Bu
torpaqda çoxlu sənət korifeyləri yetişib. Şairlər,
bəstəkarlar, xanəndələr yurdu olan Fizuli rayonunda
sabah adı dillər əzbəri olacaq bir istedad sahibi də
xalq çalğı alətlərinin şahı sayılan tarın sirlərinə
yiyələnir. Ötən illər ərzində çoxlu sayda diplom,
fəxri fərmanlar sahibi olan 16 yaşlı Atabəy İsmayılov
Bakıdakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbində
Əflaruz Məmmədovun tar sinfində təhsil alır. Respublika
müsabiqələri laureatı, Qran-pri mükafatçısı, Prezident
təqaüdçüsü olan, öz ifaçılıq qabiliyyəti ilə
yaşıdlarından fərqlənən bu gənc sözün əsl mənasında
istedad sahibidir. Təsadüfi deyildir ki, möhtəşəm
tədbirlərdə təmsil etdiyi kollektivə başucalığı gətirən
Atabəy haqqında dəfələrlə müxtəlif mətbu orqanlarında,
xüsusilə Mədəniyyət və Turizm Nazirliyinin "Mədəni
həyat" jurnalında bir-birindən maraqlı məqalələr dərc
olunub. Haqqında yazılan "Dünyaya açılan pəncərə"
oçerkində müəllif Atabəyin adının gələcəkdə
korifeylər sırasında görəcəyinə zərrəcə şübhə etmir.
Atabəy İsmayılovun uğurları hər il artmaqdadır. 2014-cü
il 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə
keçirilən tədbirdə musiqi sahəsində qazandığı uğurlara
görə kubok və fəxri fərmanla mükafatlandırılıb. Həmin
ilin iyulunda Kalmıkiya Muxtar Respublikasında yaşayan
azərbaycanlıların istəyi ilə Dünya Azərbaycanlılarının
Mədəniyyət Mərkəzinin (DAMM) vitse-prezidenti Rasim
Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə
ikigünlük səfərdə olub. Səfər çərçivəsində Azərbaycan və
Kalmıkiyanın mədəniyyət və incəsənət xadimləri ilə birgə
keçirilən konsertdə gənc yeniyetmə öz ifası ilə
tamaşaçıları məmnun edib.
Azərbaycanın Çexiya Respublikasındakı səfirliyinin
dəstəyi və Azərbaycan Tələbələri Şəbəkəsi Təşkilatının
dəvəti ilə Atabəy Beynəlxalq Musiqi Gününə həsr
edilmiş və "Bakı-2015" birinci Avropa Oyunları
münasibətilə keçirilən flaşmobda Praqa Simfonik Orkestri
ilə çıxış edib. Tədbirdə istedadlı gənc, tar ifaçısı
Atabəy İsmayılov və Praqa film orkestrinin ifasında
məşhur bəstəkar Motsartın "Türk marşı" səsləndirilib.
Qarşıda onu hələ çoxlu səfərlər, festivallar, bayram
tədbirləri gözləyir. Onların hər birində tamaşaçılar bu
gəncin ifasında tarın ecazkar səsinin sehrinə
düşəcəklər. |