Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Bolonya prosesi təhsilimizə nə verib?

 

Gələn il Azərbaycanın Bolonya prosesinə qoşulmasının 10 ili tamam olur 

Yusif ƏLİYEV, Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

Böyütmək üçün şəkili seçinTəşəkkül tarixi ötən əsrin sonlarına təsadüf edən Bolonya prosesi Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılmasını nəzərdə tutur.  Ölkəmiz bu prosesə 2005-ci il mayın 19-da qoşulub. Gələn il Bolonya Bəyannaməsini imzalamağımızın 10 ili tamam olur.

Hər bir yeniliyin tətbiqində olduğu kimi, Bolonya prosesinə qoşulanda da ölkəmizdə ilk vaxtlar bunu təqdir edənlər və məqbul saymayanlar var idi. Təxminən 6 il öncə Bolonya prosesinin mahiyyəti ilə bağlı ali məktəblərin birində apardığımız sorğu zamanı bir professor sanki bu prosesi ölkəmiz üçün məqbul saymayanların fikrini ifadə edərək demişdi: "Bu ona bənzəyir ki, palma ağacını gətirib Bakıda əkirsən".

Professorun ironiyasına rəğmən "palma ağacı" nəinki ölkəmizə gətirilərək əkilib, həm də artıq kök atıb, şaxələnib.

Azərbaycan Bolonya Bəyannaməsini imzalayanda onun bəzi müddəaları, prinsipləri artıq ölkəmizdə tətbiq olunurdu. Belə ki, 1992-ci ildə qəbul olunmuş "Təhsil haqqında" Qanuna əsasən ikipilləli ali təhsilə, çoxballı qiymətləndirmə sisteminə keçilmiş və bu sahələrdə xeyli müsbət təcrübə toplanmışdı. 2005-ci ildən isə bu sahədə aparılan işlərin Bolonya sisteminin tələblərinə uyğunlaşdırılmasına, bəyannamədə nəzərdə tutulan digər müddəaların, o cümlədən kredit sisteminin (Avropa Kredit Transfer Sisteminin) tətbiqinin, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsinin, mobilliyin genişləndirilməsinin, ixtisasların və diplomların qarşılıqlı tanınmasının, diploma əlavələrin Avropa ölkələrinin ali təhsil haqqında müvafiq sənədlərinə uyğunlaşdırılmasının, məzunların işlə təminatına nail olunmasının, ali təhsil sisteminin cəlbediciliyinin təmin edilməsinin gerçəkləşdirilməsinə başlanılıb. İlkin mərhələdə ölkənin 10 ali məktəbində bəzi ixtisaslarda eksperimental qaydada tətbiq olunan kredit sistemi sonra bütün ali məktəbləri və ixtisasları əhatə edib. Prosesin tətbiqi ilə bağlı bir sıra normativ sənədlər hazırlanaraq təsdiq edilib.

Ölkəmizdə təhsilin dünya təhsil sisteminə, xüsusən də ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiya prosesi və Bolonya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək məqsədi ilə ölkə başçısı tərəfindən 31 yanvar 2008-ci il tarixində "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa   ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalanıb. Həmin sərəncama əsasən "2009-2013-cü  illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" qəbul olunaraq icrası təmin edilib. Bütün bunların nəticəsi olaraq deyə bilərik ki, son 10 ildə Bolonya prosesi ölkəmizdə tam tətbiqini tapıb. Bəs bu proses Azərbaycan təhsilinə nə verib? Təhsil Nazirliyindən Azərbaycanın Bolonya prosesinə qoşulmasının aşağıdakı kimi üstünlükləri olduğu bildirilib:

* Azərbaycanın ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası;

* Tələbə və müəllim kontingentinin vahid Avropa ali təhsil məkanına qoşulan ölkələr arasında mobilliyinin asanlaşdırılması (eyni zamanda bir ölkənin ali təhsil müəssisələri arasında);

* Tələbə və müəllim kontingentinin vahid Avropa ali təhsil məkanına qoşulan ölkələr arasında məşğulluq (işədüzəlmə) prosesinin asanlaşdırılması;

* Diploma əlavənin vahid modelinin yaradılması ilə məzunların əmək bazarında fəaliyyətə başlamasını asanlaşdırması;

* Uzunömürlü təhsil almaq imkanlarının yaradılması (ali təhsil müəssisələrindən akademik uğursuzluğa görə xaric olunmanın aradan qaldırılması);

* Hər bir tələbəyə fərdi yanaşma;

* Hər bir müəllimin tədris etdiyi kursa (fənnə) sərbəst yanaşması;

* Tələbələrə öz təhsil prosesini seçməkdə sərbəstliyin verilməsi (məs., müəllim və fənn seçimində sərbəstliyi);

* Yay semestri imkanlarından istifadə;

* Tədrisi vaxtından əvvəl bitirmə imkanları (bakalavriat səviyyəsində 3.5 il, magistratura səviyyəsində 1.5 il);

* Diplomların ekvivalentliyi və qarşılıqlı tanınması imkanları.

Sualı bu sahənin biliciləri kimi tanınan mütəxəssislərə ünvanladıq. Aşağıda onların qeydlərini təqdim edirik:


Hamlet İSAXANLI,
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor
 

Avropa dövlətləri iqtisadi, siyasi və digər məsələlərdə birləşdiyi kimi təhsil sahəsində də müəyyən edilmiş ümumi qaydaların tətbiqini zərirət hesab edirdi. Avropa təhsil sistemində müəyyən harmonizasiyanın yaradılması, ahəngdarlığın təmin edilməsi məqsədilə ilk dəfə Fransanın Sorbon Universitetində 4 Avropa ölkəsinin iştirakı ilə memorandum imzalandı. Bundan sonra İtaliyanın Bolonya Universitetində bir çox Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə Bolonya prosesinin tətbiqi ilə bağlı bəyannamə imzalandı. Müxtəlif illərdə, Avropa ölkələri get-gedə bu prosesə qoşulurdu. Prosesin tətbiqində əsas məqsəd o idi ki, Avropa ölkələrinin təhsil sistemləri bir-birini başa düşsün. Lakin bu o demək deyildir ki, bütün Avropa təhsil sistemi eyniləşsin və standarta salınsın. Çoxpilləli təhsil, kredit sistemi, təhsilin keyfiyyətinin qarşılıqlı qiymətləndirilməsi, tələbə, müəllim mobilliyi, diplomların qarşılıqlı tanınması Bolonya prosesinin əsas müddəalarıdır.

Azərbaycan 2005-ci ildə Bolonya prosesinə qoşuldu. Həmin dövrdə çoxları bu prosesin nədən ibarət olduğunu başa düşmürdü. Biz Xəzər Universitetində bir sıra ali təhsil müəssisələrinin dekanlarının seminarlarını təşkil etdik və proses haqqında geniş məlumatlar verdik. Bununla bağlı həmin dövrdə mətbuatda da bir sıra məqalələr yazdım və Bolonya prosesinin mahiyyətini açıqlamağa çalışdım. Prosesin tətbiqi zamanı bir çox çətinliklər baş verirdi. Geniş təbliğat aparılmasına baxmayaraq bu proses Avropadakı kimi tam başa düşülmədi və bu gün də bununla bağlı müəyyən problemlər var.

Ölkəmizdə bu prosesin tətbiqinin bizə verdiyi ən vacib amillərdən biri kredit sistemidir. Bu sistem demək olar ki, bütün ali təhsil müəssisələrində tətbiq olunur. Xəzər Universiteti yarandığı gündən bu günə qədər kredit sistemini tətbiq edir. Çünki biz Amerika təhsil sistemini əsas götürürük və düşünürdük ki, bu sistem gec-tez Avropada da öz təsdiqini tapacaq. Ancaq Bolonya prosesinin Azərbaycana bundan başqa elə bir xeyri olduğunu düşünmürəm. Buna səbəb respublikamızda bu prosesin də müəyyən qədər standartlaşdırılmasıdır. Qeyd edim ki, Bolonya prosesinə qoşulmuş ölkələrin qarşısına konkret şərtlər qoyulmur, sadəcə tövsiyələr edilir. Ümumiyyətlə, dünyanın bir çox ölkələrində universitetlərə sərbəstlik verilir. Həmin universitetlərdə dövlət tərəfindən təsdiq edilmiş xüsusi tədris planı olmur. Buna misal olaraq Amerikanı göstərmək olar. Amerikada universitetlərə nəzarət edən qurum belə yoxdur. Hətta orada belə bir deyim var ki, Amerika təhsilinin gücü onun sistemsiz olmasındadır. Yəni, universitetlər tam sərbəstdirlər. Qəbulu da özləri aparır, diplomu da özləri verir.

Bolonya prosesinin əsas prinsiplərindən biri məhz keyfiyyətdir. Bu keyfiyyəti almaq üçün isə universitetlərə muxtariyyət və sərbəstlik verilməli, standart tədris planı olmamalıdır. Təsəvvür edək ki, kompüter elmləri ilə bağlı tez-tez yeniliklər baş verir və həmin yeniliklərin tədrisi ilə bağlı tədris planında heç nə nəzərdə tutulmur. Deməli, bu yeniliklər tələbəyə çatdırılmır və ya gec çatdırılır.  Tədris planı dinamik olmalıdır. Bolonya prosesinin də ana prinsiplərindən biri standartlaşdırmadan uzaq durmaqdır. Prosesdə hər hansı bir dərsin müəyyən edilmiş krediti yoxdur. Lakin bu məqama bizdə bir o qədər də fikir verilmir. Buna görə də bir çox çatışmazlıqlarımız var.  Ona görə də düşünürəm ki, Bolonya prosesi Azərbaycanda kredit sisteminin tətbiqindən başqa tədrisin keyfiyyətinə təsir edəcək elə bir köklü dəyişiklik gətirməyib. Lakin Avropa universitetləri ilə tələbə mübadilələri, diplomların tanınması və sair kimi məsələlərdə müsbət mənada dəyişikliklər var. Düşünürəm ki, dünyada gedən elmi proseslərlə, yeniliklərlə yaxından tanış olmalıyıq. Ölkə olaraq elmi potensialımızı artırmalıyıq. Universitetlərimizdəki professor-müəllim heyəti yerində saymamalıdır. 15-20 il bundan qabaq tətbiq olunan tədris planları əsasında dərslər aparmamalı, yeniliklərə can atmalıdır. 


Elturan YUSİFOV,
Gəncə Dövlət Universiteti tədris-metodika bölməsinin müdir
 

Avropa təhsil sisteminə qoşulmaqla Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün Avropa ölkələrinin təhsil sistemini əhatə edən Bolonya prosesinə qoşulmaqla təhsil sistemimiz dünya təhsil sisteminə çıxış əldə etdi.

Bolonya prosesinin əsas tələblərindən biri ali təhsildə kredit sisteminin tətbiq edilməsidir. Bu sistem özündə əsas iki məsələni birləşdirir. Buraya tələbələrin mobilliyini təmin etmək və öz təhsilalma trayektoriyasını müstəqil müəyyənləşdirmək imkanları daxildir.

Bolonya prosesinə qoşulmaqla Azərbaycan təhsilinin humanistləşdirilməsi prosesinə start verilmiş oldu. Tələbənin tədris yükünün həcmi azaldıldı, ənənəvi təhsil sistemində ixtisas üzrə tədris planında tam kursu bitirmək üçün tələbəyə 60-a yaxın fənnin tədrisi nəzərdə tutulurdusa, kredit sisteminə keçidlə əlaqədar olaraq təsdiq edilmiş yeni Dövlət  Standartlarında fənlərin sayı və saatların miqdarı 2 dəfəyədək azaldıldı. Tələbənin həftəlik auditoriya saatlarının miqdarı 36-dan 26-ya qədər azaldılmış, tələbələrin sərbəst hazırlaşmasına diqqət artırılmışdır.

Bolonya prosesinə keçidlə əlaqədar tələbələr üçün daha operativ və müasir biliklər almaq, eyni zamanda təlimin, tədrisin keyfiyyətini yaxşılaşdırmaq və digər baxımlardan bu sistemin geniş imkanlar açdığını görmək mümkündür.

Bu sistem üzrə müəllim daha məlumatlı olmalı, auditoriyaya daha hazırlıqlı şəkildə girməli, innovativ texnologiyalarda əks olunan faktlara və biliklərə yiyələnməlidir. Bolonya prosesi ali təhsilin iki-bakalavriat və magistratura səviyyələrində olmağı nəzərdə tutur.

Bolonya prosesi əsasında magistraturada təhsil alan tələbəyə 2 il müddətində hər hansı sahə üzrə daha dərinləşdirilmiş biliklərin verilməsi vacibdir. Bu da dünyada sınaqdan çıxan bir üsuldur. Azərbaycan təhsili bu sistemə inteqrasiya olunmaqla dünya təhsil sisteminə inteqrasiya olunub.

Boloniya prosesi ixtisas sistemi dərinləşdirilən biliklərin verilməsi baxımından da üstünlüklərə malikdir. Bu keçidi Azərbaycanın təhsil tarixində mütərəqqi  proses adlandırmaq olar. Boloniya prosesi geriyədönməz prosesdir. O, günümüzün reallığıdır. Bolonya prosesinin tətbiqi məsələsi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda da öz əksini tapıb.

Azərbaycan təhsilinin bir hissəsi olan Gəncə Dövlət Universitetində də tədrisin kredit sistemi əsasında qurulması professor-müəllim heyəti və tələbələr qarşısında yeni üfüqlər açıb. Universitetin beynəlxalq əlaqələri genişlənmiş, Avropa Birliyinin TEMPUS, ERASMUS və Türkiyə Cümhuriyyətinin Mövlanə proqramları çərçivəsində tələbə mübadiləsi həyata keçirilib. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov