışaqədərki hazırlığı müəllimi Elxan
Əliyev şagirdlərin hərbi hazırlıq dərsinə ciddi
münasibət bəslədiklərini dedi: "Şagirdlər bir sıra
silahlar və hərbi avadanlıqlar haqqında məlumatları,
onlardan necə istifadə etməyi öyrənməyə böyük həvəs
göstərirlər. Bu dərsdə istər oğlanlar, istərsə də qızlar
fəal iştirak edirlər".
Məktəbin direktoru Dilqəm Məmmədov bildirdi ki, təhsil
müəssisəsində 412 şagirdin təlim-tərbiyəsi ilə 44
müəllim məşğul olur. Məktəbi bitirmiş məzunlardan 24
nəfəri Ermənistanın işğalçılıq siyasətinə qarşı
mübarizədə həlak olub. Müntəzəm olaraq düşmən tərəfindən
atəşkəs pozulsa da bu, şagirdlərin dərsə davamiyyətinə
ciddi təsir etmir və təhsil müəssisəsi normal fəaliyyət
göstərir.
Rəhbərlik etdiyi məktəbin uğurlarından söz açan
D.Məmmədov ötən tədris ilində məzunların 20 faizdən
çoxunun yüksək bal toplayaraq müxtəlif ali və orta
ixtisas təhsili müəssisələrinə, o cümlədən də hərbi ali
məktəblərə qəbul olunduğunu söylədi. Təsadüfi deyil ki,
təhsil müəssisəsinin məzunları arasında 36 hərbiçi
vardır.
Bütün bunlara baxmayaraq, kənd sakinləri əzmkarlığını
itirmir, şəxsi təhlükəsizlik qaydaları çərçivəsində
normal həyat və fəaliyyətlərinə davam edirlər.
Məktəbdə media nümayəndələrinin diqqətini çəkən
şəxslərdən biri də əvvəl məktəbdə müəllim işləmiş,
hazırda təqaüddə olan kənd sakinləri Ziyad Nəsibov və
Mədət Məmmədov idi. Onlarla söhbət zamanı məlum oldu ki,
bu müəllimlər uzun müddət Aslanbəyli kənd orta
məktəbində işləyiblər. Ziyad müəllimin 87, Mədət
müəllimin isə 82 yaşı var. Diqqətimizi çəkən məqamlardan
biri də Ziyad Nəsibovun Mədət müəllimə dərs deməsidir.
Mədət müəllim 82 yaşı olmasına baxmayaraq, hələ də
Z.Nəsibova bir müəllim kimi böyük hörmət və ehtiram
bəslədiyini və ondan daim müxtəlif məsləhətlər aldığını
nəzərə çatdırdı.
Daha sonra media nümayəndələri Çaylı kəndindəki Elşən
Cəfərov adına 2 nömrəli tam orta məktəbdə oldular.
Məktəbin girişində tədris ocağının şəhid olmuş 29 nəfər
məzunu haqqında məlumat verilib.
Məktəbin direktoru Abbas Carçıyev bildirdi ki, təhsil
müəssisəsi cəbhəyanı ərazidə yerləşdiyi üçün şagirdlərdə
hərbi hazırlıq vəziyyəti yüksəkdir: "Şagirdlərdə
vətənpərvərlik hissləri yüksək olduğundan onlar hər an
torpaqlarımızı azad etməyə hazır vəziyyətdədirlər.
Bununla yanaşı, təhsillərində də yüksək nəticələr
nümayiş etdirirlər. Hər il məktəbin bir neçə məzunu
500-600-dən çox bal toplayaraq ali məktəblərə daxil
olurlar".
Gənclərin çağırışaqədərki hazırlığı müəllimi, 66 yaşlı
Yusif Qocayev məktəblilərin hərbi biliklərə sonsuz maraq
göstərdiklərini qeyd edir: "31 ildir bu məktəbdə dərs
deyirəm. Bundan sonra da hər zaman gənclərin hərbi
hazırlığı işində yaxından iştirak etməyə hazıram. Çünki
mən şagirdlərimizin hər birində orduya olan həvəsi,
onlarda olan ruh yüksəkliyini görürəm".
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |