Ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə
göstərmiş abituriyentlərlə bağlı araşdırmalarımız nələri
üzə çıxardı?
Ölkəmizdə
ilk dəfə 2007-ci ildə ali məktəblərə qəbul
imtahanlarında 3 nəfər abituriyent 700 bal topladı.
Həmin vaxtdan başlayaraq hər il bir neçə abituriyent
qəbul imtahanlarında bu möhtəşəm qələbəyə imza atmaqda
davam edir. 2008-ci ildə 6, 2009-cu ildə 2, 2010-cu ildə
7, 2011-ci ildə 4, 2012-ci ildə 5, 2013-cü ildə 6,
2014-cü ildə isə 9 abituriyent qəbul imtahanlarında 700
bal toplayıb. Hazırda onların sayı 42 nəfərdir. Həmin
abituriyentlərin statistikasına nəzər saldıqda görərik
ki, adıçəkilən 42 nəfərdən 17 nəfəri oğlan, 25 nəfəri
isə qızlardır. Qeyd edək ki, 700 bal zirvəsinə çatan
abituriyentlərin əksəriyyəti paytaxt məktəbliləridir.
Belə ki, onlardan 28 nəfəri Bakıda yerləşən müxtəlif
orta ümumtəhsil məktəblərinin məzunlarıdır. Digər 14
nəfər isə respublikamızın müxtəlif bölgələrinin
məzunlarıdır ki, onlar arasında Mingəcevir, Sumqayıt və
Naxçıvandan olan abituriyentlər üstünlük təşkil edir. Bu
uğuru əldə edənlər ən çox Türkiyə Diyanət Vəqfi Bakı
Türk Liseyinin məzunlarıdır. Belə ki, həmin liseyin 8
məzunu qəbul imtahanlarında ən yüksək nəticə qazanıb.
Bundan sonrakı yeri isə 287 nömrəli "Zəkalar" liseyi
tutur. Liseyin 3 məzunu 700 bal toplayıb.
İxtisas seçiminə gəldikdə isə 700 bal toplayan 42
nəfərdən 12-si II, 11-i IV, 10-u I, 9-u isə III qrupu
seçən abituriyentlərdir. Tələbə adını qazananlar daha
çox Qafqaz Universitetinə üstünlük verib.
Abituriyentlərdən 14 nəfəri həmin universiteti seçib.
Bundan sonra 11 nəfər Azərbaycan Tibb Universitetini, 7
nəfər Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasını, 5 nəfər Bakı Dövlət
Universitetini, 4 nəfər "ADA" Universitetini, 1 nəfər
isə Bakı Ali Neft Məktəbinin tələbəsi olmağa üstünlük
verib.
Səhifəni hazırladı: Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |