Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Təhsil Nazirliyində Anlaşma Memorandumu imzalandı

 

Böyütmək üçün şəkili seçinOktyabrın 30-da Təhsil Nazirliyi ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsil sahəsinə dövlət səviyyəsində xüsusi diqqət göstərildiyini vurğulayıb. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" bu sahəyə verilən önəmi bir daha bariz şəkildə nümayiş etdirir. Bu sənəd təhsilimizin qarşısında duran əsas çağırışları müəyyən edir, bir çox vacib hədəflər üzrə islahatlara zəmin yaradır, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi üçün yolları göstərir.   

Nazir bildirib ki, müasir iqtisadi inkişaf konsepsiyası təhsil sahəsi ilə biznes dünyasının əməkdaşlığının hərtərəfli perspektiv inkişafını tələb edir.   Bunu nəzərə alaraq, Təhsil Nazirliyi işəgötürənlərlə, biznes dünyası ilə sosial əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir.

Mikayıl Cabbarov son dövrlər bu sahədə işlərin intensivləşdirildiyini xatırladıb. Müxtəlif ali təhsil müəssisələrində sahibkarların iştirakı ilə məzunlar üçün əmək yarmarkalarının keçirilməsi, peşə təhsili məktəblərində tədrisə sahibkarların cəlb olunması, tələbələrin sahibkarlıq müəssisələrində təcrübə keçməsi ilə bağlı fəaliyyətin artırılması Təhsil Nazirliyinin biznes dünyası ilə əlaqələrinin genişləndirilməsi sahəsində həyata keçirdiyi işlərin görünən hissəsidir. "Müasir Azərbaycan Peşəkarları" layihəsini xatırladan Mikayıl Cabbarov bildirib ki, bu layihə çərçivəsində peşə təhsili müəssisələrində hazırlanan mütəxəssislər əmək bazarındakı tələbata uyğunluğu ilə seçilir. Belə mütəxəssislərin 75 faizindən çoxu tədrisi başa vuran kimi özünə ixtisasına uyğun iş yeri tapır. Bu isə yeni tədris metodlarının işəgötürənlərin gözləntilərinə uyğun olduğunu göstərir.    

Böyütmək üçün şəkili seçinNazir bildirib ki, müasir dövrdə tədrisin mövcud əmək bazarına uyğunlaşdırılması bütün sahələrdə kadr çatışmazlığının aradan qaldırılmasına, sahibkarlıq obyektlərinin yüksək səviyyəli yerli kadrlarla təminatına istiqamətlənib. Bu sahədə uğurlara nail olmaq üçün, ilk növbədə, sahibkarlarla ali məktəblər və peşə təhsili müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsi vacibdir. Sahibkarlar onlara hansı keyfiyyətlərə malik kadrların gərək olduğunu birbaşa tədris müəssisələrinə sifarış edir, müvafiq tələblərə uyğun formalaşmasına istiqamət verir. Eyni zamanda sahibkarların tələbələrin təcrübəyə cəlb olunmasına dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Dünya əmək bazarına uyğun, əcnəbi mütəxəssislərdən geri qalmayan rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması müasir təcrübi biliklərin səviyyəsindən asılıdır.

Nazir  sahibkarlara biznesin strateji hədəflərini müəyyənləşdirərkən kadr ehtiyatının hazırlanması işini unutmamağı tövsiyə edib.  Tələbələrin  innovativ ideyalarının dəstəklənməsi,  xüsusi  təqaüdlərin təsis edilməsi  gələcəyin  praqmatik düşüncəli mütəxəssislərinin  hazırlanmasına  verilən  ən böyük  töhfədir.  Mikayıl  Cabbarov  ASK-nın  ali  təhsil  müəssisələrində  biznes-inkubatorların  yaradılması  layihəsinə  dəstək  verəcəyinə  əminliyini  vurğulayıb.

ASK-nın prezidenti Məmməd Musayev Azərbaycanda sahibkarlığın vəziyyəti və nazirliklə adıçəkilən qurum arasında imzalanan Memorandumun əhəmiyyətindən danışıb. Məmməd Musayev savadlı gənclər hesabına kadr ehtiyatının yaradılmasının vacibliyini vurğulayıb və bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib.

Təhsil naziri Mikayıl Cabbarov və ASK-nın prezidenti Məmməd Musayev Memorandumu imzalayıblar.

Memorandum sahibkarlarla Təhsil Nazirliyi arasında əlaqələrin daha da inkişaf etdirilməsi, özəl sektorda çalışan sahibkarlarla sosial partnyorluğun yaradılması, iqtisadiyyatın sürətli inkişafı şəraitində yeni texnologiyaları mənimsəmiş kadrların hazırlanmasında birgə fəaliyyəti nəzərdə tutur.

Tərəflər arasında razılaşmaya əsasən, ASK-nın təhsil və peşə təhsili komissiyalarının tərkibinə Təhsil Nazirliyinin nümayəndəsi də daxil edilib.  

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov