Oktyabrın
30-da Qərb Universitetində "Ədəbiyyat incəsənət
növlərinin qarşılıqlı kontekstində" mövzusunda
beynəlxalq elmi konfrans keçirilib. Tədbiri giriş sözü
ilə açan Qərb Universitetinin rektoru, professor Zenfira
Məmmədova konfrans barədə məlumat verib.
Qeyd edilib ki, bu elmi konfrans ədəbiyyat, musiqi və
digər incəsənət növlərinin qarşılıqlı əlaqəsi sahəsində
fənlərarası tədqiqatlara həsr olunmuş ilk konfransdır.
Ölkəmizdə ədəbiyyata, musiqiyə və incəsənətə həmişə
diqqət və qayğı olub. Konfransın mövzusu uzun zamandan
bəri öyrənilir və tədqiq olunur.
Bildirildi ki, bu mövzu gələcəkdə bakalavr və magistr
səviyyələrində elmi seminarlar və konfranslar kimi davam
etdiriləcək. Hazırda Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın rəhbərliyi ilə bütün dünya
səviyyəsində mədəniyyətimiz təbliğ edilir.
Sonra Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin
müdiri Gültəkin Hüseynova çıxış edərək "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" çərçivəsində görülən işlər barədə tədbir
iştirakçılarına məlumat verib.
Şöbə müdiri vurğuladı ki, bu konfrans təhsil nazirinin
dəstəyi ilə ilk dəfədir keçirilir. Konfrans çərçivəsində
digər ölkələrdən gələn nümayəndələrlə birlikdə ədəbiyyat
və musiqinin qarşılıqlı problemləri öyrəniləcək.
Konfrans öz işini yerli və xarici professorların çıxışı
və müxtəlif musiqi nömrələri ilə davam etdirib.
Qeyd edək ki, beynəlxalq elmi konfransda Azərbaycanın
elm xadimləri ilə yanaşı, B.N.Yeltsin adına Ural Federal
Universiteti, Tokio Universiteti, Toronto Universitetini
təmsil edən Yaponiya, Rusiya, ABŞ, Kanada və İrandan
olan tədqiqatçılar- filoloqlar, musiqişünaslar,
mədəniyyətşünaslar iştirak ediblər.
Rüfanə GÜNƏŞ |