Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

"Mənim üçün ön planda dövlətimin maraqlarıdır"

 

İtaliyanın Piza Universitetində magistr təhsili alan Azərxan Əsədli ilə söhbət 

Azərxan Asif oğlu Əsədli 1992-ci il martın 10-da  Bakı şəhərində anadan olub.  2009-cu ildə Suraxanı rayonu Cavanşir Rəhimov adına məktəb-liseyi bitirib. Ali məktəblərə keçirilən qəbul imtahanlarında 667 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  inzibati idarəetmə  fakültəsinə  daxil  olub. Prezident təqaüdünə layiq görülüb və  universiteti fərqlənmə diplomu ilə bitirib. Eyni zamanda təhsil aldığı  müddətdə "Bank of Baku" ASC-nin Satış Kanallarının İdarə edilməsi  Departamentində ekspert kimi çalışıb. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  İtaliyanın Piza Universitetində iqtisadiyyat  üzrə magistr təhsili alır. Azərxan Əsədli ilə söhbətimizə onun ilk təhsil illərindən başladıq. 

- Orta məktəb illərində fəal şagirdlərdən olmuşam. Belə ki, dəfələrlə şəhər və respublika fənn olimpiadalarında iştirak edərək  nailiyyətlər qazanmışam. Riyaziyyat fənni üzrə şəhər,  ingilis fənni üzrə isə rayon olimpiadalarında birinci yerə layiq görülmüşəm. Bundan əlavə, intellektual oyunlara da qatılmış və "LG bilik akademiyası" verilişinin qalibi olmuşam.  İntellektual nailiyyətlərdən əlavə, idman sahəsində də uğurlarım olub.  Belə ki, X sinifdə oxuyarkən kikboksinq üzrə rayon birincisi olmuşam. Ümumiyyətlə isə 10 ildir peşəkar idmanla məşğulam.

İlk müəllimlərim çox gülərüz, səmimi və hər zaman şagirdlərinə doğma münasibət bəsləyən bir növ "ikinci ana" rolunu oynayıblar.  Ona görə də hər bir müəllimimin mənim xatirələrimdə silinməz və dərin bir izi var.

- Xaricdə təhsil almağa necə  qərar verdiniz? 

- Hələ məktəb vaxtlarımdan ən böyük arzum Avropa mühitində təhsil almaq idi. Bu səbəbdən Avropa təhsil sistemindən, universitetlərin reytinq sıralamalarından və mövcud təqaüd imkanlarından çox yaxşı məlumatlı idim. Lakin valideynlərim bakalavr təhsilimi Avropada almaq üçün mənim hələ kiçik yaşda olduğumu düşündüklərindən bu planımı müvəqqəti olaraq təxirə saldım. Məncə, bu düzgün qərar idi.  4  il ərzində  DİA-da öz sahəm üzrə dərin biliklər əldə etdim və bu mənim fərdi inkişafımda da çox müsbət rol oynadı. İlk gündən ixtisas seçimimi dəqiqləşdirmişdim, çünki hər kəsin bir məqsədi olmalıdır  və  bütün planlarını, gələcəkdə quracağı karyeranı bu planlar üzrə görməli, sonda isə məqsədinə çatmalıdır. Təbii ki, ailəm və dostlarım məni bu işdə dəstəkləməsəydilər, inanmıram ki, hər hansı bir uğur qazanardım. Buna görə də  onlara öz minnətdarlığımı bildirirəm.

- Bilik yarışlarının həyatınızda və təhsilinizdə rolunu necə qiymətləndirirsiniz?

- Olimpiadalar şagirdlərin özünə inamını bir növ möhkəmləndirir, onların dərslərdə aktiv iştirak etməsinə, biliklərini bölüşməsinə yardım edir, eyni zamanda onlarda rəqabət hissini gücləndirir və onlar həyata daha ambisiyalı baxırlar. Bu cəhətdən belə düşünürəm ki, məktəb direktorları və müəllimlər öz şagirdlərini bu cür bilik yarışlarında daim dəstəkləməli və onları bu istiqamətdə hazırlaşdırmalıdırlar.

Düşünürəm ki, bu cür fəaliyyətlər şagirdlərin gələcəkdə daha uğurlu və xoşbəxt həyatlarının bünövrəsini təşkil edir.

- Dövlət Proqramı barədə nə deyə bilərsiniz?

