Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Paytaxt məktəblərində hazırlıq qrupları fəaliyyətə başlayıb

 

 Böyütmək üçün şəkili seçinMəşğələləri müəllimlərin bilik və səriştəsinin Sınaq  Qiymətləndirilməsində yüksək nəticə  göstərən müəllimlər keçirlər 

Ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma  səviyyəsini  artırmaq məqsədilə Təhsil Nazirliyi  tərəfindən müəyyən tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, paytaxtın 89 ümumtəhsil məktəbində məktəbəhazırlıq qrupları artıq fəaliyyətə başlayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin verdiyi məlumata görə, oktyabrın 15-dən mayın 25-dək davam edəcək, həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir.

Qeyd edək ki, artıq 89 məktəbdə 135 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb. Burada uşaqlarla məşğələləri aparan təcrübəli, bacarıqlı, intellektual, müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində yüksək nəticə  göstərən ibtidai sinif  müəllimləri həmçinin  xüsusi təlim keçiblər.

2015-ci il dekabrın 31-dək 6 yaşı tamam olan uşaqların təhsil aldıqları məktəbəhazırlıq qrupları ödənişli əsaslarla aparılır və onun aylıq qiyməti 40 AZN təşkil edir. Bu proses valideynlə məktəb arasında  bağlanan ikitərəfli müqavilə əsasında ödəniş haqqının təhsil müəssisəsinin bank hesabına köçürülməsi ilə həyata keçirilir. Hazırlıq qrupunu bitirən uşağa sonda rəsmi sənəd - arayış veriləcəkdir.

Verilən məlumatda o da qeyd olunurdu ki, müəyyən səbəblərdən hazırlıq qrupuna vaxtında başlaya bilməyən uşaqlar üçün valideynlərin müraciətlərinə əsasən, dərs ilinin ikinci yarısından etibarən əlavə qruplar təşkil oluna bilər. Qruplar təşkil olunduğu halda yanvar ayının 10-dan başlayaraq iyun ayının sonunadək davam edəcəkdir.

 Bəs görəsən layihəni həyata keçirmək uçün müəyyənləşdirilmiş məktəblərdə  bu iş necə təşkil olunur? Təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının fəaliyyəti üçün nə kimi işlər görülüb? Bu məqsədlə paytaxtın bir neçə məktəbində olduq.

 Bu qruplar uşaqların məktəbə daha tez adaptasiyasına kömək edəcək 

Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə  artıq bir neçə gündür ki, məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Azərbaycan bölməsində 13, rus bölməsində 15 usaq olmaqla bütövlükdə 28 uşaq burada məşğul olur. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Elmira İbrahimova ilə həmin qruplarda olduq. Hər iki qrupda uşaqların rahat məşğul olmaları üçün hər cür imkan yaradılıb. Uşaqlarla məşğul olanlar müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərmiş, təcrübəli, peşəkar  ibtidai sinif müəllimləri Pərvanə Qasımova və Rəna Nəsirovadır. Müəllimlər  bu qrupların məhz  təhsil müəssisəsində açılmasının uşaqların məktəbə daha tez adaptasiya olunmasında, onların sosiallaşmasında əhəmiyyətli rol oynayacağını bildirdilər. 

Məktəbdə bu qrupların fəaliyyəti xüsusi diqqətdə saxlanılır 

Olduğumuz digər təhsil müəssisəsində - İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbdə də məktəbəhazırlıq qruplarının fəaliyyətinin xüsusi diqqətdə saxlanıldığının şahidi olduq. Məktəbin direktoru Firəngiz Həmidova bizi həmin qruplarla tanış etdi. Təhsil ocağında məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə bağlı zəruri təşkilati işlər görülüb. Fəaliyyət göstərən 3 məktəbəhazırlıq qruplarında bir rus və 2 Azərbaycan bölməsi olmaqla 42 usaq məşğul olur və həmin məşğələlər dərs cədvəlinə uyğun olaraq həftənin I, II, IV və V günləri aparılır. Məktəbin təcrübəli, peşəkar və  müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərmiş ibtidai sinif müəllimləri bu qruplara cəlb olunub.

Direktor məktəbəhazırlıq qruplarının uşaqların kollektivçiliyə, digər həmyaşıdları ilə birgə məşğul olmağa öyrəşməsində, məktəb həyatına müəyyən qədər hazır olmasında əhəmiyyətli rol oynadığını söyləyərək bir təhsil işçisi kimi Təhsil Nazirliyi tərəfindən  belə bir layihənin həyata keçirilməsini məktəbəqədər təhsilin inkişafında uğurlu bir addım kimi qiymətləndirdi. 

Qrupların açılması valideynləri müəyyən problemlərdən azad edib 

Mirzə Xosrov  Axundzadə adına 102 nömrəli tam orta məktəbdə  məktəbəhazırlıq qruplarının fəaliyyəti üçün lazımi avadanlıqlarla təchiz olunan iki kabinet ayrılıb. Məktəbin direktoru Mailə  İsmayılova təhsil müssisəsində 2 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərdiyini, onlardan birinin rus, digərinin isə Azərbaycan bölməsi olmaqla  ümumilikdə 30 uşağın burada məşğul olduğunu bildirdi. Məktəbdə bu qrupların fəaliyyəti ilə bağlı bütün təşkilati işlərin görüldüyünü, valideynlərlə məktəb arasında ikitərəfli müqavilələrin bağlanıldığını söyləyən direktor həmin qruplarda müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərmiş, təcrübəli, bacarıqlı ibtidai sinif müəllimlərindən olan Sevinc Güləlizadənin və Məlahət Məmmədovanın məşğələ apardığını söylədi. Həftədə  4 gün 3 saat olmaqla  keçirilən məşğələlərdə  uşaqların ətraf aləmlə tanışlığı təmin olunur, onların nitqinin, bədii, məntiqi və sadə riyazi təfəkkürünün,  həmçinin təsviri fəaliyyətinin, musiqi və fiziki mədəniyyətinin  inkişafı ilə bağlı müəyyən işlər aparılır. Hər iki müəllimin uşaqlarla apardığı məşğələlərdə iştirak etdik.  Məktəbəhazırlıqla bağlı xüsusi təlim keçən müəllimlər "Məktəbəqədər təhsil müəssisələri üçün təlim materiallarının təxmini planlaşdırılması ( metodik tövsiyə)", "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurikulumu)  3-6 yaş" və digər tövsiyə olunan kitablardan istifadə edirdilər. Məşğələlərdə uşaqların fəallığı xüsusi hiss olunurdu.

Məktəbin direktoru Mailə  İsmayılova məktəbəhazırlıq qruplarının açılmasının təqdirəlayiq olduğunu deyərək hazırlıq qruplarının fəaliyyət göstərməsinin xüsusilə valideynləri müəyyən problemlərdən azad etdiyini bildirdi. Belə ki, onsuz da valideynlər uşaqlarını müəyyən bir bəlli yaşdan sonra müxtəlif  məktəbəhazırlıq kurslarına qoymağı düşünürlər. Bu zaman oradakı təhsil haqqı heç də əksər valideynlərin cibinə uyğun olmadığı üçün  ancaq müəyyən bir təbəqə həmin xidmətlərdən istifadə edə bilirdi. Bəzən isə yolun uzaqlığı və ya müxtəlif adlar altında fəaliyyət göstərən məktəbəqədər hazırlıq kurslarında uşaqların çox yüklənməsi də valideynləri narahat edirdi. Valideynlər məhz məktəbdə məktəbəhazırlıq qruplarının açılmasından, məşğələlərin təcrübəli ibtidai sinif müəllimləri tərəfindən aparılmasından və xidmət haqqının onlar üçün münasib olmasından olduqca razıdırlar. 

Samirə KƏRİMOVA,
Foto Rəşad ZİYADOVUNDUR,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov