Oktyabrın 27-də Təhsil Problemləri İnstitutunun konfrans
zalında xaricdə təhsil üzrə Dövlət proqramının məzunu
Nigar Əmrullayevanın "Azərbaycanda inklüziv təhsilin
idarə olunmasında mövcud olan çətinliklər: sinif və
məktəb səviyyəsində" adlı tədqiqat mövzusu dinlənilib.
Qeyd olunub ki, həyata keçirilmiş tədqiqatın məqsədi
inklüziv təhsili tətbiq edən məktəblərdə müəllim və
idarə heyətinin qarşılaşdığı çətinlikləri araşdırmaqdır.
Bu çətinliklərə həm müəllim və idarə heyətinin, həm də
müvafiq qurumların nümayəndələrinin mövqeyindən
yanaşılıb. Araşdırmaların nəticələri əsasında
Azərbaycanda inklüziv təhsilin idarə olunması sahəsində
mümkün islahat və inkişaf addımları ilə bağlı ilkin
tövsiyələr hazırlanıb.
Tədqiqata gündəlik təcrübələrində xüsusi qayğıya
ehtiyacı olan uşaqlarla işləyən, inklüziya ilə bağlı
təcrübəsi olan məktəblərin heyəti cəlb edilib. Nəticədə
bu prosesdə qarşıya çıxan maneələr haqqında məlumatı ilk
mənbədən dəqiqliklə əldə etmək mümkün olub.
Tədbirdə Təhsil Problemləri İnstitutunun direktor
müavinləri Ənvər Abbasov, Rafiq Qəndilov, şöbə
müdirləri, institutun əməkdaşları, Müasir Tədris və
Təhsilə Yardım Mərkəzinin rəhbəri Elmina Kazımzadə,
mərkəzin əməkdaşı Ülviyyə Mikayılova, Təhsil
Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi
idarəsinin nümayəndəsi, orta məktəb müəllimləri,
valideynlər, QHT nümayəndələri və inklüziv təhsil alan
şagirdlər iştirak ediblər.
Mövzu ətrafında maraqlı müzakirələr aparılıb. Tədbir
iştirakçıları Azərbaycanda sinif və məktəb səviyyəsində
inklüziv təhsilin idarə olunmasında mövcud olan
çətinliklər və onların həlli yollarına dair rəy və
təkliflərini bildiriblər.
Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi |