Oktyabrın 24-də Azərbaycan Müəllimlər İnstitutu (AMİ)
ilə Qafqaz Universiteti arasında Anlaşma Memorandumu
imzalanıb. Azərbaycan Müəllimlər İnstitutunda baş tutmuş
imzalanma mərasimində Qafqaz Universitetinin rektoru,
professor Əhməd Saniç və Azərbaycan Müəllimlər
İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı, eləcə
də hər iki ali məktəbin nümayəndələri iştirak ediblər.
Anlaşma Memorandumunda hər iki ali məktəb arasında
təcrübə mübadiləsi, birgə təlimlərin təşkil edilməsi,
müasir təhsilin problemlərinə həsr olunmuş respublika və
beynəlxalq konfransların keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Müəllimlər İnstitutuna ixtisasartırma
təhsilinə gələn pedaqoji işçilərin təcrübə və nəzəri
təlimlərini Qafqaz Universitetində pedaqoji fakültədə
təhsil alanlarla birgə təşkil etmək və s. məsələlər
Anlaşma Memorandumunda öz əksini tapıb. Eyni zamanda
universitetdə və institutda psixoloji xidmətin
təşkilində birgə iştirak, müəllim inkişafı, yeni təlim
metodları sahəsində təcrübə mübadiləsi, qarşılıqlı maraq
doğuran digər layihə və proqramlarda birgə iştirak və s.
məsələlər də sənəddə yer alıb.
Hər iki ali məktəbin rəhbərliyinin və professor-müəllim
heyətinin iştirak etdiyi toplantının yekununda rektorlar
professor Aqiyə Naxçıvanlı və professor Əhməd Saniç
memorandumun əhəmiyyətinə, götürülən öhdəliklərə
münasibət bildirərək gələcək işlərdə uğurlar
arzulayıblar.
Onu da qeyd etmək lazımdır ki, ilk təşəbbüs kimi, AMİ-də
ixtisasartırma təhsilində olan ali məktəblərin
professor-müəllim heyətinin Qafqaz Universitetində
təşkili qərara alınaraq oktyabrın 28 - də 60 nəfər
dinləyici, eləcə də Azərbaycan Müəllimlər İnstitutunun
əlavə təhsil ilə məşğul olan bir qrup əməkdaşı Qafqaz
Universitetində olublar.
Mətbuat və informasiya şöbəsi |