Hazırda
ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin
əksəriyyətində hələ də sovet dövründən qalma bəzi
ənənələr davam edir ki, bunlardan da biri köhnə
qaydalarda aparılan mühazirələrdir. Etiraf edək ki, bəzi
müəllimlər bu gün də ötən əsrdən qalan saralmış
vərəqlərdə yazılmış mətnlərlə auditoriyalara daxil olur
və həmin vərəqlərdən mühazirələr oxuyurlar. Belə
müəllimlər mühazirələrin tələbələr tərəfindən
yazılmasını vacib hesab edirlər və bəzi hallarda
mühazirə yazmayan tələbələri imtahanda qiymət ala
bilməyəcəkləri ilə qorxudurlar. Qeyd edək ki, ali
məktəblərimizdə bir neçə ildir ki, Boloniya prosesinin
tələblərinə uyğun olaraq kredit sistemi tətbiq olunur.
Bu sistemin tələblərində tələbələrin mühazirə yazması
vacib hesab edilmir. Əsas şərt tələbənin verilən
tapşırığı (yəni mühazirəni) mənimsəməsi və imtahanlarda
cavab verməsidir. Nəzərə alaq ki, müasir dövrümüzdə
mühazirələrin İKT vasitəsilə yayılması (tələbələrin
elektron poçtlarına ötürülməsi və s. kimi vasitələrdən
istifadə etməklə) daha məqsədəuyğun və səmərəli olar.
Düzdür, mühazirəçi hər hansı bir mövzu haqqında
mühazirə söyləməli, auditoriya ilə dialoqda olmalı,
tələbələri maraqlandıran suallara cavab verməlidir.
Lakin dünya təcrübəsindən də məlumdur ki, uzunmüddətli
imla formasında olan yorucu mühazirələr tələbələr
tərəfindən müsbət qarşılanmır. Diqqətə çatdıraq ki,
dünyanın qabaqcıl universitetlərində artıq bu
təcrübədən, demək olar ki, istifadə edilmir. Həmin
universitetlərdə ümumiyyətlə tələbələrin mühazirədə
iştirakı da vacib sayılmır. Mühazirələrdə iştirak etmək
könüllüdür. Mühazirənin audi diski və mətni müəyyən
edilmiş xüsusi portallarda yerləşdirilir və tələbələr
sərbəst şəkildə istifadə edərək mövzu haqqında məlumat
əldə edirlər.
Mövzu ilə bağlı müraciət etdiyimiz müəllim və
tələbələrin fikirlərini nəzərinizə çatdırırıq.
Nitqin monotonluğu
tələbəni çox tez yorur, bəzən tələbələrə yuxu gətirir
Əfqan
ABDULLAYEV,
ADU-nun pedaqoji fakültəsinin dekanı, professor, ABŞ
universitetlərində uzun illər çalışmış mütəxəssis
Mühazirə mətnlərinin olması çox mühümdür. Həmin
mətnlərin tələbəyə ötürülməsi-verilməsi artıq texniki
məsələdir. Amma əsas odur ki, tələbə verilən materialı
mənimsəməlidir. İstəyirsən onu yazdır, istəyirsən
təqdimat formasında de. Dünyanın ən nüfuzlu ali
məktəblərinin təcrübəsindən çıxış edərək bildirirəm ki,
mühazirələri daha effektli və dinamik etmək üçün aşağıda
qeyd olunan təkliflərin nəzərə alınması zəruridir.
* Mühazirədən əvvəl
hazırlıq mərhələsi effektli mühazirə üçün çox mühümdür.
Bu mərhələ müəllimə imkan verir ki, əlavə təlim
videolarının seçilməsini, internet saytlarını və
akademik məqalələri müəyyən etsin. Yəni, ingilislərin
təbirincə desək, "yaxşı başlanğıc yaxşı sonluq
deməkdir".
* Elə ilk dərsdən
tələbələrin diqqətini cəlb etmək lazımdır. Bu
"cəlbetməni" müəllim ozü "kəşf" etməlidir. Burada vahid
bir yanaşma yoxdur.
* Mühazırə deyənin
səsi auditoriya ilə əlaqənin yaradılmasında böyük
əhəmiyyət kəsb edir. Nitqin monotonluğu tələbəni çox tez
yorur, bəzən tələbələrə yuxu gətirir. Bunun üçün də
böyük auditoriyalardakı mühazirələrdə xüsusilə, hər
tərəfində oturan tələbələrlə göz ünsiyyətində olmaq çox
vacibdir. Hərdən bir mühazirəyə canlılıq vermək üçün
bəzən yumordan da istifadə etmək lazımdır.
