Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sankt-Peterburqda bir neçə uşaq evində və internat məktəbində olub

 

Böyütmək üçün şəkili seçinHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində bir neçə uşaq evində və internat məktəbində olub.

Şəhərdəki kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlar üçün 13 nömrəli uşaq evinin baş həkimi Natalya Nikiforova Leyla Əliyevaya məlumat verdi ki, ixtisaslaşdırılmış psixonevroloji uşaq müəssisəsində 60-dan çox uşaq tərbiyə alır. Onların arasında uşaq serebral iflici, fiziki və zehni inkişafdan geri qalan körpələr, eləcə də müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olan sağlam uşaqlar var. Xəstə uşaqlar bu müəssisədə dörd il xüsusi müalicə aldıqdan sonra övladlığa verilir, yaxud internat məktəblərə keçirilirlər. Burada uşaqların müalicəsi, tərbiyəsi və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Eyni zamanda, xəstə uşaqların Rusiyanın ən qabaqcıl tibb müəssisələrində müalicəsi təşkil edilir. N.Nikiforova qeyd etdi ki, Sankt-Peterburq Dövlət Universitetinin psixologiya fakültəsinin alimləri 13 nömrəli uşaq evində apardıqları tədqiqatlar nəticəsində belə qənaətə gəliblər ki, ömrünün ilk iki ilini yad insanların əhatəsində keçirən körpələr ünsiyyətdən məhrum olurlar. Bu tədqiqatlar əsasında müəssisənin fəaliyyətində dəyişiklik edilib və burada uşaqlar üçün ev şəraitinə yaxın sabit sosial mühit yaradılıb.

Baş həkim həmin tədqiqatların nəticəsi olaraq ərsəyə gələn "Sosial-emosional təcrübədə ilkin dəyişikliklərin uşaq evlərində tərbiyə alan uşaqların inkişafına təsiri" ("Vliyaniye izmeneniya ranneqo sosialno-emosionalnoqo opıta na razvitiye detey v domax rebenka") kitabını Leyla Əliyevaya hədiyyə etdi.

Leyla Əliyeva uşaq evində yaradılan şəraitlə tanış oldu, buradakı masaj və infraqırmızı sauna, duz mağarası, hovuz və oyun otaqlarına baxdı. Heydər Əliyev Fondu adından uşaq evinə oyuncaqlar hədiyyə olundu. Uşaq evinin kollektivi Heydər Əliyev Fonduna və şəxsən Leyla Əliyevaya minnətdarlığını bildirdi.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sankt-Peterburqdakı kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 31 saylı mərkəzdə oldu.

Mərkəzin direktoru Oksana Zabelina və Sankt-Peterburqun Moskva rayonu administrasiyası başçısının səlahiyyətlərini yerinə yetirən Vladimir Uşakov Leyla Əliyevaya müəssisə barədə məlumat verərək bildirdilər ki, mərkəz 1957-ci ildə Uşkovo qəsəbəsində məktəbəqədər uşaq evi kimi yaradılıb. Sonradan Rusiyanın şimal paytaxtının Moskva rayonuna köçürülərək mərkəz kimi fəaliyyətə başlayıb. Yetmişə yaxın kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşağın tərbiyə aldığı mərkəzdə hovuz və dərnək məşğələləri üçün otaqlar var. Uşaqlar mütəmadi olaraq həkim müayinəsindən keçir, onların gələcəkdə müstəqil həyata sosial adaptasiyası üçün tədbirlər görülür. O.Zabelina, həmçinin vurğuladı ki, hazırda mərkəzdə çalışan 6 tərbiyəçi bu müəssisənin yetirməsidir.

Leyla Əliyeva mərkəzin otaqlarını gəzdi. Uşaqlar Heydər Əliyev Fondunun vitse-prezidentinə öz əl işlərini hədiyyə etdilər. Sonda Heydər Əliyev Fondu adından mərkəzə müasir kompüter avadanlığı hədiyyə olundu. O.Zabelina mərkəzin kollektivi və burada tərbiyə alan uşaqlar adından Leyla Əliyevaya minnətdarlığını bildirdi.

Leyla Əliyeva görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan uşaqlar üçün K.Qrot adına 1 saylı internat məktəbində və uşaq evində də oldu. Müəssisənin direktoru Aleksey Muxin Heydər Əliyev Fondunun vitse-prezidentinə internat məktəbində təhsil standartları barədə məlumat verdi. Bildirildi ki, internat məktəbinin tarixi 1881-ci ildə Rusiyada ilk dəfə tanınmış ictimai xadim Konstantin Qrotun görmə qabiliyyətini itirmiş oğlanlar üçün açdığı məktəbdən başlayır. Hazırda 300 uşağın təhsil aldığı məktəb Federal Dövlət Təhsil Standartları əsasında fəaliyyət göstərir. İnternat məktəbində xüsusi olaraq bu kateqoriyadan olan şagirdlər üçün hazırlanmış dərsliklər vasitəsi ilə bütün fənlər tədris edilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti fənn kabinetlərini gəzdi, kitabxana və fonoteka ilə tanış oldu, şagirdlərlə söhbət etdi, onlarla xatirə şəkilləri çəkdirdi.

Daha sonra Leyla Əliyeva internat məktəbinin nəzdində fəaliyyət göstərən uşaq evində oldu. Burada Diana Qurtskayanın "Ürəyin səsi ilə" xeyriyyə fondunun görmə qabiliyyətini itirmiş uşaqlar üçün keçirdiyi musiqi festivalının iştirakçıları və qalibləri məxsusi olaraq Leyla Əliyeva üçün hazırladıqları konsert proqramı ilə çıxış etdilər.

Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqların ifa etdikləri musiqiləri dinlədi, onlarla xatirə şəkli çəkdirdi.

İnternat məktəbinə Heydər Əliyev Fondu adından hədiyyələr təqdim edildi. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov