Gəncə
Dövlət Universitetində Dövlət Müstəqilliyinin 23-cü
ildönümünə həsr olunmuş konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin tədris
işləri üzrə prorektoru Fəxrəddin Məmmədov 1918-ci ildə
əldə edilmiş dövlət müstəqilliyinə Qızıl Ordunun
hücumları nəticəsində son qoyulduğunu və XX əsrin
sonlarında Azərbaycan dövlətinin ikinci dəfə müstəqillik
qazandığını vurğulayıb. Sonra 1991-ci ilin 18
oktyabrında respublika Ali Sovetində müstəqillik aktının
qəbul olunduğunu bildirib. Qeyd olunub ki, hakimiyyət
uğrunda mübarizə aparan daxili və xarici qüvvələrin
müdaxiləsi nəticəsində Azərbaycan dövlət müstəqilliyini
itirmək təhlükəsi qarşısında qalmışdı. Xalqın təkidli
tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə
qayıtması ölkəni bu təhlükədən xilas etdi.
Konfransda Azərbaycan tarixi kafedrasının dosenti Cavid
Bağırzadə "Müstəqil dövlətçiliyimizin qurulmasında
ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri",
ümumi tarix kafedrasının dosent əvəzi Etibar Musayev "18
oktyabrın Azərbaycan tarixində yeri", Azərbaycan tarixi
kafedrasının baş müəllimi Eldar Mehdiyev "Davamlı siyasi
və iqtisadi inkişafımız müstəqilliyimizin qarantıdır"
mövzularında çıxış ediblər.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |