Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə
əlaqələr sektorundan aldığımız məlumata görə, qış
mövsümünün gəlişi ilə əlaqədar paytaxtın təhsil
müəssisələrində bir sıra hazırlıq işləri görülür. Belə
ki, 2014-2015-ci tədris ilində şagirdlərin sağlamlığının
qorunması məqsədilə təhsil müəssisələrində mövcud olan
problemlər araşdırılır, onların aradan qaldırılması
yolları müəyyənləşdirilir. Nəticədə istilik xətləri
düzgün çəkilməyən, havalandırma sistemi düzgün
quraşdırılmayan, o cümlədən qaz sayğacları ilə bağlı
bəzi nöqsanların mövcud olduğu müəssisələrdə həmin
problemlərin mövsüm başlayanadək həll olunması nəzərdə
tutulub. Qış mövsümünə hazırlıq məqsədilə istilik,
enerji və qaz təchizatı, ventilyasiya sisteminin
sazlanması, isti və soyuq su ilə təmin edilmə, eyni
zamanda yanğın, qəza və zədələnmələrin qarşısının
alınması, şagirdlərin və işçilərin sağlamlığının
qorunması ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün
müəssisə rəhbərlərinə tapşırıqlar verilib.
Qeyd edək ki, cari tədris ilində paytaxtın 42 məktəbi
əsaslı təmir edilib və qazanxanaları yenilənib. 12
məktəbdə əlavə tədris korpusu tikilərək istifadəyə
verilib.
Y.ƏLİYEV,
"Azərbaycan müəllimi" |