Bakı
şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin
direktoru Yuliya Kərimova ilə söhbət
Onunla şəxsi tanışlığım olmasa da təhsillə bağlı
mətbuatda çıxışları, söylədiyi fikirləri, verdiyi
müsahibələri ilə açığını desək diqqətimi cəlb etmişdi.
Gənc olmasına baxmayaraq kreativ düşüncəsi ilə digər
həmkarlarından fərqlənən bu direktorla tanış olmaq
istəyi məndə xeyli vaxt idi ki, yaranmışdı.Təsadüf elə
gətirdi ki, qəzetimizin növbəti nömrəsi üçün direktorun
bir iş həftəsi mövzusunda yazı hazırlamaq tapşırılanda
məhz bu direktorla görüşməyi qərara aldım. Bu xanım
direktorla görüşüb məqsədimizi bildirəndə təbəssümlə ilk
sözü bu oldu: "Elə mən də siz gəlməmişdən qabaq həftə
ərzində gördüyüm işlərin özlüyümdə təhlilini aparırdım,
sanki ürəyimi oxudunuz". Söhbət Bakının tanınmış təhsil
müəssisələrindən biri olan Azərbaycanın Milli Qəhrəmanı
Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin
direktoru Yuliya Kərimovadan gedir.
-
Yuliya xanım, sizinlə daha yaxından tanış olmaq
istərdik...
- Bakı Dövlət Universitetinin filologiya fakültəsində
təhsil almışam. Həmin fakültənin 1998-ci ildə
bakalavriat, 2000-ci ildə isə magistratura pillələrini
bitirmişəm. Bir müddət Avropa Azərbaycan Cəmiyyətinin
təsisçiliyi ilə fəaliyyət göstərən Avropa Azərbaycan
Məktəbi özəl ümumtəhsil müəssisəsində Kurikulum və təlim
mərkəzinin rəhbəri olmuşam, eyni zamanda Bakı Dövlət
Universitetinin pedaqogika kafedrasının müəllimi
vəzifəsində çalışmışam. 2006-2007-ci illərdə ABŞ-ın
Ohayo ştatının Kent Universitetinin təhsil fakültəsində
kurikulum və təlim araşdırmaları üzrə magistr səviyyəli
proqramı bitirərək ikinci magistr dərəcəsi almışam.
2012-ci ildən Bakı Dövlət Universitetinin pedaqogika
kafedrasının doktorantıyam. 2014-cü il martın 31-də
paytaxtın sayılıb-seçilən məktəblərindən biri olan
Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov adına 23
nömrəli tam orta məktəbə direktor təyin olunmuşam.
- Sizin üçün məktəb direktorluğu nədir və bu vəzifəyə
təyin olunduqdan sonra ilk diqqət yetirdiyiniz hansı
məsələ olub?
- Mənim üçün direktorluq yeni, heç də asan olmayan, eyni
zamanda isə çox maraqlı və yaradıcı bir işdir. Fikrimcə,
bu günün məktəb direktoru kreativ düşüncəyə malik, yeni
təşəbbüslərin reallaşdırılmasında önəmli rol oynamaqla
yanaşı, ətrafına peşəkar, yaradıcı müəllimlərdən ibarət
bir komanda toplayaraq müasir təhsilimizin inkişafına öz
töhfələrini verməyi bacarmalıdır. Məhz mən işimə bu cür
yanaşıram.
6 aydan çoxdur ki, məktəb direktoruyam. Direktor kimi
fəalliyətə başladığım ilk gündən nəzarətimə götürdüyüm
ən vacib məsələ məktəbdə nizam-intizamın
gücləndirilməsi, hər bir kəs tərəfindən bu qaydalara
ciddi əməl edilməsi, məsuliyyət hissinin artırılması
oldu. Artıq bununla bağlı müəyyən irəliləyişlər hiss
olunmaqdadır.
Direktor olaraq məktəbin inkişafında əsas məqsədləri 3
prioritet istiqamətdə qruplaşdırmışam. Bunlar məktəbdə
müasir, informasiya cəmiyyəti üçün mühüm olan keyfiyyət
göstəricilərinə cavab verən təhsil prosesinin qurulması,
tədrisin keyfiyyətinin yüksəldilməsi; müəllimlər və
şagirdlər arasında işgüzar, şagirdyönümlülük prinsipinə
əsaslanan münasibətlərin qurulması və ictimaiyyətdə
məktəbin yüksək peşəkarlıq səviyyəsinə malik olan
müəssisə kimi obrazının formalaşmasıdır.
- Direktor kimi iş həftənizi, rejimini necə qurursunuz?
- Məktəb direktorunun "həftəsini" və iş rejimini təsvir
etmək üçün biznes sahəsində daha çox rast gəlinən bu
metaforanı işlətmək olar: 24/7. Yəni sən istirahət
günləri olmadan, məzuniyyət bilmədən həftənin 7 gününün
24 saatını çalışmalısan. Düşünürəm ki, təhsil işçiləri
tərəfindən də təhsilə belə yanaşılmalıdır. Bu o
deməkdir ki, sən birbaşa məktəbdə, şagird və müəllimlər
ilə əhatə olunmasan da belə, məktəbdəki işlər daim
fikrindədir və nəzarətin altındadır. Beynində planlarını
qurursan, daxilən özünlə söhbət edirsən, bəzən artıq
virtual olaraq bir sıra məsələləri həll edirsən,
yeniləri barədə düşünür, onun həlli yollarını axtarırsan
və s. Bu normal bir haldır. Məktəb direktoru olmaq, onu
idarə etmək çox məsuliyyətli işdir.
Yeni iş həftəsinə bazar günü axşamdan başlayır, ötən
həftəni özlüyümdə ətraflı təhlil edirəm. Görülən işlərlə
bağlı dəyərləndirmə aparır, gündəliyimi açıb, həftə
ərzində apardığım qeydlərə baxır, həll olunmuş
məsələləri özüm üçün yenidən bir xatırlatma edir,
həllini tapmayan, yenidən baxılmasını tələb edən
məsələləri isə yeni həftənin 1-cü günü üçün qeyd edirəm
və prioritetə görə həftənin günləri üzrə paylayıram.
Təhsil müəssisəsində dərslər saat 8.00-da başlayır. Mən
7.30-da işə gəlirəm, 1-ci dərsin zəngi vurulmadan,
məktəbə gələn şagirdləri və müəlllimləri qarşılayır,
onlara xoş əhvali-ruhiyyə arzulayıram, zərurət
yaranarsa onlara məktəbdaxili qaydaları yenidən
xatırladıram, bir sıra vacib göstərişləri yerindəcə
verirəm.
- Direktorun məktəbdə təlim-tərbiyənin keyfiyyətinin
yüksəldilməsi üçün diqqət yetirməli olduğu məsələlərdən
biri də metodiki işə düzgün rəhbərlik və mütəmadi olaraq
buna nəzarət etməsidir. Sizin tərəfinizdən bu iş necə
həyata keçirilir?
-Mən bu işi hər bir müəllimin dərsini dinləməklə və onu
ətraflı şəkildə müzakirə etməklə həyata keçirməyə
çalışıram. Belə ki, həftənin 5 günü 10 müxtəlif sinifdə
dərsləri izləməklə yanaşı, təlim prosesini müşahidə
edirəm. Bu mənim üçün ən vacib işlərdən biridir:
dərsləri mütəmadi olaraq izləmək, şagirdlərin dərslərdə
iştirakı, onların dərsə hazırlıqları, bilik və
bacarıqlarının hansı səviyyədə olması, bu uşaqların hər
birini şəxsən tanımağımda, eyni zamanda müəllimlərin
hazırlığı və öz işlərinə necə münasibət göstərmələri
barədə kifayət qədər məlumatlı olmağımda əhəmiyyətli rol
oynayır. Xüsusilə X, XI siniflər demək olar ki, mənim
şəxsi nəzarətim altındadır.
İştirak etdiyim dərslərin sonra nəticələrini müəllimlər
ilə müzakirə etmək, onların dərs haqqında fikirlərini
öyrənmək, bəzi metodiki tövsiyələr vermək mənim gündəlik
gördüyüm işlərdəndir.
Bilirsiniz, bəzi məsələlər var ki, onlar dərhal həllini
tapmalıdır, bəzi məsələlər isə uzunmüddətli planlaşmanı
və komanda tərkibində iş tələb edir. Belə məsələlər üçün
mən çərçivəli plan tuturam.
Belə çərçivələr hər həftə üzrə olur, həllini tapan
məsələlər çox olanda, görürəm ki, istədiyimə nail ola
bilmişəm və məktəbdə işlər öz axarı ilə gedir.
- Gün ərzində müxtəlif işlərlə məşğul olursunuz.
Valideynlərlə ünsiyyətdə olmağa imkan tapırsınızmı?
- Əvvala onu deyim ki, məktəbin həyatında, onun idarə
olunması prosesində valideynlərin istirakı olduqca
vacibdir. Mənim otağımın qapısı şagirdlər və müəllimlər
üçün daim açıqdır. Səhər tezdən müəllimlər, şagirdlər və
valideynlər müxtəlif sorğular ilə müraciət edə bilərlər.
Onların suallarına cavab vermək, fərdi görüşlər üçün
vaxt təyin etmək, bəzən vacib qərarları yerindəcə vermək
- bunlar hamısı hər günün səhər saatlarında baş verir.
Valideynlərin mənə müraciətləri təbii ki, övladları ilə
bağlı olur. Bu müraciətlər yazılı də ola bilər, şifai
də. Yazılı surətdə mənə ünvanlanan müraciətlərdən
elələri olur ki, elə yerindəcə həllini tapır,
bəzilərinin isə araşdırılması müəyyən vaxt tələb
etdiyindən onun həlli 2 gündən 1 həftəyə kimi çəkə
bilər. Çalışıram ki, mənə edilən müraciətlə bağlı
obyektivliyi qorumaq şərtilə sonda şagirdin xeyrinə
qərar çıxarım.
Həftədə bir dəfə mən sinif rəhbərləri ilə iclas
keçirirəm. Belə iclaslar mənim üçün məktəbdə oxuyan hər
bir şagird və hər bir sinif haqqında vaxtı-vaxtında
məlumat almağa imkan yaradır.
- Günün ikinci yarısını necə planlaşdırırsınız?
- Günün ikinci yarısı daha çox müxtəlif təsərrüfat
işləri, sosial yönümlü məsələlərlə məşğul olmaq üçün
vaxt ayırmağa çalışıram.
Bilirsiniz ki, bizim məktəb bu il Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
sərəncamına əsasən əsaslı yenidənqurmadan sonra şagird
və müəllimlərin ixtiyarına verilib. Məktəbimizin məzunu
olan, Azərbaycan təhsil sisteminin inkişafına öz mühüm
töhfələrini verən Heydər Əliyev Fondunun prezidenti,
İSESCO-nun və UNESCO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyeva bu məktəbin
yenidən qurulması prosesini hər zaman diqqətdə
saxlayıb.Məktəbimizdə istər müəllimlərin fəaliyyəti,
istərsə də şagirdlərin yüksək təhsil almaları üçün
hərtərəfli imkan, şərait yaradılıb, lazımi avadanlıq və
ləvazimatlarla təchiz olunub. Buradakı bütün sinif
otaqları və ayrı-ayrı fənn kabinetləri ən müasir
standartlar səviyyəsindədir. Onlardan səmərəli istifadə,
avadanlıqlardan səliqə ilə rəftar etmək məktəbimizdə hər
bir kəs tərəfindən riayət edilməsi vacib olan ciddi
qaydalardan biridir.
Bilirsiniz, hər günün özünəməxsus vəzifələri,
çətinlikləri və uğurları var.
- Yuliya xanım, hər günün özünəməxsus vəzifələri,
çətinlikləri və uğurları var deyəndə nələri nəzərdə
tutursunuz?
- Məktəbin hər günü çətin və maraqlı, gərginlik yaradan
və eyni zamanda rahatlıq gətirən olur. Bütün bunlar
müəyyən hazırlığı, çevikliyi və birlikdə iş görmək
bacarıqlarını tələb edən məsələlərdir. Məktəb bir
müəssisə olaraq, canlı orqanizmdir, daim dəyişir, bəzən
isə sabit qalır.
Məktəbimizdə Təhsil Nazirliyinin təşəbbüsü və tapşırığı
ilə bir sıra layihələr həyata keçirilir. Həftə ərzində
bir neçə dəfə həmin layihələrlə bağlı bu işə cavabdeh
olan müəllimlər ilə danışmaq, işlərində rast gəlinən
problem və çətinlikləri öyrənmək, layihənin gedişatını
izləmək, əldə olunan nəticələrlə müntəzəm tanış olmaq da
diqqət göstərdiyim işlərdən biridir.
Həftə ərzində planlaşdırılmış işlərdən əlavə digər mühüm
işlərimiz olur. Belə ki, tez-tez məktəbimizə qonaqlar
gəlir, mühüm tədbirlər həyata keçirilir. Təhsil
müəssisəmizdə Təhsil Nazirliyinin iclasları keçirilir.
Məsələn, bu ilin sentyabr ayının sonunda Rusiya
Federasiyanın Dövlət Dumasının deputatı V.V.Jirinovski
məktəbimizə səfər etmişdi.V.V.Jirinovski dərsdə iştirak
etmiş, daha sonra yuxarı sinif şagirdləri ilə görüşərək
onların suallarını cavablandırmışdı. Digər bir
tədbirimiz yenə də sentyabr ayının sonuna təsadüf edən,
məktəbimizin adını daşıdığı Azərbaycanın Milli Qəhrəmanı
Tahir Həsənovun xatirə günü ilə bağlı olub. Bu ilin
10-13 oktyabr tarixlərində isə məktəbimizdə Milli
Məclisin deputatı Sevinc Fətəliyevanın təşəbbüsü ilə IV
Bakı Humanitar Forumun iştirakçısı, Almaniyada fəaliyyət
göstərən psixoloq Qalina Xanzelmanın təqdimatı
keçirilib.
- İş gününüz adətən neçədə bitir? Bu qədər gərgin iş
qrafiki ilə çalışan bir xanım ailədə övladları ilə
məşğul olmağa vaxt tapa bilirmi?
- İş günüm adətən saat 7-də bitir. Təbii ki, övladlarıma
vaxt ayırmaq mənim analıq borcumdur və bundan xüsusi
zövq alıram. Böyük oğlum 7-ci sinifdə oxuyur və artıq
məni gözləmədən sərbəst olaraq ev tapşırıqlarını yerinə
yetirir. Mən işdən qayıdanda o, dərsləri və aldığı
qiymətlər haqqında məlumat verir, məktəbdə baş verən
maraqlı hadisələr barəsində danışır. Kiçik oğlum 1-ci
sinif şagirdidir. Onun dərsləri ilə şəxsən özüm məşğul
oluram. Mən hesab edirəm ki, məktəb təhsilinə yeni
başlayan uşağın evdə anası və digər ailə üzvləri ilə
birlikdə dərslərinə hazırlaşması təhsilə motivasiyanı
artırmaq üçün çox vacib bir amildir. Buna görə
övladlarım ilə özüm məşğul oluram, böyük oğlumun
nailiyyətləri göstərir ki, belə yanaşmanın nəticəsi çox
yaxşıdır.
- Mütaliəyə böyük maraq göstərdiyinizi də bilirik. Bəlkə
özünüz bu haqda danışasınız...
- Boş vaxtlarımda (bu, əsasən istirahət günləri olur)
övladlarımla kitab mağazasına getmək bizim ailədə bir
bayram əhvali-ruhiyyəsi yaradır. Biz ailəlikcə mütaliə
və oxuduqlarımızı birlikdə müzakirə etməyi çox sevirik.
Mən ədəbiyyat üzrə Nobel mükafatı alan bütün yazıçıların
əsərlərini oxumağı özüm üçün məqsəd qoymuşam.
Dünya təhsil sistemində baş verən yenilikləri, ayrı-ayrı
inkişaf etmiş ölkələrın təhsillə bağlı maraqlı
təcrübələrini öyrənmək, internetdə təhsil sahəsində
aparılan beynəlxalq tədqiqatlarla tanış olmaq mənim üçün
olduqca maraqlıdır. Mən hesab edirəm ki, peşəkar insan
daima öz üzərində işləməli, müxtəlif inkişafetdirici
proqramlarda, görüşlərdə, konfranslarda iştirak etməli,
peşəkarlığın inkişafı üçün geniş imkanlardan istifadə
etməyə çalışmalıdır.
Biz ömürboyu öyrənmə dövründə yaşayırıq, özümüz
peşəkarlığımızı inkişaf etdirmək üçün qarşımıza
məqsədlər qoymalıyıq və onları reallaşdırmalıyıq. Qərb
ölkələrində deyirlər ki, əsl lider düzgün qərarları
düzgün vaxtlarda verməyi bacaran yox, başqalarına düzgün
qərarları düzgün vaxtlarda verməyi öyrədəndir. Mənim
üçün səmərəli liderlik iki mərhələdən ibarətdir: mühüm
qərarları verməyi bacarmaq və birlikdə iş zamanı həmin
bacarığı komandamın üzvləri arasında inkişaf etdirmək.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" |