*
Tələbəyönümlü metod daha effektli olur. Yəni, mühazirədə
iştirak edənlərin hamısının müzakirələrə cəlb olunması
(qrup halında, komanda halında və s.) yaxşı nəticə
verir, heç kim kənarda qalmır. Burada "düşün, düşüncəni
yoldaşınla, sonra qrupla bölüşdür" prinsipi də işləyə
bilər.
*
Ən effektli metodlardan biri də mühazirə zamanı
interaktivlik məqsədilə sual-cavab modelidir. Bu forma
tələbələri bütün mühazirə boyu diqqətli olmağa sövq
edir.
*
Mühazirə zamanı təlim texnologiyalarından istifadə, bəzi
mövzuları slaydlar, kompüterlə təqdimatlar formasında
vermək mühazirələrin səmərəliliyini, daha canlı
olmasını və mənimsəmənin yüksək olmasını şərtləndirir.
Amma unutmaq lazım deyil ki, bunlar ancaq bizim üçün bir
vasitədir. Müəllim amili yenə də həlledicidir.
*
Tələbəylə əks əlaqəni də unutmaq olmaz. Yaxşı olar ki
müəllim bunu hər mövzu qurtaranda eləsin. Bəzən səhv
olaraq düşünürlər ki, bu işi yazılı surətdə eləmək
lazımdır. Amma sadəcə olaraq "Bugünkü video haqqında nə
dəyə bilərsiniz" və yaxud "Təqdim olunan material sizin
üçün nə dərəcədə maraqlı idi" kimi suallarla zala
müraciət eləmək olar.
Müəllim oxucu, tələbə yazar prinsipindən uzaqlaşmaq
lazımdır
Dr.
Serkan
DURSUN,
Qafqaz Universitetinin müəllimi
Kredit sisteminin şərtlərinə əsasən mühazirələrin
qurulması ilə bağlı qəti qaydalar qoyulmayıb, ümumi
əsaslar təyin olunub. Çünki hər dərsin xüsusiyyəti
fərqlidir. Eyni zamanda dərsi verən müəllimlərin də
xüsusiyyətləri və yanaşmaları fərqlidir. Əsas qayda
mövzunu tələbəyə çatdırmaq və onlara həmin mövzuları
mənimsətməkdir. Bunun üçün bir çox müasir və səmərəli
üsullardan istifadə etmək olar. Texnologiyaların sürətlə
inkişaf etdiyi dövrdə imla metodundan istifadə
qeyri-qənaətbəxş hesab edilir. Belə ki, həmin üsul
tələbələrdə dərsə meyilliliyi azaldır, ən maraqlı
mövzunu belə əhəmiyyətsiz hala gətirir. Düşünürəm ki,
ənənəvi olan müəllim oxucu, tələbə yazar prinsipindən
uzaqlaşmaq lazımdır. Mühazirə zamanı tələbələrin aktiv
olması üçün müxtəlif üsullara üstünlük vermək daha
səmərəli olar. Bunun üçün də müəllim dərs məzmununu
müasir şəklə gətirməli, yeni dərs qeydləri yazmalı,
köməkçi qaynaqlara baxmalıdır. Bundan başqa, həmin
məzmunu tələbəyə təsirli bir şəkildə ötürülməsi və buna
tələbənin necə cavab verəcəyi, incə bir şəkildə
hesablanmalı və ölçülməlidir. Dərsdə proyektor və normal
yazı taxtasından istifadə məqsədəuyğundur. Bundan başqa,
mühazirə qarşılıqlı sual-cavab şəklindəmi daha məhsuldar
olar, yoxsa müəyyən bir ölçüdə izah, daha sonramı
sual-cavaba keçilməlidir. Bütün bunları təyin etmək üçün
dərsin xüsusiyyəti və məzmunu əsas rol oynayır. Bunun
üçün də müəllimin yanaşma tərzi burada əsas amildir.
Boloniya prosesində əsas götürülən tələbədir. Tələbə
aktiv bir şəkildə öyrənmə prosesinə daxil edilməlidir.
Tələbəyə öyrənməyi sevdirmək, onu öyrənməyə yönəltmək
lazımdır. Qeyd edək ki, müəllimlərin bilik və
bacarıqlarının hansı səviyyədə olması da dərsin nəticəsi
və uyğun, keyfiyyətli idarəetmə sistemi ilə ölçülə
bilər.
Elə dərslər var ki, eyni semestrdə iki fərqli professor
tərəfindən aparılır
Elxan
CABBAROV,
Koreya Elm və Texnologiya İnstitutunun tələbəsi
Təhsil aldığım universitetdə mühazirələr interaktiv
şəkildə həyata keçirilir. Müəllimlər dərsdən öncə
hazırladıqları prezentasiyanı universitetin portalında
yerləşdirirlər. İxtisasım kompüter mühəndisliyi olduğu
üçün müəllimlər nümunələri canlı kodlaşdırmaqla başa
salır. Koreya Elm və Texnologiya İnstitutunda hər bir
dərsdən öncə tədris proqramı ilə onlayn tanış oluruq.
Orada bütün məlumatlar professorun istəyinə görə qeyd
edilir. Bəzi dərslərdə professorlar davamiyyət
yoxlayır. Həmin dərslərə mütəmadi olaraq qatılmaq
lazımdır. Bəzi dərslərdə isə davamiyyət yoxlanılmır.
Davamiyyət yoxlanılmayan dərslərə aid olan bütün lazımi
informasiyanı dərsin saytında yerləşən tədris
proqramından əldə etmək olur. Bundan başqa elə dərslər
var ki, eyni semestrdə iki fərqli professor tərəfindən
aparılır. Həmin dərslərdə mühazirələrə qatılmaq
fərqlidir. Belə ki, bu dərslərin biri məcburidir, digəri
isə könüllü. Bəzi dərslərdə isə hər hansı bir mövzunu
professorun əvəzinə tələbələr keçir. Əlbəttə ki,
professorun iştirakı və müəyyən müdaxilələri ilə. Bu
hala daha çox yuxarı kurslarda rast gəlinir.
Burada tələbə-müəllim ünsiyyəti ən vacib amillərdəndir
Orxan
MEHDİYEV,
Britaniyanın Esseks Universitetinin magistrantı
Mən İngiltərənin Esseks Universitetində magistr
təhsilimi keçən ay başa vurdum. Qeyd edim ki, bakalavr
pilləsini Azərbaycan Dövlət İqtisad Universitetində
almışam. Burada mühazirələr bizim universitetlərdəki
kimi keçirilmir. Tamamilə fərqlidir. Mühazirələrdə ən
son texnologiyalar, dərs vəsaitləri tətbiq edilir. Bir
qayda olaraq, müəllim prezentasiya edir. Esseks
Universitetində mühazirələr interaktiv şəkildə aparılır.
Müəllimlər öz-özünə mühazirə deyib getmirlər. Burada
tələbə-müəllim ünsiyyəti ən vacib amillərdəndir.
Sual-cavab xarakterli müzakirələrə üstünlük verilir.
Dərsin sonunda ya cari mövzu üzrə qrup işi olur, ya da
növbəti mühazirə üçün dərsə aid qrup işi tapşırılır. Bu
qrup işləri qiymətə təsir etmir. Amma müəllimin aktiv
tələbələrlə tanışlığına səbəb olur. Eyni mühazirə
prezentasiyaları ən son yeniliklər daxil olmaqla illərlə
istifadə oluna bilər. Bundan başqa, Krallıqdakı
universitetlərdə avtomatlaşdırılmış, ünsiyyət az olan
bir sistem qurulub. Bu sistem vasitəsi ilə dərs
materialları universitetin onlayn portalında
yerləşdirilir və mütəmadi olaraq yenilənir. Universitet
tələbələrinə verilən imkanlarla onlara asanlıqla çatmaq
olur. Müxtəlif vaxtlarda dərsdənkənar tələbə-müəllim
görüşləri üçün əvvəlcədən müəyyənləşdirilmiş saatlar
mövcuddur. Bu görüşlər xüsusi əhəmiyyətə malikdir.
Həmin görüşlər zamanı tələbələr çox sayda əlavə
məlumatlar əldə edirlər.
Mühazirədə iştirak könüllüdür
Mahirə
SƏFƏRƏLİZADƏ,
Kanadanın Toronto Universitetinin tələbəsi
Universitetimizdə xüsusi portal var. Hər tələbənin öz iş
nömrəsi və koduyla bu portala çıxışı var. Portalın idarə
olunmasına gəldikdə isə hər fənnin xüsusi koordinatoru
var və həmin koordinator vasitəsilə portal idarə olunur.
Toronto Universitetində bütün yeniliklər, mühazirənin
mətni, slaydlar və audio yazısı öncədən portala
yerləşdirilir. Mühazirədə iştirak könüllüdür. Tələbənin
mühazirədə iştirakı məcburi deyil. Əgər vaxtımız və
istəyimiz olarsa mühazirədə iştirak edirik. Əsas verilən
tapşırığı yüksək səviyyədə öyrənməkdir. |