İsmayıllı.
Rayon təhsil şöbəsindən aldığımız məlumatda bildirilir
ki, 2014-2015-ci tədris ilində 360 şagird yerlik
Qalınçaq kənd tam orta məktəbinin, 80 şagird yerlik
Şəbyan kənd ümumi orta məktəbinin və 40 şagird yerlik
Külüllü kənd ibtidai məktəbinin yeni binaları
qapılarını şagirdlərin üzünə açıb.
Şəhər 3 nömrəli tam orta məktəbin ikinci korpusu əsaslı
təmirdən sonra istifadəyə verilib. Məktəbin bazasında
təbiət və riyaziyyat fənləri liseyi açılıb. Şəhər 5
nömrəli tam orta məktəbin istilik sistemi yenidən
qurulub. Rayonda qış mövsümündə istilik sistemləri ilə
qızdırılan təhsil müəssisələrinin sayı 57-ə çatdırılıb.
Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş "Müəllimlərin
etik davranış qaydaları"na əsasən rayonda pedaqoji
fəaliyyətə yeni başlayan 50 nəfər gənc müəllimin
təntənəli şəkildə andiçmə mərasimi keçirilib.
VII siniflərdə kurikulumun tətbiqi ilə bağlı ayrı -ayrı
fənlər üzrə kurslar təşkil edilib. Həmin siniflərdə
dərs deyəcək 229 nəfər müəllimin bu kurslarda iştirakı
təmin edilib. Rayonun 4 ümumtəhsil məktəbində qabaqcıl
müəllimlərin nümunəvi "açıq dərs"ləri keçirilib.
Məktəblərdə XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda
müstəqil Azərbaycan Respublikasının tarixinə aid
seçilmiş mövzuların tədrisi üçün hazırlıq işləri
aparılıb və buna aid dərslərin qrafiki hazırlanıb.
Dərsləri tədris edəcək müəllimlərin tərkibi
dəqiqləşdirilib, məktəb direktorlarına və aidiyyəti
şəxslərə tapşırıqlar verilib.
Cəlilabad.
Təhsil şöbəsi tərəfindən redaksiyaya daxil olan
məlumata görə, yeni dərs ilində 124 adda 164785 ədəd
dərslik, 8344 ədəd bədii ədəbiyyat gətirilərək
məktəblərə paylanıb.
Yeni dərs ilində ibtidai sinif, texnologiya,
Azərbaycan dili və ədəbiyyat, xarici dillər və kimya
fənlərindən 11 təlim qrupu üzrə 230 nəfər müəllimlə
kursların təşkili planlaşdırılıb. Ümumilikdə 422 nəfər
müəllim yeni dərs ili ərəfəsində kurikulum kurslarına
cəlb edilib.
Pedaqoji kadrlara olan tələbatın müəyyənləşdirilməsi və
müəllimlərin işə qəbulu qaydalarına uyğun olaraq
təhsil şöbəsi tərəfindən bu il 165 vakant yer elan
olunmuş, həmin yerlər üzrə keçirilmiş müsabiqə və
müsahibədən uğurla keçmiş 62 gənc müəllim işlə təmin
edilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqvim
planına əsasən 14-19 oktyabr 2014-cü il tarixlərində
Dövlət Müstəqilliyi Gününə həsr olunmuş basketbol üzrə
2001-2002-ci il təvəllüdlü oğlanlar arasında Bakı
şəhərində respublika birinciliyi keçirilib. Bu
yarışlarda rayonun məktəblilərdən ibarət basketbol
komandası respublikanın rayon və şəhərlərini təmsil edən
40 komanda arasında II yerə layiq görülüb. Qalib
komanda Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin
diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
Hazırda 180 şagird yerlik İncilli kənd ümumi orta
məktəbi üçün yeni binanın tikintisinə başlanılıb. 260
şagird yerlik Məmmədrzalı kənd tam orta və 180 şagird
yerlik Mikayıllı kənd ümumi orta məktəblərinin tikintisi
isə başa çatmaq üzrədir.
Samux.
Rayon təhsil şöbəsindən verilən məlumatda bildirilir
ki, V-VII siniflərdə dərs deyən və indiyə qədər
kurslardan keçməyən müəllimlərin fənn kurikulumlarının
tətbiqi sahəsində nəzəri və praktiki hazırlığı üçün
təlim kursları təşkil edilib. Kurikulum layihə üzrə
rayonun I-VII siniflərində 5248 nəfər şagird təhsil
alır.
Sağlamlıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyacı
olan uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf
Proqramı rayon məktəblərində normal qaydada icra
edilir. Bu sahədə rayon mərkəzi xəstəxanası, rayon
əhalinin sosial müdafiə mərkəzi əməkdaşları ilə birgə
yaradılmış komissiya tərəfindən 36 uşaq qeydə
alınmış və onlar fərdi təhsilə cəlb olunublar .
Ümumtəhsil məktəblərinin Dərsliklə Təminat Proqramı
(2006-2015-ci illər) tam öz həllini tapıb və nəticədə
48111 ədəd dərslik məktəblərə vaxtında çatdırılıb.
Pedaqoji kadrların işə qəbulu məsələləri öz həllini
tapıb. 13 vakant yer vaxtında Təhsil Nazirliyinə təqdim
edildiyindən imtahandan yüksək nəticə əldə etmiş 11
müəllim işləmək üçün ehtiyac olan məktəblərə
göndərilib.
Qəbələ.
Rayon təhsil şöbəsindən aldığımız məlumata görə,
rayonun 220 şagird yerlik Ziring kənd və 80 şagird
yerlik Yengicə kənd ümumi orta məktəbləri üçün
hərtərəfli təchiz olunmuş yeni məktəb binaları müəllim
və şagirdlərin istifadəsinə verilib. Rayonun bütün
ümumtəhsil məktəbləri cari təmir edilmiş, lazım olan
inventar və avadanlıqlarla təchiz olunub. Şəhər 5
nömrəli tam orta məktəb üçün tikilən yeni tədris
binasında son tamamlama işləri görülür və yaxın
vaxtlarda istifadəyə veriləcək.
Məktəblərdə müəllimlər tərəfindən tədris etdikləri
fənlər üzrə proqram materiallarının planlaşdırılması
təmin edilib. Eyni zamanda ümumtəhsil məktəblərinin
seçmə komandası rayonda keçirilən çoxnövçülük üzrə
yarışda III yer tutaraq respublika final yarışına
vəsiqə qazanıb.
Ağstafa.
Rayon təhsil şöbəsindən bildiriblər ki, 2013-2014-cü
dərs ilində Eynallı kənd tam orta məktəbi üçün 300,
Kolxəlfəli kənd tam orta məktəbi üçün isə 220 şagird
yerlik yeni məktəb binaları istifadəyə verilib. Rayonun
Yenigün kənd tam orta məktəbi əsaslı təmir edilib.
Məktəbdə müasir tələblərə cavab verən istilik sistemi
quraşdırılıb. Dövlət vəsaiti hesabına tikilən və
təmir edilən bu məktələrdə idman və iclas zalları,
laboratoriyalar, tədrisin yüksək səviyyədə aparılması
üçün lazımi şərait var.
Təhsilə göstərilən diqqət və qayğıya görə kənd
sakinləri Prezident İlham Əliyevə minnətdarlıq
edirlər.
Kürdəmir.
Rayon təhsil şöbəsindən redaksiyamıza göndərilən
məlumatda qeyd edilir ki, Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə
rayonda Tofiq İsmayılov adına 1 nömrəli və Famil Həşimov
adına 3 nömrəli şəhər tam orta məktəblərində "Sosial
Şəbəkələrdə Sağlam Gənclik Uğrunda" adlı layihənin
təqdimat mərasimi keçirilib. Layihədə gənclərin sosial
şəbəkələrdən məqsədyönlü istifadə etmələri üçün
maarifləndirmə işlərinin aparılmasından bəhs olunub.
Tərəfdaş elmi müəssisə və ictimai birliyin
nümayəndələrinin iştirakı ilə keçirilən təqdimat
mərasimində çıxış edən layihənin rəhbəri İKT mütəxəssisi
Şahzadə Mədətova Gənclər Fondu tərəfindən bu cür
layihələrin dəstəklənməsini ölkəmizdə istedadlı və
yaradıcı gənclərə olan diqqətin nəticəsi kimi
qiymətləndirib.
Bildirilib ki, bu gün insanların həyatında getdikcə daha
mühüm rol oynamağa başlayan sosial şəbəkələr ictimai
rəyin formalaşmasında, informasiya tələbatının
ödənilməsində mühüm əhəmiyyətə malikdir. İnformasiya
resurslarının internetdə çoxalması və ölkənin
maraqlarının internet layihələri sırasında bu gün ən
populyar olan sosial şəbəkələrdə qorunması gənclərin
üzərinə düşən mühüm vəzifədir.Tədbirdə vurğulanıb ki,
məktəblilərin sosial şəbəkələrdən səmərəli istifadə
etməsi üçün təbliğat-təşviqat işlərinin aparılması,
internet məkanında müxtəlif layihələrdə fəaliyyət
göstərən gənclərin mütəşəkkil fəaliyyəti, Azərbaycan
həqiqətlərini sosial şəbəkələr vasitəsilə dünya
ictimaiyyətinə, ilk növbədə, gənc nəslə çatdırılması,
internetin ən populyar layihələri ilə işləmək üçün
məlumatların hazırlanması və sosial şəbəkələr vasitəsilə
yayılması sözügedən layihənin məqsəd və vəzifələrindən
irəli gəlir. Layihə çərçivəsində gənclərin internet
məkanındakı problemləri ilə bağlı araşdırmaların
aparılması, həmçinin multimedia vasitələrinin internetin
açıq layihələrinə yerləşdirilməsi ilə əlaqədar seminar
və təlimlərin keçirilməsi nəzərdə tutulur.
Ekspert, AMEA-nın İnformasiya Texnologiyaları
İnstitutunun şöbə müdiri Rasim Mahmudov, Dövlət Neft
Fondunun layihələri üzrə mütəxəssis Rövşən Məmmədov,
"Gənclərin davamlı inkişaf üzrə analitik mərkəzi"
ictimai birliyinin sədri Hüseyn Hüseynov və Kürdəmir
RTŞ-ın müdir əvəzi Xəqani Qurbanov çıxış edərək Gənclər
Fondu tərəfindən dəstəklənən bu layihənin mühüm
əhəmiyyət kəsb etdiyini, informasiya cəmiyyəti
quruculuğuna ciddi təkan verəcəyini və bu istiqamətdə
görüləcək işlərin davamlı olmasının zəruriliyini qeyd
ediblər. Layihə məktəblilər tərəfindən böyük maraqla
qarşılanıb və onların çoxsaylı sualları cavablandırılıb.
Layihənin onlar üçün faydalı olacağını söyləyən
şagirdlər bu layihədə böyük həvəslə iştirak
edəcəklərini diqqətə çatdırıblar.
Xaçmaz.
Təhsil şöbəsindən bildirilir ki, hər il olduğu kimi,
2014-2015-ci tədris ilində rayonun ümumtəhsil
məktəblərində tədrisin keyfiyyətini yüksəltmək
baxımından şagirdlərin təhsilə marağını artırmaq,
onlarda tədqiqatçılıq və müstəqillik bacarıqlarının
inkişaf etdirilməsi, dünyagörüşünün artırılması rayon
təhsil şöbəsinin iş planında prioritet məsələ hesab
edilir.
Cari tədris ilində rayonda yerləşən Regional Televiziya
Şirkətinin Quba-Xaçmaz regionu üzrə rayon təhsil
şöbələri ilə birgə təşkil etdiyi, ötən ildə qalibi
olduğumuz "Bilik kuboku-1" bilik yarışmasının davamı
kimi "Bilik kuboku-2" bilik yarışmasına start verilib.
Belə ki, bu dəfə yarışmaya ötən ildən fərqli məktəblər,
əsasən kənd məktəbləri - Xaçmaz şəhər 7, Xudat şəhər 2
və 4, Çiləgir, Aslanoba, Qımıl-qışlaq, Köhnə Xaçmaz kənd
tam orta məktəbləri qoşulublar.
Türk Əməkdaşlıq və Koordinasiya Ağentliyi Azərbaycan
Respublikası Təhsil Nazirliyi və Avrasiya Beynəlxalq
Tədqiqatlar İnstitutu İctimai Birliyi ilə birgə
Azərbaycan və Türkiyənin dəyərli şəxsiyyətlərini
öyrənmək və təbliğ etmək məqsədi daşıyan "Hər mövsüm bir
işıq" adlı keçirdiyi layihəyə Xaçmaz məktəbliləri də
qoşulub. Belə ki, rayonun Xaçmaz şəhər 2 nömrəli tam
orta məktəbinin VIII sinif şagirdi Sənəm İbrahimovanın,
Xaçmaz şəhər 4 nömrəli tam orta məktəbin IX sinif
şagirdi Könül Quliyevanın, Xudat şəhər 1 nömrəli tam
orta məktəbin VIII sinif şagirdi Aytac Abdullayevanın,
Xudat 4 nömrəli məktəb-liseyin XI sinif şagirdi Həyat
Qarayevanın, Mehrəliqışlaq kənd ümumi orta məktəbinin IX
sinif şagirdi Səbinə Tahirovanın layihənin şərtlərinə
uyğun inşa yazı işləri oktyabr ayında müvafiq elektron
ünvana təqdim edilib.
Hazırda rayonun ümumtəhsil məktəblərinin IX-XI
siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara
sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin
stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan
istedadlı şagirdlərin aşkar edilməsi məqsədilə
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Sabahın
alimləri" IV Respublika müsabiqəsində müvəffəqiyyətli
iştirak üçün təşkilatçılıq işlərinə başlanılıb.
Qabaqcıl təcrübənin müəllimlər arasında yayılması,
tədrisin stimullaşdırılması və optimallaşdırılması
məqsədilə təhsil şöbəsində rayon Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı ilə birgə "Fənn aylıqları"
müsabiqəsinə də bu ayda start verilib.
Siyəzən.
Rayon təhsil şöbəsinin müdiri R.Hacıyevdən aldığımız
məlumatda bildirilir ki, rayonda ötən ildən fərqli
olaraq yeni dərs ili ərəfəsində 41 nəfər müəllim
kurikulum üzrə təlimlərdə iştirak edib. Ümumtəhsil
məktəblərində şagirdlərin istedadı və marağı nəzərə
alınmaqla onların müxtəlif müsabiqələrdə iştirakları
təmin edilib, yüksək nəticələrin əldə edilməsi üçün
peşəkar müəllimlər tərəfindən onlara hərtərəfli köməklik
göstərilir.
Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin
birgə təşkil etdiyi "Gənc xilasedici və
yanğınsöndürən" beynəlxalq yarış-müsabiqəsində şəhər 2
nömrəli tam orta məktəbin komandası I yeri tutub.
Rayonda yeni məktəblərin tikilməsi, mövcud məktəblərin
əsaslı təmir edilib tam yararlı hala salınması,
məktəblərin İKT avadanlığı, dərsliklər və inventarla
təchizat prosesləri fasiləsiz olaraq davam etdirilir.
Son 2 il ərzində 100 min manatdan artıq masa, şkaf,
yazı lövhəsi, İKT avadanlığı, mebel və digər
avadanlıqlar alınıb məktəblərə verilib.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |