Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

Azərbaycanda məktəb kitabxanalarının tarixi haqqında ilk tədqiqat əsəri

 

Müasir kitabxanaşünaslıq elminin intensiv inkişaf edən istiqamətlərindən biri də məktəb kitabxanalarının inkişaf tarixinin, bu sahənin ayrı-ayrı şəbəkə və sistemlərinin tədqiqata cəlb olunmasıdır.

Bu baxımdan pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim Yusif Qazıyevin "Azərbaycanda məktəb kitabxanalarının inkişaf yolu" monoqrafiyası diqqəti cəlb edir.

Monoqrafiyada məktəb kitabxanalarının inkişaf tarixi (V-XX əsrlər) araşdırılmış, spesifik xüsusiyyətləri öyrənilmiş, həmçinin inkişaf yolunda onların qarşısına çıxan maneələr, çətinliklər və problemlər faktlarla şərh edilmişdir.

Əsərdə mənbələrdən istifadə edilmiş, onlara istinadlar verilməklə məktəb kitabxanalarının inkişaf tarixi əsaslandırılmışdır.

Monoqrafiya beş fəsildən, tövsiyə xarakterli nəticə və ədəbiyyat siyahısından ibarətdir.

Əsərin birinci fəsli "Azərbaycanda məktəb kitabxanalarının təşkili və inkişafı tarixindən" adlanır və V-XVlll əsrləri əhatə edir.

Müəllif bu dövrü iki bölmədə təhlil etməyə çalışmışdır. 446-670-ci illəri birinci, 671-1804-cü illəri isə ikinci bölmədə tədqiq etmişdir. Bu fəsil işlənilərkən ilk məktəb kitabxanalarının yaranması, inkişafı və formalaşması mötəbər faktlara əsaslanmaqla təhlil edilmiş və ilk dəfə olaraq sistemləşdirilərək elmi dövriyyəyə qatılmışdır.

Əsərin ikinci fəsli "Rusiya və Sovet işğalı dövrlərində Azərbaycanda məktəb kitabxanaları (1804-1918-ci illər)" adlanır. Əsasən XlX əsrin əvvəlləri və XX əsrin ilk iyirmi ilini əhatə edir. Bu fəsildə mədrəsə və yeni müsəlman məktəblərinin kitabxanaları, həmçinin qəza məktəbləri, ibtidai məktəblər, şəhər məktəbləri kitabxanaları, onlarla yanaşı natamam orta və orta məktəb kitabxanaları, bazargünü, dəmiryolu, sənət və dənizçilik məktəblərinin kitabxanaları haqqında geniş məlumat verilir. Pedaqoji kollektivə xidmət edən məktəb kitabxanalarının xarakterik xüsusiyyətləri, məktəb şagirdlərinin elmi biliklərə yiyələnməsi prosesləri, məktəb kitabxanalarının statusu, məktəbin pedaqoji kollektivi ilə kitabxananın təhsil problemlərinin həll olunmasında qarşılıqlı münasibətləri və s.məsələlər tədqiq olunmuşdur.

Monoqrafiyanın üçüncü fəsli "Azərbaycan Xalq Cümhuriyyəti dövründə məktəb kitabxanalarının və sinifdənxaric mütaliənin təşkili işi (1918-1920-ci illər)" adlanır. Bu fəsil iki bölmədən - "Xalq maarifinin inkişafı və islahatlar", "Məktəb kitabxanaları fondlarının təşkili" bölmələrindən ibarət işlənilmişdir.

Bu fəsildə AXC-ın dövründə aparılan islahatlar, orta və ibtidai məktəblərin inkişafı, bu sahədə görülən tədbirlər faktlar əsasında geniş şərh edilir.

Monoqrafiyanın dördüncü fəsli "Sovet hakimiyyətinin ilk dövrlərində Azərbaycanda məktəb kitabxanaları (1920-1945-ci illər)" adlanır. Dörd bölmədən ibarət bu fəsildə əvvəlkilərdən fərqli olaraq kitabxanalar daha zəngin mənbələrə söykənilərək tədqiq olunur.

Müəllifin qeyd etdiyi kimi,  1929-1941-ci illərdə məktəb kitabxanalarının yaranması və inkişafı geniş vüsət almışdır. Məktəb kitabxanalarının yaranmasında Azərbaycan ziyalılarının xüsusi xidmətləri olmuşdur. Müharibəyə qədərki dövrdə məktəb kitabxanalarının kitab təminatı və onların fondunun komplektləşdirilməsi geniş vüsət almışdır. Təkcə bir faktı qeyd etmək lazımdır ki, 1929-1930-cu illərdə 99 adda orta məktəb üçün dərslik nəşr edilmiş və 746.400 nüsxədən ibarət kitab məktəb kitabxanalarına göndərilmişdir.

Monoqrafiyanın V fəslinin də müharibədən sonrakı illərdə (1946-1991-ci illər) olan dövr məktəb kitabxanalarının bir sistem halında formalaşması və inkişafı illəri kimi söz açılır. Bu illərdə məktəb kitabxana şəbəkələrinin metodik mərkəzi olan Respublika Elmi Pedaqoji Kitabxanası yaranmış və məktəb kitabxanalarının inkişafina stimul verilmişdir. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov