Təhsil
Nazirliyi və Azərbaycan İntellektual Klublar
Assosiasiyasının təşkilati dəstəyi, Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun
tərəfdaşlığı ilə Bakıdakı "Ekselisior" otelində
oktyabrın 18-də Azərbaycan, 19-da isə rus
dillərində "Nə? Harada? Nə zaman?" intellektual oyunu
üzrə tələbələr arasında 2014-cü il Azərbaycan çempionatı
keçirilib.
Açılış mərasimində Təhsil Nazirliyinin Tərbiyə və
məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini
Vasif Məmmədov, baş məsləhətçisi Elnur Əlizadə,
Azərbaycan İntellektual Klublar Assosiasiyasının
prezidenti Balaş Qasımov, Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Vaqif
Seyidbəyov və digər şəxslər iştirak ediblər. Mərasimi
giriş sözü ilə Təhsil Nazirliyinin Tərbiyə və
məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini
Vasif Məmmədov açaraq iştirakçılara uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan bölməsi üzrə hər komandada 6
nəfər tələbə olmaqla 28, rus bölməsində isə hər
komandada 6 nəfər tələbə olmaqla 24 komanda iştirak
edib. Çempionatda 1990-cı ildən sonra anadan olmuş
tələbələr təmsil olunub. Turnir müddəti hər biri 15
sual olmaqla 4 turdan ibarət olub. Bu müddətdə
iştirakçılara 60 sual ünvanlanıb. Bütün komandalar eyni
zalda, eyni vaxtda oynayıblar. Cavablar yazılı qaydada
təhvil verilib. Yarışın keçirilməsində əsas məqsəd
gənclərin intellektual və yaradıcılıq bacarıqlarının
inkişafına kömək etməkdən, eləcə də yüksək yaradıcılıq
qabiliyyətinə, intellektual potensiala və müxtəlif
sahələrdə dərin biliklərə malik gənclərin aşkara
çıxarılaraq inkişaf etdirilməsinə şərait yaratmaqdan
ibarətdir.
Qalib komandalara kubok və medallar təqdim olunub.
|