- Təbii ki, Dövlət Proqramı xaricdə təhsil almaq üçün mühüm əhəmiyyət kəsb edən bir pillədir. Buna görə də bu pilləni yalnız onun tələblərini ödəyən şəxslər keçir və bu seçimin tamamilə şəffaf olduğunu düşünürəm. Tələbləri ödəyə bilməyənlər isə qətiyyən ruhdan düşməyərək gələcək illərdə zəif nöqtələrini analiz edib yenidən müraciət edərək uğur qazana bilərlər.

-Təhsilimizdə baş verən dəyişiklikləri izləyə bilirsinizmi?

-Xaricdən baxdıqda  Azərbaycanda baş verən dəyişiklikləri daha aydın müşahidə etmək olur. Demək istəyirəm ki, mən və mənim timsalımda xaricdə təhsil alan tələbələr dövlətimizin Avropa dövlətləri ilə təhsil sahəsində apardığı yüksək səviyyəli əməkdaşlığın nümunəsidir. İnanıram ki, açılan yeni məktəblər və təhsilin səviyyəsinin yüksəlməsi nəticəsində gələcəkdə bizim universitetlərimiz də xarici universitetlər kimi  yüksək reytinqli olacaqlar.

- İtaliya mühitinə adaptasiya çətin olmadı ki...

- Ümumiyyətlə götürsək, İtaliyada adaptasiya mənə  çox çətin gəlmədi. İtaliya mədəniyyəti və insanları mənə bir növ öz mədəniyyətimizi və insanlarımızı xatırladır. Onlar da bizim kimi dərin mədəniyyətə və tarixə mənsubdurlar, zəngin mətbəxləri,  incəsənət və musiqiyə meyilli olmaları bunu bir daha sübut edir. İnsanları isə eynilə bizdə olduğu kimi, istiqanlı, gülərüz və mehribandırlar. Bütün bunlar adaptasiya prosesində mənə çox kömək oldu. Əlbəttə, ilk günlər bir qədər çətinlik çəkirdim, amma düşünürəm ki, bu mənim gündəlik həyatıma və dərslərə o qədər də ciddi təsir etmədi. Daha sonra isə adaptasiya prosesində heç bir çətinlik çəkmədim və mənim burada çoxlu italyan dostlarım var.

- Asudə vaxtlarda nə ilə məşğulsunuz?

- Bütün xaricdə oxuyan tələbələr kimi mən də boş vaxt tapan kimi, ilk növbədə, ailəmlə "Skype" vasitəsilə danışıram. Gündəlik dərslər çox olduğundan uzun-uzadı danışmağa elə də çox imkanım olmur.  Sonra vaxtımı bir az sosial şəbəkələrdə keçirərək Azərbaycanda və dünyada baş verən ən son məlumatlardan xəbərdar oluram. Əlbəttə ki, bununla kifayətlənməyib günümün geridə qalan hissəsini idman zalında keçirirəm. Düşünürəm ki, idman sağlamlıq və yorğun zamanlarda zehnin dincəlməsi üçün əla vasitədir. Xüsusən həftə sonlarında  qrup yoldaşlarımla birgə gənclər üçün təşkil olunan əyləncə proqramlarında iştirak edirik. Gəzməyi də çox sevirəm, Roma, Milan, Florensiya kimi qədim və Avropa mədəniyyətinin beşiyi olan şəhərləri gəzib çoxlu məlumatlar toplamışam. Məqsədim asudə vaxtımı səmərəli və yaddaqalan etməkdir.

- Piza Universiteti barədə nə deyə bilərsiniz?

- İtaliyanın Piza Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alıram. Bu ixtisası məhz bu universitetdə seçməyim heç  də təsadüfi deyil. 2013-cü ilin reytinq cədvəlində Piza Universiteti iqtisadiyyat üzrə İtaliyada birinci yerdə olduğundan bu universiteti seçmək qərarına gəlmişdim və hazırda seçimimdən peşman deyiləm. Həqiqətən də məhz mənim ixtisasım üzrə bu  universitet yaxşı ixtisaslaşıb. Keyfiyyətli dərs proqramından əlavə burada tələbələr üçün İtaliyada və eləcə də Avropanın müxtəlif ölkələrində yay universitetləri və iş təcrübə proqramlarında iştirak etmək təklif olunur. Bir sözlə, tələbənin şəxsi inkişafı üçün lazım olan bütün imkanlar universitet tərəfindən təşkil olunub.

- Müəllim-tələbə münasibətləri necə qurulub?

- Universitetin müəllim-tələbə münasibətləri dostluq şəraitində qurulub, sanki müəllim və tələbə yox, iki dost bir-biri ilə dərsi müzakirə edir.Burada dərslərdə iştirak tələbənin öz seçiminə buraxılıb, məcburi deyil. Mühazirədən sonra keçilən materiallar tələbənin elektron ünvanına göndərilir.  Əsas məsələ  tələbənin imtahandan keçməsidir.  Bütün illərin imtahanlarına hazırlaşıb bir ildə vermək və ya təhsil müddətini artırmaq tələbənin öz əlindədir. Buna baxmayaraq, istənilən vaxt tələbə müəllimlə görüşə, onu maraqlandıran sualları soruşa bilər. Bunun üçün hər müəllimin xüsusi qəbul günü var. Tələbəyə əvvəlcədən qeydiyyatdan keçmək qalır. Təbii ki, bu da dərsi qavramaqda tələbəyə  çox böyük kömək edir.

- Universitetdə imtahan sessiyaları necə təşkil olunur?

- Təbii ki, hər şey tələbənin imtahana hazırlıq dərəcəsindən asılıdır. İmtahanlara hazırlıq dərəcəsi yetərli olan tələbələr müvəffəqiyyət qazanır. Lakin universitet rəhbərliyi müxtəlif  bilik səviyyəsində olan tələbələri hər zaman nəzərə alır. Bunun üçün də tədris ilinin hər ayında bütün fənlər  üzrə təkrar imtahanlar keçirilir.  Bu isə  o deməkdir ki, bir imtahanda müvəffəqiyyət qazana bilməyən tələbə özünü digər ayda təşkil olunan imtahanda iştirak edərək doğrulda bilər. Əgər tələbə yazılı imtahandan zəif nəticə göstəribsə və qiymətinin artırılmasını istəyirsə, o zaman müəllimlərlə əlaqə saxlayıb şifahi imtahandan keçmək istədiyini bildirməlidir. Əlavə keçirilən şifahi imtahanlar tələbənin istəyinə uyğun təşkil olunur və məcburi deyil. Sadəcə qiymətin qaldırılması üçün tələbəyə verilən bir şansdır.

- Ümumiyyətlə, İtaliya təhsil sisteminin hansı üstünlüklərini  qeyd edə bilərsiniz?

- Azərbaycanda olduğu kimi,  orta təhsil  İtaliyada da icbaridir. Ali təhsil müəssisələri özəl və dövlət universitetlərinə bölünüb. Çoxluğu dövlət universitetləri təşkil edir. İtaliya ali məktəbləri dünyanın ən qədim ali məktəblərindən hesab olunur. Bu da İtaliya təhsil sisteminin dərin kökləri olduğunun göstəricisidir. İtaliyada bakalavr təhsili 3 illikdir, bəzi ixtisaslardan asılı olaraq 4 il də ola bilər. 5 illik ixtisaslar da var, bu artıq eyni ixtisasa əlavə qəbul olmadan magistr dərəcəsi ilə bitirmək deməkdir. Ayrılıqda magistr dərəcəsi üçün müddət bizdə olduğu kimi 2 ildir. Bundan başqa, onu da qeyd edim ki, İtaliya da dünyanın bir çox ölkələrində olduğu kimi, Boloniya təhsil sistemindən istifadə edir və düşünürəm ki, günümüzdə bu sistem çox əlverişlidir.

- Gənclərimizin xaricdə təhsil almaq səylərini necə qiymətləndirirsiniz? Xaricdə təhsil sizin dünyagörüşünüzə necə təsir etdi?

- Gənclərimizin bu səylərini yüksək qiymətləndirirəm, xaricdə təhsil almaq insanın   özünə inamını  və dünyagörüşünü gücləndirir.  Hər zaman yaşadığın, öyrəşdiyin bir mühitdən kənarda fərqli millətin nümayəndələri ilə bir arada yaşamaq təbii ki, ilk vaxtlar asan deyil, amma bu sonradan çox maraqlı və hətta əyləncəli ola bilir. Artıq hadisələrə, şəraitlərə daha fərqli bucaqdan baxa, müşahidə edə və qərar verə bilirsən. Müxtəlif millətlərin nümayəndələri ilə ünsiyyət qurub, onların düşüncə tərzləri ilə tanış olursan. Daha vacibi isə tamamilə müstəqil və yalnız özündən asılı olan bir həyat yaşayırsan. Müstəqil deyərkən, demək istədiyim gündəlik məişət qayğılarından tutmuş, maliyyə məsələlərinə kimi bütün proseslərin cavabdehi yalnız tələbə özüdür. Bu isə gələcəkdə müstəqil bir fərd kimi yetişməyimizdə məncə, əvəzedilməz bir rol oynayır.

