Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron
Təhlükəsizlik Mərkəzindən alınmış məlumatlar əsasında
Virus olaraq adlandırılan ziyanverici proqramlar fərqli
üsullarla kompüterlərə nüfuz edir və biz fərqinə
varmadan öz fəaliyyətini davam etdirir. Onların
kompüterlərə yoluxmasının ən əsas səbəbi
istifadəçilərdir. Belə ki, istifadəçilərin internetdən,
sosial şəbəkələrdən ehtiyatsız şəkildə istifadəsi
virusların kompüterlərə yoluxmasına səbəb olur. Digər
bir səbəb isə antivirus proqramlarından istifadə
edilməməsidir.
Antivirus proqramları kompüterlər üçün ən önəmli xüsusi
proqramlardan biri hesab olunur. Belə ki, internetdən və
ya hər hansı bir kənar qurğulardan kompüterə yoluxa
biləcək hər növ virusların qarşısını almaq üçün daim
yenilənən antivirus proqramlarının kompüterdə mövcud
olması vacibdir. Antivirus proqramları həm cari
vəziyyətə uyğun olaraq ani mühafizəni, həm də yoxlama,
təmizləmə və müdafiə funksiyalarını həyata keçirir. Eyni
zamanda kompüterinizi viruslardan qorumaq üçün bir
qoruyucu mühafizə meydana gətirmə funksiyasına da
malikdir.
Əksər istifadəçilər bəzən olduqca praktiki işləyə bilən,
yüksək mühafizə təmin edən, davamlı yenilənə bilən
antivirus proqramlarına üstünlük verirlər. Üstünlük
verdiyimiz proqramlar nə qədər yaxşı olsa da, bəzən
problemlərlə qarşılaşa bilərik. Bundan əlavə, son
zamanlar antivirus proqramlarının sayının artması hansı
proqrama üstünlük verməyimizlə bağlı bizi seçim
qarşısında qoya bilər.
Antivirus proqramlarını seçərkən diqqət etməli olduğumuz
bəzi məqamlar var:
- Antivirus proqramları ödənişli və ya ödənişsiz
olmaqla iki qrupa bölünür. İstifadəçilər ödənişli
antivirus proqramlarına üstünlük versələr də, ödənişli
proqramlardan heç də geri qalmayan ödənişsiz antivirus
proqramlarına daha çox tələbat var. Ödənişsiz antivirus
proqramları ödənişli antivirus proqramlarının əksər
xüsusiyyətlərinə malikdir. Ödənişli antivirus
proqramları əlavə təhlükəsizlik divarı, oğurluğun
qarşısını almaq üçün izləmə fəaliyyəti, anti-spam
xüsusiyyətləri, fişinq hücumlarını filtrləmə və s. bu
kimi əlavə xüsusiyyətlərə də malikdir.
- Digər bir məqam isə antivirus proqramının motorunun
(engine) hansı sahələr üzrə qorumanı həyata keçirə
bilməsidir. Məsələn, bəzi antivirus proqramları ani
mesajlaşma protokollarında, arxiv faylların
yoxlanmasında, İnternet Explorer skriptlərində qorumanı
həyata keçirə bilmirlər.
- Həmçinin antivirus proqramının yenilənmə tezliyi də
önəmli məqamlardan biridir. Əgər antivirus təminatçısı
olan şirkət proqramı tez-tez yeniləmirsə, kompüterlərin
cari viruslara yoluxmasının qarşısını almaq mümkün
olmayacaq.
- Sistem resurslarından istifadə son dövrdə ən çox
diqqət edilən məqamlardan biridir. Antivirus proqramı
kompüterinizi yaxşı mühafizə etməklə yanaşı, kompüterin
işini ləngidirsə və tez-tez istifadəçinin fəaliyyətinin
təsdiq edilməsini istəyən suallar soruşursa, bu daha
sonra ciddi problemlərə səbəb ola bilər.
Antivirus proqramlarının sayının çox olması, həmçinin
onların fərqli funksiyalar həyata keçirməsi sizi seçim
qarşısında qoya bilər. Buna görə də ETM antivirus
proqramı seçərkən yuxarıda sadalanan məqamları nəzərdə
saxlayaraq seçim etməyinizi tövsiyə edir. |