Sağlamlıq
imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika
internat məktəbinin X sinif şagirdi olan Nərmin
Hümmətzadə çox istedadlı və bacarıqlı qızdır. O,
dördüncü ildir ki, Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq
Mərkəzinin rəsm studiyasında rəsm sənətinin sirlərinə
yiyələnir. Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan
uşaqlara çox böyük diqqət göstərilir. Nərmin vaxtaşırı
olaraq rayon, şəhər, respublika, hətta beynəlxalq
miqyaslı müsabiqə və sərgilərdə fəal iştirak edir. 11
yaşında olarkən qeyri-hökumət təşkilatları tərəfindən
keçirilmiş "Mən də rəssam olmaq istəyirəm" adlı layihədə
nümunəvi yaradıcılıq işinə görə Qran-pri mükafatına
layiq görülüb. Ombudsman Aparatının təşkilatçılığı ilə
"Mən və hüquqlarım" mövzusunda keçirilən respublika
rəsm müsabiqəsində II, əlillərin VIII ümumrespublika
yaradıcılıq sərgi müsabiqəsində III yerləri, Dövlət
Bayraqı Meydanı Kompleksi İdarəsinin təşkil etdiyi
"Bayrağımız qürur mənbəyimizdir" adlı rəsm müsabiqəsində
isə sertifikat və diploma layiq görülüb. 2011-ci ildə
İctimai Televiziyanın Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının iyirminci ildönümü
münasibətilə elan etdiyi rəsm müsabiqəsində də Nərmin
qalib olub. O, Amerika, Çexiya, Polşa, Ukrayna, Belarus,
Yaponiya, Yunanıstan və s. ölkələrdə keçirilən rəsm
müsabiqələrində Azərbaycanı layiqincə təmsil edib.
2011-ci il Polşada keçirilmiş Beynəlxalq uşaq rəsm
müsabiqəsində II yerə layiq görülüb.
Nərmin Hümmətzadənin mərkəzdə "Danışan rənglərim" adlı
fərdi rəsm sərgisi keçirilib. Sərgidə onun 100-ə yaxın
rəsm və əl işləri nümayiş olunub. 16 yaşlı Nərmin nitq
qüsurlu olmasına baxmayaraq Tanrı ona böyük bir fitri
istedad verib. Danışa bilməsə də öz fikirlərini
rənglərin dili ilə məharətlə ifadə edir. Biçmə, toxuma
işlərində də o, muncuqlardan ustalıqla istifadə edərək
maraqlı kompozisiyalar hazırlayır. Çünki mənzərə, peyzaj
janrlarını çox sevir. Mərkəzdə onun rəsmlərinin
kataloqu hazırlanıb. Ötən il ümummilli lider Heydər
Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş
rəsm müsabiqəsində Nərminin əl işləri I yerə layiq
görülüb. Yeniyetmə rəssamın sənətdə qazandığı uğurlar
onun gələcəkdə böyük sənətkar olacağına ümid verır. Biz
də bu ümidlə ona yaradıcılığında daha böyük nailiyyətlər
arzulayırıq. |