Azərbaycanın Malayziyadakı səfirliyində Kebangsaan, Mara
Texnologiya və Beynəlxalq İslam universitetlərinin "Mən
Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinin
qalibləri olan tələbələri ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə həmin universitetlərin
müəllimləri, ictimaiyyətin və KİV-lərin nümayəndələri
iştirak ediblər.
Səfir Qaley Allahverdiyev cari ilin aprel ayında təşkil
olunmuş "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa
müsabiqəsinin 10 nəfər qalibinin ölkəmizə səfərinin
təşkil edildiyini və Azərbaycan hökumətinin müsabiqə
qaliblərinin bütün xərclərini öz üzərinə götürdüyünü
bildirib.
Cari il avqustun 24-dən sentyabrın 1-dək Azərbaycanda
səfərdə olmuş tələbələr təəssüratları, ölkəmizin qədim
mədəniyyəti, təbii gözəllikləri, insanların
qonaqpərvərliyi barədə danışaraq, səfərin təşkilinə və
onlara göstərilən diqqətə görə Azərbaycanın
Malayziyadakı səfirliyinə təşəkkürlərini bildiriblər.
Səfirlikdə tələbələrlə keçirilmiş görüşlə əlaqədar malay
dilində gündəlik nəşr olunan "Utusan Malaysia" qəzetində
məqalə dərc edilib.
Məqalədə səfir Qaley Allahverdiyevin tələbələr
qarşısında çıxışından sitat yer alıb: "Azərbaycan gənc
dövlətdir və düşünürük ki, bu tələbələr ölkəmizin
dostlarına çevriləcək və ikitərəfli əlaqələrin daha da
inkişaf etdirilməsinə töhfə verəcəklər".
Məqalədə malayziyalı tələbələrdən bəzilərinin fikirləri
də dərc olunub. Mara Texnologiya Universitetinin
tələbəsi ölkəmizin qədim tarixə malik nadir
arxitekturası ilə tanış olmaq imkanı əldə etdiyini və bu
səfərin onda zəngin təəssürat yaratdığını qeyd edib.
Digər bir tələbə isə Azərbaycanda zəngin tarixi və
incəsənət muzeylərinin olduğunu bildirib və malayziyalı
turistləri bu gözəl ölkəyə səfərə dəvət edib. |