Bakıda
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK),
Təhsil Nazirliyi və Olimpiya Oyunlarının Ümumdünya
tərəfdaşı olan "Coca-Cola" şirkətinin əməkdaşlığı ilə
həyata keçirilən "Fəal Ailəm, Sağlam Aləm" (FASA)
proqramı çərçivəsində seminar təşkil olunub. Seminarda
fiziki tərbiyə üzrə 26 rayonun bədən tərbiyəsi və idman
üzrə təlimatçı-metodistlər iştirak edib.
FASA proqramının əsas məqsədi sağlam həyat tərzini
geniş əhali kütləsi arasında təşviq etməkdir. Proqram
çərçivəsində Bakı və Azərbaycanın digər bölgələrindəki
məktəblərdə sağlam həyat tərzinə dair seminarlar və
idman yarışları təşkil olunub.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Respublika Bədən
Tərbiyəsi və İdman Mərkəzinin direktoru Qiyas Nəcəfov bu
kimi sosial idman layihələrinin təhsil müəssisələrində
fiziki tərbiyə dərslərinin keyfiyyətinə, həmçinin ölkədə
kütləvi bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi
əhəmiyyətli təsirini vurğulayıb.
Daha sonra seminar iştirakçılarına FASA proqramının
məqsəd və vəzifələri, həmçinin 2014-2015-ci tədris ili
üçün proqram çərçivəsində nəzərdə tutulmuş fəaliyyətlər
haqda geniş məlumat verilib. Layihənin idman mütəxəssisi
Ceyhun Hüseynov təlimatçı-metodistlərə təmsil etdikləri
rayonlarda təşkil olunacaq ailəvi idman festivallarının
təşkilinə dair video təlimatı nümayiş etdirib. Nəzəri
hissədən sonra seminar iştirakçıları Azərbaycan Dövlət
Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda
təşkil edilmiş praktiki məşğələdə iştirak ediblər.
Seminar rayon səviyyəli ailəvi idman festivallarının
təşkilinə dair sual-cavab sessiyası ilə başa çatıb.
|