Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun 5-ci qrant müsabiqəsinin qalibi olan "Yurd"
Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi
tərəfindən Qubada reallaşdırılan intellektual
çoxnövçülük üzrə "Bahar kuboku-2014" turnirinə yekun
vurulub.
Quba Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə,
rayonun 6 kənd zonasında baş tutan layihənin
seçim turlarının nəticəsinə uyğun olaraq finala
vəsiqə qazanan 12 komanda tərkibində birləşən 72
nəfər gənc Quba şəhərində təşkil olunan final
mərhələsində 4 növ üzrə qüvvələrini sınayıb.
Açılış mərasimində Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun fəaliyyətindən,
müxtəlif qrant müsabiqələrindən, gənclərə yaradılan
imkan və şəraitdən danışılıb. Layihənin əhəmiyyəti və
qaydaları barədə məlumat verilib. Bildirilib ki,
layihənin əsas məqsədi gənclərin intellektual
bacarıqlarını inkişaf etdirmək, təhsilə, oxumağa, bədii
ədəbiyyata marağını artırmaq, asudə vaxtlarını səmərəli
təşkil etmək və ən əsası müxtəılif məktəblərdə təhsil
alan yeniyetnmə və gənclər arasında şəbəkələşməni
inkişaf etdirməkdir.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa
Nöhbalayev son illərdə Qubada bir-birinin ardınca icra
edilən layihələr nəticəsində intellektual yarışlara
artıq ciddi rəğbət yarandığını və bunun da nəticəsində
rayonun müxtəlif komandalarının zona və respublika
birinciliklərinin davamlı iştirakçıları sırasına
qatıldıqlarını bildirib. Qubada bu tip layihələrin
gerçəkləşməsinə daim dəstək olan Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fonduna
təşəkkür bildirilib.
Daha sonra baş tutan intellektual çoxnövçülük üzrə
yarışda 12 komanda öncə "Nə? Harada? Nə zaman?" oyununda
mübarizə aparıb. 24 sualın yekununda Qımılqışlaq
komandası I, Aşağı Atuc məktəbliləri II, Əlibəyqışlağın
"Uran" komandası III, Səbətlərin "Üçüncü qrup" komandası
isə IV yerləri tutublar.
Breyn-rinq mərhələsinin nəticəsində isə ilk dördlüyə
Qımılqışlaq, "Uran, I Nügədi kəndini təmsil edən "MAG"
və Alekseyevka kəndinin biliciləri "Gənclər" komandası
sahib çıxıblar.
Yarışın "Xəmsə" turunda isə "Uran" intellektləri birinci
olub. Qımılqışlaq və "MAG" müvafiq olaraq ikinci və
üçüncü yerdə qərarlaşıb. Yekun nəticədə "Bahar
kuboku-2014" turnirinin qalibi adını Əlibəyqışlaq
kəndini təmsil edən "Uran" komandası qazanıb.
Qımılqışlağın eyniadlı komandası ikinci, I Nügədi
təmsilçiləri olan "MAG" biliciləri isə üçüncü olub.
Qalib və mükafatçılara təşkilatçılar tərəfindən
kuboklar, medallar, diplomlar və bədii ədəbiyyat
nümunələri təqdim edilib.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |