Məhəmməd
Uğur "Broadcom Masters" elm və mühəndislik
müsabiqəsinin qaliblərindən biridir
Amerikada yaşayan 15 yaşlı azərbaycanlı məktəbli
Məhəmməd Uğur ölkə üzrə keçirilən milli "Broadcom
Masters" elm və mühəndislik müsabiqəsinin qaliblərindən
biridir. Bu yaxınlarda müsabiqənin qalibi olmuş 30
məktəblinin adları açıqlanıb. Yarışmanın final mərhələsi
oktyabrın 24-29-da Vaşinqtonda keçiriləcək. Qalibi 75
min ABŞ dolları həcmində mükafat gözləyir. Məktəblilər
Ağ evdə ABŞ prezidenti Barak Obama ilə görüşəcək və öz
işləri barədə təqdimat edəcəklər. Məhəmməd Uğur Florida
ştatının Melburn şəhərində IX sinifdə oxuyur. Onun
atası Uğur Abdulla Florida Texnologiya Universitetində
riyaziyyat kafedrasının müdiri, professordur. O, Bakı
Dövlət Universitetinin məzunudur. Məhəmmədin biotibb
mühəndisliyi, deterministik və statistik analiz
nominasiyası üzrə müsabiqəyə təqdim olunmuş tədqiqat
işi riyaziyyatın tibdə tətbiqi ilə bağlıdır. O, riyazi
metodlardan istifadə etməklə ürək-damar xəstəliklərinin
dəqiq diaqnozunu hazırlayıb. Məhəmməd təhsillə yanaşı
idmanda da böyük uğurlar qazanıb. O, Amerika futbolu ilə
də maraqlanır. "Broadcom Masters" Amerikada orta məktəb
şagirdləri üçün ən nüfuzlu elm müsabiqəsi hesab
olunur. Orta məktəb şagirdlərinin elm, texnologiya,
mühəndislik və riyaziyyat sahəsində təqdim etdikləri
novator tədqiqat işləri ən nüfuzlu alimlər tərəfindən
qiymətləndirilir. "Broadcom Fond"u tərəfindən
maliyyələşdirilən müsabiqə 2010-cu ildən keçirilir. Orta
məktəb şagirdlərinin elm və mühəndislik sahəsində
qabiliyyətlərinin stimullaşdırılması üçün fond 6 milyon
dollar vəsait ayırıb. Finalçılar (12 qız, 18 oğlan)
ölkənin 13 ştatından olan 29 məktəbi təmsil edirlər.
Onlar 300 yarımfinalçı arasından seçiliblər. Müsabiqədə
ümumilikdə 2054 şagird iştirak edib. |