Fransada müəllimlər elektron dərsliklərdən istifadə edir
Fransada müəllimlərin üçdə biri elektron dərsliklərdən
istifadə edir. Praktik olaraq riyaziyyat, fizika,
kimya, tarix və coğrafiya müəllimləri öz dərslərində
elektron dərsliklərdən yararlanır. Son 3 il ərzində
adi dərsliklərə alternativ olaraq müasir dərsliklərə
üstünlük verən müəllimlərin sayı 3 dəfə artıb. Bu,
xüsusən də təhsilin ikinci pilləsində geniş hal alıb.
Elektron dərsliklərdən ən az istifadə təbiətşünaslıq və
əmək təlimi müəllimlərinin payına düşür. Tədris
prosesində müasir qadjetlərdən istifadənin səviyyəsi
hazırda 93 faizə çatıb. Məlumata görə, şagirdlərin
yalnız 7 faizi fərdi cihazlardakı elektron
dərsliklərdən istifadə etmək imkanına malikdir.
Məktəblilərin qalan hissəsi təhsil müəssisəsində
yerləşdirilmiş kompüterlərdən istifadə edirlər.
Avropada təhsil haqlarına dair hesabat açıqlanıb
Avropa komissiyası 33 ölkədə təhsil haqları, təhsil
kreditləri və qrantlar arasında fərqlərin olduğunu qeyd
edib. Bu barədə komissiyanın "Eurydice" təhsil
şəbəkəsinin hazırladığı hesabatda bildirilir.
Almaniya təhsil haqlarını tamamilə ləğv edən yeganə
ölkə kimi tarixə keçib. Estoniya da 2014-cü ildə təhsil
haqlarının ödənilməsi sistemində dəyişikliklər edib.
Artıq tələbələrin təhsil üçün ödənişləri dərslərdən əldə
etdikləri fəaliyyət göstəricilərinə görə dəyişəcək.
Avropada ən yüksək təhsil haqları Böyük
Britaniyadadır. Daha sonra İrlandiya, İtaliya, Latviya,
Litva, Macarıstan, Niderland və Sloveniya gəlir.
Avropa komissiyasının təhsil, mədəniyyət,
multilinqvistika və gənclər üzrə ali komissarı Androulla
Vassiliounun sözlərinə görə, Avropa ölkələri təhsil
sistemlərində böyük dəyişikliklər etməlidirlər. "Bu
dəyişikliklər təkcə tələbələrin iş tapması ilə əlaqəli
olmamalıdır, onların təhsil haqları da dəyişməlidir. Aİ
üzvləri təhsil haqlarını artıranda təqaüdləri də
artırmalıdırlar", - deyə o bildirib. Avropa
ölkələrinin çox az qismində tələbələr təhsil haqları
üçün qrantlar alır. Kipr, Danimarka, Malta, Finlandiya
tələbələrinin hamısı, Lüksemburq, Niderland, Şotlandiya,
İsveç, Norveç tələbələrinin isə əksər hissəsi təqaüd
qazanırlar. Tələbələr üçün ayrılan kreditlər isə
tələbənin ailə vəziyyəti və maddi durumu əsas
götürülərək ödənilir.
Dünyada tələbə mobilliyi 4.5 milyon nəfərə çatıb
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ( OECD)
məlumatına əsasən, dünyada tələbələrin beynəlxalq
mobilliyi 1975-ci ildəki 800 mindən 2012-ci ildəki 4.5
milyon nəfərə qədər artıb. Xarici tələbələrin cəlb
olunması üzrə ABŞ-ın göstəriciləri bütün dünya üzrə 16
faiz aşağı düşüb. Baxmayaraq ki, bu ölkə hələ də əcnəbi
tələbələrin sayına görə dünyada liderdir. İkinci yerdə
əcnəbi tələbələrin 13 faizi ilə Böyük Britaniya
qərarlaşıb. Almaniya, Fransa, Avstraliyada tələbə
mobilliyi 6 faiz təşkil edir. Əcnəbi tələbələrin 5
faizi Kanadanın payına düşür. Bütün dünya üzrə
tələbələrin ümumi sayının 50 faizi adları çəkilən 6
ölkənin payına düşür. OECD-nin hesabatında qeyd olunur
ki, Rusiya, Yaponiya, İspaniya, İtaliya, Avstriya, Yeni
Zelandiya, İsveçrə, Niderland və Cənubi Koreya
2000-2012-ci illər arasında dünya təhsil məkanında öz
mövqelərini kifayət qədər yaxşılaşdıra biliblər.
Ən gənc universitetlərin siyahısına Asiya ali məktəbləri
başçılıq edir
Dünyanın ən gənc universitetləri (yaranma tarixi 50
ildən az) arasında aparılmış tədqiqatlara əsasən,
Asiya ali məktəbləri QS reytinq cədvəlinin ilk
"5"-liyində lider mövqedədir. Siyahıda birinci yer
Sinqapurun Nanyanq Texnoloji Universitetinə
məxsusdur. Daha sonra Honkonq Elm-Texnologiya
Universiteti, Koreya Qabaqcıl Elm-Texnologiya
İnstitutu, Pohang Elm-Texnologiya Universiteti,
Honkonq Şəhər Universiteti gəlir. Reytinq cədvəlində
25 ölkə ən azı bir ali məktəblə, Avstraliya ən çox ali
məktəblə - 10 universitetlə, İspaniya 5, Honkonq və
Böyük Britaniya 4, Almaniya 3 universitetlə təmsil
olunub.
100 milyon şagirdə proqramlaşdırmanın sirləri
öyrədiləcək
Bütün dünya üzrə 100 milyon şagirdə proqramlaşdırmanın
sirlərinin öyrədilməsi məqsədilə təhsil proqramının
tətbiqi üçün internetdə vəsait toplanması kampaniyasına
başlanıb. Bu kampaniyaya dünyanın nəhəng şirkətlərindən
olan Google və Microsoft da qoşulub. Vəsait müxtəlif
texnoloji, təhsil, əyləncə və digər layihələrə
xərclənəcək. Microsoft-un təsisçisi Bill Geyt, Linkedin
sosial şəbəkəsinin qurucusu Rid Xoffman şəxsən layihəyə
dəstək veriblər. "Hour of code" (proqramlaşdırma saatı)
adlı layihənin reallaşdırılmasına 5 milyon dollar
xərclənəcək. İKT şirkətləri bu vəsaiti "dollara görə
dollar" sxemi üzrə toplamağa qərar veriblər. Bu o
deməkdir ki, internetdə adi istifadəçinin ianə etdiyi
hər bir dollara qarşı dünya nəhəngləri də öz
dollarlarını sərf edəcəklər. Layihə müəllifləri öz
qarşılarına bütün planet üzrə 100 milyon uşağa
proqramlaşdırmanın əsaslarının öyrədilməsi vəzifəsini
qoyublar. Proqramlaşdırmanın materialları hələlək 30
dünya dilinə tərcümə olunub. Proqramın həyata keçməsi
məqsədilə əldə olunmuş vəsait hesabına ibtidai məktəblər
üçün 10 min, orta məktəblər üçün 500, yuxarı siniflər
üçün 200 müəllimin hazırlanması nəzərdə tutulub.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |