Oktyabrın
27-də Azərbaycan Dövlət İqtisad Universitetinin
İnnovativ Biznes-İnkubatorunun (İBİ) təqdimatı keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, gənclər və
idman naziri Azad Rəhimov, Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru Ədalət Muradov iştirak ediblər.
İlk öncə qonaqlar İnnovativ Biznes-İnkubatorunun ofisi
ilə tanış olublar.
Qeyd edək ki, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə
Dövlət Proqramı" çərçivəsində yaradılmış İBİ-nin əsas
məqsədi tələbə və gəncləri biznesə cəlb etmək, tələbə
sahibkarlığını inkişaf etdirməkdən ibarətdir. Həmçinin,
İBİ çərçivəsində ADİU-nun professor-müəllim heyətinin
sosial təminatının yaxşılaşdırılması da nəzərdə tutulub.
Onlar innovativ biznes yönümlü metodiki vəsaitlərin
yazılması, təlim və master klasların keçirilməsi,
mentorluq, konsaltinq, biznes planların, keyslərin
hazırlanması və bu kimi digər məsələlərə cəlb
ediləcəklər. İnkubatorun əsas funksiyaları startap
layihələrlə müraciət edənlərə öz bizneslərini qurmaqda
tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə
dəstəyi çərçivəsində kömək etməkdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru Ədalət Muradov mərasim
iştirakçılarını salamlayıb, İnnovativ
Biznes-İnkubatorunun fəaliyyətinin uğurlu olacağına
inandığını bildirib.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət İqtisad
Universitetində İnnovativ Biznes-İnkubatorunun
yaradılmasının digər müvafiq layihələrin həyata
keçirilməsinə yaxşı bir örnək olacağını qeyd edib.
Tələbələr asudə vaxtlarından qazanc əldə etmək məqsədilə
daha səmərəli istifadə edə biləcəklər. Tələbələrin
işəgötürənlərlə əlaqələrinin əsası qoyulacaq,
tərəfdaşlıq münasibətləri təşəkkül tapacaq və onlar
birgə əməkdaşlıq təcrübəsi qazanacaqlar. Eyni zamanda
tələbələr əldə etdikləri nəzəri biliklərin tətbiqi
bacarıqlarına yiyələnəcək və gələcəyin sahibkarı kimi
formalaşacaqlar.
Ali məktəblərdə tətbiq olunan tədris proqramları və
SABAH qruplarının yaradılması haqqında fikirlərini
söyləyən nazir yaxın perspektivdə universitetlərin
texnoparklarının yaradılmasının zəruriliyi məsələsinə də
toxunub.
Gənclər və idman naziri Azad Rəhimov İnnovativ
Biznes-İnkubatorunu həm gənclərin məşğulluğunun təmin
olunması, həm də onların ilkin sahibkarlıq fəaliyyətinə
başlaması üçün gərəkli olduğunu nəzərə çatdırıb. Bu gün
ölkə Prezidenti cənab İlham Əliyev sosial layihələrin
həyata keçirilməsinə xüsusi önəm verir. Bu baxımdan
gənclərin praktik inkişafına təkan verən İnnovativ
Biznes-İnkubatorunun yaradılması təqdir olunmalıdır.
İnnovativ Biznes-İnkubatorunun direktoru Mircavid
Həsənov "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət
Proqramı" çərçivəsində ölkəmizdə ilk dəfə ADİU-nun
nəzdində yaradılmış İBİ-nin fəaliyyət istiqamətləri
haqqında məlumat verib.
Daha sonra ADİU-nun tələbələri İBİ çərçivəsində
hazırlanmış startap layihələrini təqdim ediblər. |