- Yaşadığınız şəhər və oranın insanları barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, Piza İtaliyanın ən qədim və tarixi şəhərlərindən biridir. Belə ki, dünyaca məşhur Piza qülləsi (Əyri Qüllə)  burada yerləşir. Bu səbəbdən şəhər turistlərin maraq obyektindədir. Həmçinin bu şəhər  İtaliyanın məşhur Toskana vilayətinin ən böyük şəhəri sayılır.  Bu region insanları və mətbəxi ilə bütün İtaliyada məşhurdur. İtaliyada hazırlanan ən dadlı şərab və bişirilən ən dadlı çörək məhz Toskana məhsuludur.  İnsanları isə ölkənin şimalında yaşayan insanlardan istiqanlılığı  və danışıq tərzləri ilə seçilir. Belə ki, cənubda yaşayan insanlar xüsusi ləhcə ilə danışır və bu onların fəxr etdikləri özünəməxsusluğudur. Ümumiyyətlə,  Piza sakit və çox təmiz şəhərdir. Yuxarıda da qeyd etdiyim kimi, insanları mehribanlıq və səmimilikdə Bakını xatırladır.

- Azərbaycan diasporası ilə əlaqələriniz...

- Azərbaycan diasporasının buradakı işini yüksək qiymətləndirirəm və buradakı azərbaycanlı gənclər ilə mütəmadi görüşlər keçirilir. Azərbaycanın İtaliyadakı səfirliyi və bu ölkənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlılarla daima sıx əlaqədəyik. Azərbaycanın xüsusi günlərində isə kütləvi olaraq təşkil olunan tədbirlərdə iştirak edir, həmrəylik göstəririk. Bundan başqa, Pizada  təhsil alan azərbaycanlı tələbələr olaraq fəaliyyətimizi burada da davam etdiririk.  Təhsil aldığım son bir il ərzində 2 böyük tədbirimiz olub. Bu tədbirlərdən biri Xocalı soyqırımının ildönümü ərəfəsində məlumatlandırıcı xarakter daşıyan aksiyadır. Bu tədbirimizdə 120 nəfər iştirak edib.   İştirakçılara ölkəmiz haqqında italyan dilinə tərcümə olunmuş kitablar və jurnallar, eyni zamanda "Xocalıya ədalət!"  beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası ilə bağlı broşürlar paylanıb.

İkinci tədbirimiz isə daha fərqli üslubda keçirilib.  Novruz bayramı ərəfəsində Azərbaycan gecəsi təşkil etdik və eyni zamanda bayram əhvali-ruhiyyəsi yaratmağa nail olduq.

- Seçdiyiniz ixtisasın qlobal önəmini nədə görürsünüz?

- Azərbaycan iqtisadiyyatının inkişafı danılmazdır və bunun nəticəsi göz qabağındadır. Biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi bunun bir sübutudur. Hazırda ən böyük hədəf isə dünya iqtisadiyyatına inteqrasiya etməkdir ki, düşünürəm bu proses çox uğurla davam edir. Bütün bu proseslərin həyata keçməsində xaricdə təhsil almış bizim kimi gənclərin rolu böyük olacaq. Sürətlə davam edən bu inkişafda mənim də  töhfəmin olması bir gənc kimi məni çox qürurlandırar.

- Gələcək üçün hansı planlarınız var?

- Təhsilimi bitirdikdən sonra, təbii ki, Vətənə geri dönərək karyera planlarımı  həyata keçirəcəyəm. Bu haqda bəzi düşüncələrim var və bir neçə şirkətlərdən iş təklifi belə almışam. Hazırda onları dəyərləndirməklə məşğulam. Düşünürəm ki,  seçim etmək üçün hələ zamanım var. Amma onu dəqiq bilirəm ki, çalışacağım yerdən və sahədən asılı olmayaraq mənim üçün ön planda daima dövlətimin maraqlarıdır.   

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov